8 mart: “Çörək və gül!”
Sosial həyat

8 mart: “Çörək və gül!”

Tarix boyu qadınlar daima öz haqları uğrunda mübarizə aparıblar. 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaş, uzun iş saatları, həmçinin çətin iş şəraitinə etiraz olaraq tətil etmiş, lakin çox keçmədən polis tərəfindən aksiyanın qarşısı alınmışdı. Bundan düz yarım əsr sonra, 1908-ci ildə yenə eyni şəhərdə Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, minimum iş saatı, kişilərlə bərabər əməkhaqqı və səsvermə hüququnu əldə etmək üçün nümayiş keçirib. Bu aksiyada ilk dəfə məzuniyyət icazəsi istəyən qadınların şüarı “Çörək və gül” olub. Buradakı çörək və gül simvolik xarakter daşıyır, çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edib. Günümüzdə də simvolik olaraq xanımlara çiçək alınır. Bu, ən başlıca nəzakət əlamətidir. El arasında da belə bir deyim var: “Qadınlara güldən ağır söz deyilməməlidir”. Zərifliyi, gözəlliyi ilə gül qadın rəmzidir.

Hadisənin qeydə alındığı və xüsusi gün kimi tarixə düşən 1910-cu ildə Klara Setkin adlı alman sosialist qadın Amerikada 8 mart günü yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə həmin tarixin hər il Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi və həmin təklif qəbul olundu. İndi bütün dünya həmin günü təkcə qadınlar günü kimi yox, həmçinin milli azadlıq, səsvermə hüququnun bərpa olunduğu gün kimi qeyd edir. Qadınlar bir gün yox, hər gün sevilməli, onlara sərbəst seçim və söz haqqı verilməli, fikirlərinə hörmət edilməli, dəstəklənməlidir. Bu, hər bir xanımın haqqıdır. El arasında deyilir: “kişi savadlıdırsa, sadəcə özü, əgər qadın təhsillidirsə,  bütün ailə bunun bəhrəsini görər”. Hər bir fərd öz növbəsində təhsil, tərbiyə almalıdır, lakin uşaq ana ilə daha çox münasibətdə olduğu üçün qadının təhsili və dünyagörüşü daha önəmlidir.

Prezident İlham Əliyev daima Azərbaycan qadınını yüksək qiymətləndirmiş və onların hər zaman, necə deyərlər: “başımızın üstündə yerləri olduğunu”, - vurğulamışdır: “Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.

Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər”.

Ölkəmizdə qadına hörmət və diqqət daima ön plandadır. “Qadın iddialı olmalıdır, amma ilk növbədə mühiti dəyərləndirmək lazımdır”. Bu sözləri Bakı Dövlət Universitetinin multimedia və elektron kommunikasiya Kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının prorektoru,  jurnalist Almaz Mahmud deyir. O bildirib ki, risklər etmək, alınmayanda geri çəkilmək insan təbiətinə xasdır, qadın-kişi fərq etmir. Siz qadınsınız deyə daima yaşıl işıq yanmayacaq, qarşınıza maneələr çıxması normaldır, sadəcə “mən qadınam, bacarmaram” sözünü ağlınızdan çıxarıb, ayağa qalxıb savaşmalısınız. Əgər bir qapını döyürsünüzsə və o, sizin üzünüzə açılmırsa,  məyus olmağa ehtiyac yoxdur,  digər alternativləri sınayın, vaz keçməyin. Azərbaycanda qadınların təhsil alması, irəli getməsi üçün sözsüz ki,  ailə dəstəyinin çox böyük təsiri var. İnsanlar bəzən düşünür ki, azad qadın sadəcə, tək-tənha yaşayan xanımlardır. Xeyr, bu mənə görə yanlışdır. Mən bunu qəbul etmirəm, mənim üçün azad qadın obrazı daha çox ailəli olan qadınlardır. Onlar həm ailəsini idarə edir, həm də digər işlərini yola qoyurlar. Əlbəttə, insanın ailəsi olmaya da bilər, bu da məcburiyyət deyil. Hətta, bəzən deyirlər ki, Azərbaycan qadınının həssas missiyası uşaq dünyaya gətirib, böyütməkdir. Mən bununla da razı deyiləm. Çünki uşağı olmayan qadınlara qarşı bunu hörmətsizlik hesab edirəm. Hər şey sizin özünüzdən asılıdır. İstəsəniz 18 yaşınızda universitetə gedərsiniz, istəsəniz 50 yaşınızda. 20 yaşınızda da uşaq sahibi ola bilərsiniz, 40 yaşınızda da. Qadınlar bir qəlibə, standartlara sığmayacaq qədər güclü, gözəl və bacarıqlıdırlar. Onlar xoşbəxt olduğu zaman təkcə özlərini yox, həm də ətrafını və dünyanı gözəlləşdirirlər.

Töhfə SƏMƏDOVA,

“Respublika”.