27 Sentyabr 44 Günlük müharibənin başlanğıcı
Sosial həyat

27 Sentyabr 44 Günlük müharibənin başlanğıcı

Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə onlara baha başa gəldi. Ordumuzun düşmənə layiqli zərbəsi qarşısında cəmi 44 gün davam gətirən işğalçı Ermənistan 2020-ci il noyabrın 10-da diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Söz yox ki, həmin vaxta qədər Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə Ermənistan ordusuna layiqli cavab vermişdi. Xatırladım ki, 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək 2 min hektardan artıq ərazimizi və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi. Bundan iki il sonra - 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə zamanı Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olundu. Həmin əməliyyat zamanı Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bütövlükdə, 11 min hektarlıq ərazi azad olundu.

2020-ci il iyulun 12-də müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum edən düşmən heç bir uğur qazanmadan yenə əvvəlki mövqelərinə çəkilməyə məcbur edildi. Bu əməliyyat zamanı üzləşdiyi məğlubiyyət də işğalçı ölkəyə ibrət olmadı. Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşləri ölkəmizdə Xalq-Dövlət-Ordu birliyinin nümayişi oldu.

Sentyabrın 27-də eyni zamanda cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı və ali hərbi komandanlığın qarşısında duran konkret vəzifələrə diqqəti cəlb etdi.

Dərhal sonra nizami ordumuz öz sözünü bilavasitə cəbhə xəttində, düşmənlə üzbəüz savaşda daha kəskin dedi. Biz də elliklə qələbəyə kökləndik. Qismən səfərbərlik elan olundu, amma buna baxmayaraq, on minlərlə könüllü döyüş bölgələrinə can atdı. Sarsılmaz Prezident-Xalq-Ordu birliyi sayəsində mübarizə ruhumuz, qələbə əzmimiz daha da gücləndi. Təmas xəttinin müxtəlif istiqamətlərində genişmiqyaslı zəfər yürüşünün davam etdiyi 44 gün ərzində mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mühüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi.

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də götürdüyü əsirlərə fiziki iztirablar verdi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, dinc sakinlərin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atıldı. Gəncə beş dəfə bombalandı. Düşmən hətta Mingəçevirə, Xızıya, belə raket atmaqdan çəkinmədi. Buraya Kəlbəcər və Laçın boşaldılan zaman bu rayonların müvəqqəti sakinlərinin evləri, məscidləri yandırmalarını, təsərrüfatları bərbad günə qoymalarını, təbiətə divan tutmalarını, həmçinin, Qarabağ torpaqlarında addımbaşı mina basdırmalarını və müvafiq xəritələri vermədiklərini, Ağdamı Qafqazın Xirosimasına çevirmələrini də əlavə etsək, bizim sırf faşist xislətli qaniçən bir düşmənlə mübarizə apardığımız bir daha öz təsdiqini tapar.

Bu gün ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, səmərəli hərbi strategiyanın və ordumuzun gücü 44 günlük Vətən müharibəsində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bununla da, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Lakin ermənilər tərəfindən basdırılmış mina xəritələrinin Azərbaycana təqdim edilməməsi də rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid yaradır. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya sağlamlığını itirmişdir.

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımıza sancan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə həsr olunan silsilə tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirən silahlı qüvvələrin hərbi qulluqçuları Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar.

"Mən hər zaman qazilərin yanında olacağam", - deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirib. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülən işlər bir daha sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Prezident İlham Əliyev müharibədən ötən müddətdə düşməndən təmizlənən ərazilərə davamlı səfərlər edərək, öz sevincini xalqla bölüşür, dağıdılan yaşayış sahələrini tez bir zamanda qurmaq, dirçəltmək əzmində olduğunu gerçəkləşdirilən layihələr əsasında vurğulayır. Demək olar ki, 44 günlük İkinci Qarabağ müharibəsindən ötən 2 il ərzində Azərbaycanın işğaldan azad edilmiş əraziləri tikinti, quruculuq meydanına çevrilib. Füzuli Beynəlxalq Hava Limanı, uzunluğu 100 kilometrdən çox olan Zəfər yolu, dünyaya səs salan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çərçivəsində 2022-ci ilin əvvəlində sakinlərini qarşılayan ilk "ağıllı kənd" - Zəngilanın Ağalı kəndləri, baş planı təqdim edilən Ağdam və Şuşa şəhərləri Böyük Qayıdışın əsas ünvanlarıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və bunu böyük sevinclə qarşılayır. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərindəki çıxışında demişdir: "...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...". İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür.

Bu yenilikləri, quruculuq və bərpa işlərini xeyli sayda sadalamaq olar. Görülən bu işlər fonunda dünya erməni faşizmi ilə sülhsevər Azərbaycan xalqının fərqini görür. Azərbaycan dövləti Zəfərimizdən sonra işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Lakin son günlər, yəni 12-13 sentyabr 2022-ci il tarixlərində yenidən bizə qarşı növbəti erməni təxribatı törədilərkən Azərbaycan Ordusu düşməni öz yerinə oturtdu. Gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Düşmən bilməlidir ki, Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Bu dəyər ordunun gücü deməkdir. Bu güc Vətən müharibəsində qətiyyətlə təsdiqləndi.

Artıq iki ilə yaxındır ki, Azərbaycan xalqı, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbənin sevinci ilə yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün hər birimiz on illər boyu gözlədiyimiz böyük Qələbənin sevincini yaşayırıq. Ərazi bütövlüyümüzün təmin olunması dövlətçilik tariximizi şərəfləndirdi, intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Haqq-ədalət uğrunda mübarizəmizin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi.

Qələbə sevincini bizə yaşadan, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Onların həyat yolu əsl vətənpərvərlik məktəbidir.

Xəyal HÜSEYNOV,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Məhkəmə Ekspertizası

Mərkəzinin əməkdaşı.