44 GÜNÜN RƏŞADƏT DASTANI
Siyasət

44 GÜNÜN RƏŞADƏT DASTANI

Artıq biz Vətən torpaqlarını düşmən tapdağından təmizləmək üçün başladığımız azadlıq mübarizəmizin bir illiyini qeyd edirik. 8 noyabr 2020-ci il - bu tarix Qarabağ torpaqlarında yeni təqvimin başlanmasına vəsilə oldu.  27 ildir mənfur düşmən tapdağına məruz qalan Qarabağ torpağının hər kiçik kəndi, qəsəbəsi və şəhəri işğaldan azadlığa qovuşduqca bu torpaqlarda şanlı üçrəngli bayrağımız dalğalanırdı. Nəticədə Azərbaycan xalqının psixologiyasında Qalib Ordu, Qalib Sərkərdə, Qalib Xalq anlayışı formalaşdı. 8 Noyabr - Zəfər Günü kimi Tarixə yazıldı.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan əvvəl çıxışlarının birində bildirirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələnin sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".

Nəhayət, gözlədiyimiz o gün gəlib çatdı...

2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Tovuz rayonu ərazisində atəşkəsin pozulması ilə Azərbaycan tarixinə "Tovuz döyüşləri" olaraq yazılan döyüş başladı. Bu döyüşdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə bərabər düşmən hücumunun qarşısını alan hərbçilərimiz şəhidlik zirvəsinə yüksəldilər. Bu xəbərdən sonra 14 iyul tarixində "Ya Qarabağ, ya ölüm" və digər şüarlar ilə əksəriyyəti gənclərdən ibarət olan insan izdihamı "Azadlıq meydanı"na üz tutaraq Azərbaycan Ordusuna dəstək yürüşü keçirməyə başladı. Yürüşdə xalqımız bir yumruq kimi birləşərək Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu, onları hər zaman dəstəklədiyini nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər zaman canından keçməyə hazır olan on minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət etməklə döyüşlərdə könüllü olaraq iştirak etmək arzularını bildirdilər. Beləliklə, Xalq-Dövlət-Ordu birliyi Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Mübarizə ruhumuz, qələbə əzmimiz daha da gücləndi.

Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Dərhal nizami ordumuz öz sözünü bilavasitə cəbhə xəttində, düşmənlə üzbəüz savaşda daha kəskin dedi. Mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mühüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi. Ermənilərin illərcə qurduğu beton istehkamlar bu selin qarşısında qısa bir müddətdə dayana, tab gətirə bilmədi.

Böyük qürur və fərəh duyğuları ilə xatırlayırıq ki, öncə qələbə müjdələri Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də artıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı.

Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir gün Prezident İlham Əliyev həm də diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alırdı. "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!" - deyə Prezident İlham Əliyev bildirirdi.

Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməz ordu" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz səd"lər Azərbaycan ordusunun qarşısında aciz qaldı. İşğal altında olan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Nəinki ermənilərin özləri, hətta onlara bu müharibədə havadarlıq edən, silahlandıran qüvvələr də tez bir vaxtda igid hərbçilərimizin, ağır texnikasız, bıçaqla, süngü ilə Şuşaya qalxmasını və üçrəngli bayrağımızı Şuşada dalğalandırmasını güman edə bilməmişdi.

Bəli, bu bizim hərbi müstəvidə əldə olunan qələbəmiz idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail oldu. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı  yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də götürdüyü əsirlərə fiziki iztirablar verdi. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşayış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu.

Bütün Vətən müharibəsi boyunca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Doğrudur, ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində "Qarabağ səmasının qartalı" adlandırılan, erməni hədəflərini məhv edən "Bayraktar TB2" PUA-ları qələbədə mühüm rol oynadı. Azərbaycanın pilotsuz uçuş aparatlarının erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi.

Ordumuz 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Azərbaycan son iki əsrlik tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək, adını tarixə qızıl hərflərlə yazdırdı. Orta məktəb gündəliklərində qara hərflərlə "Qanlı Yaddaşımızı, UNUTMA!" başlığı altında yazılan Vətənimizin dilbər guşələrinin erməni qəsbkarları tərəfindən işğal olunma tarixləri artıq dəyişdirilərək torpaqlarımızın azad olunması tarixləri ilə bərabər "ŞANLI ZƏFƏR TARİXİMİZ" olaraq qeyd olunmağa başlanıldı.

Böyüməkdə olan gənc nəsildə bu qələbənin yaratdığı milli düşüncə, milli mənlik şüuru, milli ideologiya Vətən sevgisinin formalaşmasında böyük rol oynayır. Gənc nəsil ata-babalarımızın dilindən eşitdiyi qəhrəmanlıq dastanlarının canlı şahidi olmaqla yanaşı onların psixologiyasına vətənə, torpağa məhəbbət hissi aşılandı. Həmçinin bu tarixi zəfər dövlət və xalqımızın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə olan güvənini geri qaytardı, xalqın öz ordusunun gücünə inamını və ona olan etibarını daha da möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandırdığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı.

44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarını, gözünü qırpmadan torpaqlarımızın azadlığı uğrunda ölümünü gözə alan qazilərimizin şücaətini xalqımız heç vaxt unutmayacaq, unutdurmayacaq və onların sayəsində qazandığımız bu zəfər hər bir azərbaycanlını daim qürurlandıracaqdır.

Artıq üstündən qaçqın və məcburi köçkün adı götürülən soydaşlarımız azad dədə-baba yurdlarına qayıtmağa hazırlaşırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Prezidentimizin tapşırığı ilə "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri bu gün Qarabağımızda böyük vüsət alaraq həyata keçirilir. 

Oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Liman, şübhəsiz ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında mühüm rol oynayacaq. Açılış mərasimində Azərbaycan lideri İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi hava limanının nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.

Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da bəyanatında səsləndirdi ki, "Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir... Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir".

Bəli, bu gün işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinin aparılması, yeni layihələrin həyata keçirilməsi Azərbaycan dövlətinin qüdrətini göstərir.

Xəyyam İSGƏNDƏROV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

 Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı.