Abad, təmiz Bərdə
Region

Abad, təmiz Bərdə

Ölkəmizin hər yerində olduğu kimi, Qarabağın dilbər guşəsi  olan qədim Bərdə şəhəri də günbəgün gözəlləşir, inkişaf edir və müasirləşir. Məlumdur ki, şəhərin gözəl görünməsi aparılan təmizlik, abadlıq işlərindən daha çox asılıdır. Bərdənin parkları, küçə və xiyabanlarında ideal təmizlik hökm sürür. Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımovla söhbətimiz elə bu mövzu ətrafında oldu. Natiq Qasımov 10 ilə yaxındır ki, bu məsuliyyətli və çətin vəzifədə çalışır. Söhbət zamanı idarə rəisi bildirdi ki, rəhbərlik etdiyi kombinat əsasən Bərdə şəhərinin təmizliyini həyata keçirir, yol kənarlarındakı, eləcə də, park və digər yerlərdəki yaşıllıqlara, ağac və gül kollarına qulluq edir. Hazırda kombinatda 53 nəfər işçi çalışır. Eyni zamanda “DOST” MMC-nin xətti ilə 353 nəfər yuxarıda qeyd olunan işlərin icrasına cəlb ediliblər. 30 vakant yer haqqında mərkəzləşdirilmiş portalda elan verilmişdir.

Müəssisə Bərdə-Yevlax və Bərdə-Tərtər avtomobil yollarının kənarlarında əkilmiş, təxminən 1 milyondan artıq, 47 adda dekorativ ağaclar, gül-çiçək və həmişəyaşıl adlanan ağaclara yüksək aqrotexniki qulluq göstərir. Bərdə-Yevlax avtomagistralının Bərdə rayonuna aid olan sağ və sol tərəflərində ağac və gül kollarının mütərəqqi üsullarla suvarılması üçün 18 kilometr uzunluğunda polietilen borular çəkilmişdir. Suvarmada istifadə olunan suyun bir hissəsi Qarabağ kanalından nasos vasitəsilə götürülür, eyni zamanda subartezian quyularından da istifadə olunur. Bundan başqa, Bərdə-Tərtər avtomagistralının hər iki kənarındakı bitkilərin suvarılmasını təmin etmək üçün 3 kilometr uzunluğunda polietilen boruları çəkilmişdir. Bərdə şəhərində Bakı və Koroğlu küçələrində mövcud olan yaşıllıq, ağac və kolların suvarılmasını təmin etmək üçün 5 kilometr uzunluqda polietilen borulardan istifadə olunur.

Bütün bunlarla yanaşı, kombinat Bərdə şəhərindəki füsunkar gözəlliyi və ecazkar mənzərəsi olan, ulu öndərin adını daşıyan parka da xidmət edir. Parkın 45 hektar ərazisi var. Ərazi bütövlükdə müasir suvarma sistemi ilə tam təmin olunmuşdur ki, bu da su itkisinin qarşısının alınması ilə yanaşı suvarılmanın keyfiyyətli aparılmasını da təmin edir. Parkda 40 ölkədən gətirilmiş müxtəlif ağac və gül kolları mövcuddur. Ağaclar yerli iqlimə uyğunlaşdırılmışdır. Parkda uşaqların əylənməsi üçün attraksionlar quraşdırılmış, mini futbol meydançası, iaşə obyektləri, kütləvi tədbirlərin və digər tədbirlərin keçirilməsi üçün açıq konsert zalı fəaliyyət göstərir. Parkın kənarlarında süni bulvar kompleksi yaradılmışdır. Burada böyük fəvvarələr kompleksi fəaliyyət göstərir.  Heydər Əliyev adına park rayon sakinlərinin, eləcə də qonaqların sevimli məkanına çevrilmişdir. Park əsl cənnəti xatırladır. Əraziyə “DOST” MMC xətti ilə çalışan işçilər xidmət göstərirlər. Parkın təmizliyinə xüsusi diqqət yetirilir.

Bununla yanaşı, kombinat Bərdə şəhərində yerləşən Qəhrəmanlar parkına da yüksək səviyyədə xidmət edir. Parkın ərazisi 6 hektardır. Ərazidə 2 mindən artıq müxtəlif dekorativ ağac, gül-çiçək və yerli cinsdən olan bitkilər mövcuddur. Bu park Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə salınmışdır. Parkdakı möhtəşəm ana heykəli əraziyə xüsusi bir gözəllik verir. Parkda bəzəkli gecə lampaları quraşdırılmışdır. Lampalar gecələr ərazini daha cazibədar edir. Bundan başqa kombinat şəhərin Yevlax rayonu istiqamətindən girişindəki Bayraq meydanına, Torpaqqala ərazisinə və Nüşabə parkına xidmət edir. Eyni zamanda şəhərdə fəaliyyət göstərən ticarət obyektləri ilə bağlanmış müqavilə əsasında onlara xidmət göstərir. Kommunal müəssisələri öz üzərinə düşən vəzifəni məsuliyyətlə icra edir. Bərdə Kommunal Müəssisələr Kombinatı şəhərdaxili 65 küçədə təmizlik işlərini həyata keçirir. Hər gün səhər saat 6-dan başlayaraq məişət tullantılarının yığılması və poliqona daşınması təmin olunur.  Müəssisə rəhbəri söhbətin sonunda bir məqama toxunaraq bildirdi ki, bəzən işimizi yerinə yetirmək üçün problemlərlə üzləşirik. Belə ki, şəhərdə məişət tullantılarının yığılması üçün qutuların olmaması və daşınması üçün xüsusi texnika çatışmazlığı çətinliklər yaradır. Ümid etmək olar ki, tezliklə qeyd olunan problemlər aradan qaldırılacaqdır.

Maraqlıdır ki, Bərdə şəhərindəki küçə və məhəllələrdə ümumiyyətlə zibil qutuları yoxdur, ancaq heç yerdə zibil də yoxdur. Buradan belə anlaşılır ki, Bərdə şəhərinin təmizliyinə cavabdeh şəxslər işini düzgün qurmaqla şəhərin təmizliyini təmin edir.

Vəli VƏLİYEV,

“Respublika”.