27,5 milyard manatlıq sənaye məhsuları istehsal olunub
İQTİSADİYYAT

27,5 milyard manatlıq sənaye məhsuları istehsal olunub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,4 faiz artmışdır.                                  

Sənaye məhsulunun 62,7 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Əmtəəlik qaz hasilatı isə 11,1 faiz artmışdır. Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 faiz, tütün məmulatlarının istehsalı 62,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 faiz, tikinti materiallarının istehsalı 46,7 faiz, elektrik avadanlıqlarının istehsalı 46,7 faiz, kağız və karton istehsalı 31,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 faiz, hazır metal məmulatlarının istehsalı 10,0 faiz, neft məhsullarının istehsalı 8,5 faiz, qida məhsullarının istehsalı 6,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 faiz, maşın və avadanlıqların istehsalı 4,8 faiz, içki istehsalı 1,8 faiz, geyim istehsalı 1,2 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7 faiz artmışdır.

Əsas kapitala 7059,3 milyon manat vəsait yönəldilib 2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7059.3 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 4883.0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1639.0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4797.1  milyon manatı və ya 68,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil etmişdir.

"Respublika".