30 illik həsrətin sonu - Böyük Qayıdış
Siyasət

30 illik həsrətin sonu - Böyük Qayıdış

Ölkəmiz qarşıya qoyulan hər bir vəzifəni yerinə yetirmək qüdrətindədir

"İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə". Bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Azərbaycan, o cümlədən dünya hərb salnaməsinə qızıl rəqəmlərlə yazılmış şanlı Zəfərimiz, "Dəmir yumruq" əməliyyatı, ermənilərin təxribatlarına cavab olaraq başladılan Vətən müharibəsində qələbə ilə xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun erməni işğalçılarına qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu. İllərlə yaşadığımız ağrı-acılar sevincə çevrildi. Ordumuz bu qalibiyyəti ilə sübut etdi ki, ölkəmiz qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirmək qüdrətindədir.

Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Bu qısamüddətli müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü, ordumuzun gücünü, xalqımızın qüdrətini sübut etdi. Otuz ildir gözlədiyimiz gün nəhayət gəlib çatdı. Qarabağ azaddır! Şuşa azaddır! Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl kimi illərdir işğal altında olan torpaqlarımız azaddır! Nəhayət torpaqlarına həsrət qalan vətəndaşlarımız 27-28 ildən sonra öz ata-baba yurdlarına qayıdırlar. Bunu təmin edən Ali Baş Komandanımıza və Ordumuza minnətdarıq! Bu qələbənin əsas qəhrəmanları məhz onlardır. 44 günlük savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan bütövləşdi. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etdik.

İşğaldan azad olunan ilk inzibati ərazimiz Suqovuşan olmuşdur. İşğaldan azad olunmuş ərazilərin toponimləri də Azərbaycanındır. Ona görə də işğaldan azad olunan kimi cənab Prezident Madagizə öz tarixi adını qaytararaq Suqovuşan adlandırdı. Bugünkü Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək və onu məhv etmək iqtidarında, heç kimin köməyi olmadan ermənilərin 30 ildə viran qoyduğu ərazilərini yenidən dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytarmaq gücündədir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfər bu ərazilərə yeni ruh, dirçəliş gətirir. İndi qarşımızda işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazımi infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yurdlarına geri dönməsini təmin edəcək mühüm vəzifə durur. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər maliyyə imkanlarımız, potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var. Prezident İlham Əliyevin dediyi kimi, xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Birlikdə cənnət guşəmiz olan Qarabağı yenidən dirçəldəcəyik. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İşğaldan azad olunan rayonlarımızın bərpası sistemli şəkildə həyata keçirilir. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur da qurulur.

Müstəqil iqtisadiyyatının gücü hesabına Azərbaycanda Böyük Qayıdış prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edilib. Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva iştirak edib, Ağalı kənd meydanı ilə tanış olub, sakinlərlə görüşüblər. Ağalıda bir il bundan əvvəl başlanan inşaat işləri uğurla başa çatdırılıb və 200 evdən ibarət müasir tipli kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - ASAN, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ağalı kəndi elə bir müasir layihə əsasında qurulub ki, bu, kəndin yeni bir model, yeni bir başlanğıc olacağını göstərir. İnsanlar indiyə qədər orada o şəraitdə heç vaxt yaşamayıblar. O cür infrastruktur heç vaxt olmayıb və bu bir nümunədir. Ümumilikdə, "Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

İşğaldan azad olunan bütün ərazilərdə irimiqyaslı işlər davam etdirilir. "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır. Çünki tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilər yaşamayıblar. Qeyd edək ki, bununla bağlı artıq müvafiq işlərə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunu, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Mustafa KAMAL,

"Respublika".