44 yaş, 44 günlük müharibə
Region

44 yaş, 44 günlük müharibə

İlqar hərbçi idi. 44 illik ömrünün yarıdan çoxunu orduda keçirmişdi. Qüsursuz, nümunəvi xidmət etmişdi. Əsgərliyə texniki peşə məktəbini bitirəndən sonra  getmişdi. Həqiqi hərbi xidmətini 1994-1998-ci illərdə (3 il 6 ay) döyüş bölgəsində - Tərtərdə düşmənlə üzbəüz səngərdə keçmişdi. Hərbi xidmətini başa vurub evə qayıdanda peşə məktəbində yiyələndiyi traktorçu peşəsi ilə məşğul olmadı. Orduya qayıtmaq, Vətənə xidməti davam etdirməyə qərar verdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində piyadanın döyüş maşını komandiri üzrə gizir hazırlığı kursuna yazıldı. 2000-ci ildə “Gizir” rütbəsi ilə Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmətə başladı. Mingəçevir, Şəmkir, Ağstafa, Yevlax, Tərtər rayonlarında təlimlərdə iştirak etdi.

Baş qərargah rəisinin 3 iyun 2015-ci il tarixli əmri ilə ona “Baş gizir” hərbi rütbəsi verildi.

Söhbətimiz Xudat şəhərində boya-başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş  şəhid Hüseynli İlqar Şəmiyyət oğlu haqqındadır. Hərbi hissə ilə bağlanmış müqaviləyə əsasən onun xidmət müddəti bitmişdi. Tərxis olunub ordudan qayıda bilərdi. Lakin peşəkar hərbçi torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç cür barışmırdı. Vətən üçün döyünən ürəyi onu bir an rahat  buraxmırdı. Odur ki, xidmətini davam etdirdi. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı oldu. Tovuz döyüşləri baş verdi. General Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsi onun vətənpərvərlik hisslərini daha da coşdurdu. Nəhayət, Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi başladı. Müharibənin ilk günündən o, komandiri olduğu döyüş maşını ilə Ağdərə-Suqovuşan istiqamətində hücuma keçdi. Düşmənin səngərini yarıb arxadan gələn qüvvələr üçün yol açdı. Neçə-neçə kənd azad olundu. İlqar öz komandası ilə ikinci səngərə girib düşmənə sarsıdıcı zərbələr  endirdi. Bu səngəri də alıb qabağa yerimək istəyəndə gözlənilmədən düşmən minasına tuş gəldi. Burada dünyasını dəyişdi.

Cəsur döyüşçü haqqında cəbhə yoldaşlarının, komandirlərinin xatirələri çoxdur. İlqar hərbi texnikaların dilini o qədər gözəl bilirdi ki, sanki bu maşınları o icad eləmişdi. Döyüşqabağı bütün texnikaların sazlığına özü baxardı. Maşınları peşəkarcasına, əsl mütəxəssis kimi yoxlayardı. Müharibədə qısa bir döyüş yolu keçsə də, şücaəti,  xüsusi bacarığı və yüksək peşəkarlığı ilə öz sözünü deyə bildi.

İlqar Hüseynlinin Xudat şəhərindəki ata evində bir otaq onun keçdiyi şərəfli ömür yolundan danışır. Burada şəhidə məxsus çoxlu sənədlər, şəkillər,  orden və medallar, hərbi geyimlər, bir sıra şəxsi əşyalar toplanıb. İlqar ailəli idi. Vətənə üç övlad əmanət qoyub getdi. Həyat yoldaşı Vəfa xanım deyir ki, İlqar qayğıkeş ailə başçısı idi. Həm də mehriban insan idi. Çox təəssüf ki, övladlarını boya-başa çatdıra bilmədi. Şəhidin bacısı Aydəniz xanım da qardaşı haqqında fəxrlə, qürurla danışır. Deyir ki, onun ölümü adi ölüm deyil.  Dəfələrlə başına iş gəlmişdi. Ağır qəzaya düşmüşdü. Ölümlə üzbəüz olmuşdu. Lakin ona adi ölüm qismət olmadı. Taleyinə Vətən yolunda ölmək, şəhid olmaq qisməti düşmüşdü. İlqar çox vətənpərvər bir oğul idi. Başqa peşəsi olsa da, o, məhz Vətənin ən çətin, ən ağır günündə hərbçi olmağa üstünlük verdi. Vətəninə layiqli bir oğul kimi xidmət etdi.

Onun Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. Hələ müharibədən əvvəl o, qüsursuz xidmətinə görə bir çox mükafatlara,  ordenlərə layiq görülüb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə  təltif edilib.

Həmyerliləri şəhidin xatirəsini daim əziz tutur. Dövlət rəsmiləri, şəhər sakinləri, məktəblilər, ictimaiyyət nümayəndələri onun ailəsinə baş çəkir, məzarını ziyarət edirlər. Hərbçi yoldaşları da bu ailəni unutmur. Gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olan İlqar Hüseynlinin xatirəsi insanların qəlbində həmişəlik yaşayacaqdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.