“44 gün-Tarixi zəfər” in təqdimat mərasimi
Region

“44 gün-Tarixi zəfər” in təqdimat mərasimi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Xatirə kitabı” redaksiyası və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində yeni çap olunan “44 gün - Tarixi zəfər” üçcildliyinin birinci cildinin təqdimat mərasimi keçirildi. Tədbirdə “Xatirə kitabı” redaksiyasının əməkdaşları, Şirvan şəhərinin, Salyan, Sabirabad, Hacıqabul rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, bu rayonlardan olan şəhid ailələri, mədəniyyət işçiləri, ictimaiyyət  nümayəndələri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra tədbir iştirakçılarına “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olundu. Bildirildi ki, kitabın birinci cildində minə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat yer alır. Həmçinin digər şəhidlərin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görüldüyü diqqətə çatdırıldı. Vurğulandı ki, bu vaxta qədər Respublika “Xatirə kitabı” redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edildikdən sonra kitablar nəşr olunub.

Tədbirdən sonra  “44 gün - Tarixi zəfər” kitabının nüsxələri, kitabın birinci cildi (A-Ə hərfləri üzrə) haqqında məlumatlar əks olunan şəhidlərin valideynlərinə təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.