28 illik həsrət sona çatdı - kəlbəcərlilər doğma yurdlarında
Sosial həyat

28 illik həsrət sona çatdı - kəlbəcərlilər doğma yurdlarında

Kəlbəcər sakinlərinin bir qrupu rayonlarının azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsində şəhid olanların yaxınları, şəhər ziyalıları iştirak ediblər.

İyirmi səkkiz illik ayrılıqdan sonra doğma yurdlarına səfər edən kəlbəcərlilər Kəlbəcər tuneli qarşısında öldürülən azərbaycanlıların xatirəsini yad edib, əraziyə güllər düzüb, onların qisasının yerdə qalmadığını bildiriblər.

Xatırladaq ki, 1993-cü ilin əvvəlində Ermənistan hərbi qüvvələrini Kəlbəcər üzərinə cəmləmişdi. Həmin dövrdə özünümüdafiə batalyonu Kəlbəcər tunelini qoruyurdu. Bu tunelin dinc sakinlərin ehtiyac olacağı təqdirdə rayondan çıxa bilməsi üçün strateji əhəmiyyəti vardı. Lakin təlim görməmiş, komandirləri olmayan, silahdan istifadə etməyi bacarmayan özünümüdafiə bölükləri mühasirəyə düşərək xeyli itki verdilər. Bundan sonra müdafiəni yarmış ermənilərin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki vacib yol bağlantısının ələ keçirilməsinin qarşısının alınması üçün Ömər-Tunel-Zülfüqarlı-Laçın marşrutunu ermənilərdən “təmizləmək” tapşırığı verilmişdi. Budəfəki cəhd də uğursuz oldu və neçə-neçə hərbçimiz, eləcə də Laçın və Kəlbəcəri tərk edən onlarla dinc sakin tunel sahəsində öldürüldü. Artıq Kəlbəcərdə hakim yüksəkliklər və tunel ermənilər tərəfindən tutulmuşdu. Hər ötən gün düşmən daha da irəliləyir və yeni mövqelər ələ keçirirdi. Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsinin əldə saxlamaq cəhdi də uğursuzluqla nəticələndi. Bir neçə gündən sonra - 1993-cü il aprelin 2-də Kəlbəcər düşmən tərəfindən ələ keçirildi, Azərbaycan çoxsaylı şəhidlər verdi.

Ötən illər ərzində Azərbaycanda nizami silahlı qüvvələr formalaşdırıldı, ordu quruculuğuna xüsusi önəm verildi. Azərbaycan Ordusu müasir silahlarla təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı. Artıq torpaqlarımızın azad edilməsi zamanı gəlmişdi və 2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəman oğlanları düşməni darmadağın edərək bütün şəhidlərimizin qisasını aldılar, torpaqlarımızı azad etdilər. Noyabrın 10-da məcbur olub kapitulyasiya aktına imza atan Ermənistan imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonunu işğaldan azad etdi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq nəzarəti ələ aldı.

Kəlbəcərə səfər edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə “Tunel faciəsi” adını alan bu qırğın haqqında danışarkən deyib: “Kəlbəcərdə vəziyyət pisləşdiyi üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilmişdi. Buna görə də Kəlbəcərdən Laçına gedən tuneldən 30 kəndin sakinləri çıxarılmalı idi. Ermənilər Göyçə və Laçın istiqamətindən rayonu mühasirəyə almışdı. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunelin çıxışında həmin insanları gülləborana tutdular. Çoxu öldü, ölməyənləri isə girov götürdülər. Ondan sonra da burada bu cür dəhşətli faciələr yaşandı. Dinc əhalini tunelin ağzında qırırdılar. Təsəvvür edin ki, insanları daşıyan “KamAZ” markalı avtomobilə od vurub, 8 yaşlı uşağı ailəsinin gözləri qarşısında onun içinə atdılar. Laçından gələnlər də burada qətlə yetirilib. Bu qırğınlardan sonra düşməndən qaçmağı bacaran bir nəfər geriyə qayıdaraq əhaliyə tunelin ağzında ermənilərin olduğunu xəbər verib və bundan sonra dinc insanlar qaçmaq üçün dağ yolundan istifadə ediblər”.

Şöbə müdiri bildirib ki, kəlbəcərlilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladlarımıza hər zaman minnətdardırlar. “Biz hər birimiz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Torpaqlarımız uzun illərdən sonra yağı düşməndən azad edildi, şəhidlərimizin qisası alındı. Bu gün biz çox qarışıq hisslər keçiririk, amma sevinc hissi onların hamısını üstələyir”, - deyə Sənan Hüseynov əlavə edib.

Rayon sakinləri sonra Zülfüqarlı kəndinə gəlib, Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət ediblər. Səfər iştirakçıları, o cümlədən şəhidin ailə üzvləri Şahlar Şükürovun məzarı üzərinə güllər düzüblər.

Daha sonra Başlıbel kəndinə səfər olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin 1800-ə yaxın əhalisi var idi.

Başlıbel faciəsinin şahidləri bildiriblər ki, işğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınmışdı. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən İkinci Dünya müharibəsi iştirakçısı olan Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Səfər iştirakçıları daha sonra Günəşli kəndində olublar.

Kəlbəcərlilər doğma rayonlarının yağı düşməndən azad olunmasına, şəhidlərimizin qisasının alınmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, igid Vətən övladlarına dərin təşəkkürlərini ifadə ediblər. Rayon sakinləri əmin olduqlarını bildiriblər ki, azad olunmuş torpaqlarımızda, o cümlədən Kəlbəcərdə aparılan tikinti-quruculuq işləri tezliklə başa çatacaq və onlar öz yurd-yuvalarına geri qayıdıb, firavan həyatlarını yaşayacaqlar.

AZƏRTAC