2004-cü il fevralın 11-də 2004-2008-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir
İQTİSADİYYAT

2004-cü il fevralın 11-də 2004-2008-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir.

"Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var", - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Həmin vaxtdan etibarən Azərbaycanda yeni iqtisadi siyasət strategiyasının həyata keçirilməsinə başlanıldı. İlham Əliyevin prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur.

2004-cü ildən regionların sosial-iqtisadi inkişafı  ilə bağlı Dövlət Proqramı çərçivəsində həyata keçirilən fəaliyyət uğurlu nəticələrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçiliklə bağlı müşavirələr keçirilib, bir neçə Dövlət Proqramı qəbul edilib.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bölgələrdə mövcud olan  sosial çətinliklər üzündən əhalinin yalnız Bakıda və digər iri şəhərlərdə mərkəzləşməsi təkcə sosial-iqtisadi problem mahiyyəti daşımamış, daxili miqrasiyanın mənəvi-psixoloji fəsadları daha təhlükəli məqamlarla xarakterizə olunmuşdur. Paytaxt və əyalətlər arasında tarazlaşdırılmış inkişafın konseptual əsaslarını irəli sürən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı"nın təcrübədə özünü doğrultması isə bu problemi əhəmiyyətli dərəcədə aradan qaldırmış, regionların görkəmi dəyişmiş, vətəndaşların tarixi məşğulluq ənənələri bərpa edilmiş, sosial rifahı yüksəlmişdir. Bölgələrin təbii resurslarından, əmək ehtiyatlarından səmərəli istifadə, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması, enerji, istilik təminatı kimi problemlərin həlli yerlərdə istehsal potensialını gücləndirməklə yanaşı, əyalət sakinlərinin Bakıya, həmçinin digər regional mərkəzlərə doğru axınını da səngitmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər rayonlarına səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Cənab İlham Əliyev respublika regionlarına 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir.

Ümumilikdə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları iqtisadi siyasətin praktik reallığa əsaslanmaqla, respublikanın bütün sahələrdə davamlı inkişafına xidmət edir. Əldə olunan uğurlarla kifayətlənməyən dövlətimiz regionların inkişafı istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər sistemi həyata keçirmək əzmindədir.

Həyata keçirilən dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir.

Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Müşfiq MİRZƏ,

"Respublika".