53-cü Davos Forumunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyini ortaya qoydu
Siyasət

53-cü Davos Forumunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyini ortaya qoydu

Dövrün ən aktual məsələlərinə həsr olunan, dünya qarşısında duran iqtisadi mövzuların birgə müzakirə edildiyi Davos İqtisadi Forumunda bu il 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderləri, 52 dövlət və hökumət başçıları iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkət rəhbərlərinin, biznes sahəsinin aparıcı nümayəndələrinin qatıldığı Forum "Parçalanmış dünyada əməkdaşlıq" mövzusuna həsr olunmuşdur. Əvvəlki forumlarla müqayisədə 53-cü forumda iştirakçıların sayının nəzərəçarpacaq dərəcədə artması qlobal problemlərin müzakirəsində maraqlı tərəflərin daha çox olduğunu göstərdi. Dünya iqtisadiyyatında önəmli qərarların verildiyi Davos Forumu bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Geosiyasi və geoiqtisadi reallıqların fonunda dialoqun və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini daha da artıran Forum çərçivəsində dövlət və hökumət başçılarının görüşləri keçirilmiş və qloballaşan dünyada mövcud iqtisadi problemlərin həlli yolları müzakirə edilmişdir. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji təhlükəsizliyi və ərzaq böhranı ilə bağlı problemlərin həlli prioritet müzakirə mövzularından olmuşdur. Həmçinin, yüksək inflyasiya, aşağı artım, iqtisadi geriləmə kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişafı yolları da araşdırılmışdır. Forumun gündəliyində qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılması mövzusunda fikir mübadiləsi aparılmış, həmçinin iqtisadiyyat, Rusiya-Ukrayna müharibəsi, Covid-19 pandemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, səhiyyə, miqrasiya və beynəlxalq böhran məsələləri müzakirə olunmuşdur.

"Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda keçirilən builki Forumda qütbləşmə prosesinin sürətləndiyi hazırkı dövrdə dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi mühüm vəzifə olaraq qarşıya qoyulmuşdur. Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən bu barədə demişdir: "Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub".

COVID-19 pandemiyasının yayıldığı vaxtdan etibarən dünya düzəninin pozulması nəticəsində bütün ölkələr, o cümlədən inkişaf etmiş ölkələr belə dərin iqtisadi böhranla üzləşdi. Pandemiya bitər-bitməz isə Rusiya-Ukrayna müharibəsinin başlaması iqtisadiyyatın aparıcı istiqamətlərindən olan ərzaq və enerji təhlükəsizliyi sahəsində böyük problemlərin yaranmasına səbəb oldu.

Belə ki, iqtisadi sanksiyaların tətbiqi inflyasiyanın sürətlənməsinə, ölkələrin iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə zəifləməyə gətirib çıxardı. Dünyada hökm sürən böhranlı vəziyyət ölkələr arasında əməkdaşlıq əlaqələrinin şaxələndirilməsini zərurətə çevirdi. Bu baxımdan, "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda keçirilən 53-cü Dünya İqtisadi Forumu əməkdaşlıqda etibarlılığı ilə seçilən ölkələrin rolunun, önəminin daha qabarıq şəkildə üzə çıxarılması, güc mərkəzlərinin bir-biri ilə dialoqu üçün əlverişli platformadır.

Dünyanın ən böyük iqtisadi forumu çərçivəsində 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşən Azərbaycan Prezidenti ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, ölkələr arasında etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması, irihəcmli enerji layihələrinin reallaşdırılması, nəqliyyat infrastrukturunun inkişafı, neft-qaz kəmərləri layihələrinin uğurlu icrası, Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olması barədə ətraflı məlumat vermişdir.

Prezident İlham Əliyev Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderland dövlət və hökumət başçıları ilə görüşü zamanı tərəf müqabillərinə Cənubi Qafqaz regionunda hazırkı vəziyyət, yaranmış reallıqlardan da bəhs etmişdir. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, bu məsələdə ölkəmizin səylərinin əksinə olaraq qarşı tərəfin destruktiv mövqeyi, o cümlədən sülh müqaviləsini imzalamaması, bu istiqamətdə danışıqlardan yayınmasını bildirmişdir. Ölkə başçımız həmçinin, İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində kriminal qruplaşmaların fəaliyyətdə olduğunu, ermənilərin Laçın yolundan minalar daşımaq üçün istifadə etdiklərini, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təbii sərvətlərin Ermənistan tərəfindən qanunsuz yolla istismar edildiyini, azərbaycanlı ekofəalların buna etiraz edərək dinc aksiya keçirdiklərini bir daha diqqətə çatdırmışdır.

"Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında Prezident İlham Əliyev Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın qərbdə Gürcüstan və Türkiyə, şərqdə isə Mərkəzi Asiya ölkələri ilə səmimi dostluq münasibətində olduğunu və bu əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirildiyini, Azərbaycanın Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində vacib işlər həyata keçirdiyini bildirmişdir.

Siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biri olan Davos Forumu dünyada gedən iqtisadi proseslərin müzakirə olunmasına əlverişli imkanlar yaradır. Dünya siyasətinə, beynəlxalq iqtisadi münasibətlərə çox ciddi təsirə malik olan Forum ölkəmizlə əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün yeni fürsətlər yaradır ki, bu da Azərbaycana olan marağı daha da artırır. Azərbaycan bu forumda yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyini ortaya qoydu. Bu, ölkə başçımızın Azərbaycanın milli maraqlarını rəhbər tutaraq forum çərçivəsində bir sıra panel iclaslarda, görüşlərdə, müxtəlif mövzulu müzakirələrdə iştirakı zamanı bir daha öz təsdiqini tapdı.

Mehparə ƏLİYEVA,

"Respublika".