30 illik fəaliyyətin zirvəsi: İslahatlar partiyamızın fəaliyyətinin əsaslarından biridir
Digər xəbərlər

30 illik fəaliyyətin zirvəsi: İslahatlar partiyamızın fəaliyyətinin əsaslarından biridir

Azərbaycan xalqı olaraq möhtəşəm tarixi hadisə ərəfəsindəyik. Belə ki, bu il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü tamam olur. Bu dövrdə partiyamız böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə, keçdiyi inkişaf yoluna dair kifayət qədər əsərlər yazılıb, kitablar nəşr olunub, filmlər çəkilib. Eyni zamanda, 30 il ərzində YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. İstərdik ki, bu istiqamətdəki genişmiqyaslı islahatların əhəmiyyətinə nəzər salaq. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın gücünün artmasını təmin edib. Paralel olaraq dövlətimiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından məharətlə istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir. Xüsusilə də, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər bu mənada böyük önəm daşıyır.

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edirdi. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq", - deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Həmçinin VII qurultayda qəbul edilən qərarlar və görülən işlər milli maraqlara, müasir çağırışlara, adekvat vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəuyğundur. Əvvəla, Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir. Eyni zamanda, YAP Mərkəzi Aparatına rəhbərlik edəcək partiya Sədrinin müavininin müəyyənləşməsi də idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.

VII qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Yeni qərarlara müvafiq olaraq qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri təyin olunub. Qurultaydan sonra partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatların əsasnamələri, Təftiş Komissiyasının reqlamenti təsdiqlənib.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirdi, monolit siyasi qüvvə kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.

Yeni Azərbaycan Partiyasının VII qurultayı, həmçinin YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Digər tərəfdən, bu, siyasi dialoq prosesinə mühüm töhfələr verən YAP-ın müsbət imicini, ictimai-siyasi prestijini göstərir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Ən mühüm məqamlardan biri, YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər öz əksini tapıb. Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.

Bunlarla yanaşı, YAP qurultaydan ötən dövr ərzində beynəlxalq əlaqələrini və əməkdaşlığını uğurla davam etdirib, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib. Ötən ilin iyun ayında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında "Əməkdaşlığa dair Niyyət Protokolu"nun imzalanması, eləcə də müxtəlif vaxtlarda hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfransların keçirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir. Hakim partiyalar olan YAP ilə AK Parti arasında təmasların intensiv xarakter daşıması və çoxşaxəli əlaqələrin əhatə dairəsinin qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi çox mühüm əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, bir millətin iki dövləti arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan, zirvədə olan münasibətlərinin daha da möhkəmləndirilməsinə, ortaq tarixi keçmişə, milli dəyərlərə və mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə, qlobal informasiya platformasında hər iki ölkənin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına və qara piar kampaniyasının iflasa uğradılmasına və s. müstəsna töhfədir.

Bununla yanaşı, 2021-ci ildə Ukraynanın, Qazaxıstanın hakim partiyaları, eləcə də Çin Kommunist Partiyası və digər bir sıra aparıcı partiyalarla faydalı təmasların davam etdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və ölkələrimiz arasında münasibətlərin inkişafına xidmət edir.

YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlərin və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan YAP bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətlənməsinə və strateji hədəflərə çatmasına imkan verəcək.

Bu gün sıralarında 800 min nəfərə yaxın üzvü birləşdirən YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu baxımdan, partiya özünün 30 illik yubileyinə böyük nailiyyətlərlə gedir. Şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə addımlayacaq!

Ramil HƏSƏN,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı.