20 Oktyabr Energetiklər Günüdür
İQTİSADİYYAT

20 Oktyabr Energetiklər Günüdür

Mükəmməl infrastrukturun yaradılması diqqət mərkəzindədir

Son illər ölkəmizin energetika sektorunda müsbət irəliləyiş müşahidə olunur. Bir çox yeni elektrik stansiyaları tikilmişdir. Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır.

Respublikamızın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması istiqamətində təqdirəlayiq işlər görülür.

Enerji sahəsinin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə və dünya standartları səviyyəsinə çatdırılması üçün müasir texnologiyaların tətbiqinə üstünlük verilir.

Prezident İlham Əliyevin sərəncamı ilə 6 il öncə “Azərişıq” Səhmdar Cəmiyyəti yaradılmışdır. Kadr potensialı gücləndirildiyindən indi bu kollektivdə təcrübəli energetiklər ordusu yaranmışdır. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr ləyaqətlə yerinə yetirilir.

Vurğulamaq lazımdır ki, “Azərişıq” ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xəzər rayonunda son illər uğurlu nəticələrə imza atılır, xidmət işi abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla davam etdirilir.

Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli energetik Nadir Şirəliyevlə söhbət edərkən o, energetiklərin səmərəli fəaliyyəti ilə bağlı qürur hissi ilə danışdı. Bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

20 oktyabr energetiklərin peşə bayramıdır. Kollektivimizin üzvləri bu əlamətdar günü coşqu və sevinclə qarşılayırlar. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. İşğal olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

Energetiklərin bir ilə yaxın işğaldan azad olunmuş ərazilərdə gördükləri irimiqyaslı layihələr fərəh doğurur, gur işıqlar insanlarda xos ovqat yaradır.

Prezident cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər, enerji təsərrüfatı tamamilə yeniləşib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu məni çox sevindirir. Bu onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər...”.

Hazırda Xəzər rayonunun ərazisində 90 minə yaxın abonent vardır. Vurğulamaq lazımdır ki, pandemiya dövründə bağlar yerləşən ərazilərdə işlər yüksək səviyyədə təşkil olundu, bağlarda əlavə güc mənbələri yaradıldı və yeni TM-lər quraşdırıldı.

2021-ci ildə rayonun energetikləri ikiqat səylə çalışırlar. İlin ötən 9 ayında 10 ədəd yeni TM-lər quraşdırılaraq güc mərkəzləri yaradılmışdır. Həmçinin 12 min metr SİP kabel xətti yenisi ilə əvəz olunmuş, 5 min metr 10 kv-luq yüksəkgərginlikli naqil yenilənmiş, 200 yeni dayaqlar basdırılmış və yeni yaşayış yerlərinə 10 min metr kabel xətti çəkilmişdir.

Texniki dəyişikliklər rayonun Şağan, Mərdəkan, Şüvəlan, Qala, Binə, Buzovna və digər ərazilərdə keyfiyyətlə həyata keçirilmişdir.

Qış mövsümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Qış aylarında xidmət işi abonentləri razı salacaqdır.

Energetiklərin birgə səyi nəticəsində yığım faizi keçən ilin müvafiq dövrü ilə müqayisədə artmış, kadr potensialını gücləndirmək məqsədilə gənc kadrlar işə qəbul olunmuş və onlar üçün normal iş şəraiti yaradılmışdır.

Rayon Enerji Təchizatı və Satışı İdarəsi rayon mərkəzində, üçmərtəbəli, müasir tipli binada yerləşir. Binanın ərazisi başdan-başa yaşıllığa qərq olunmuşdur. Növ-növ bəzək ağacları, gül kolları ərazidə ekoloji tarazlıq yaradır, insanlarda xoş ovqat yaradır.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək cəmiyyətə tələb olunan təcrübəli kadr potensialını vermək üçün “Azərişıq” ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Xəzər rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur və burada maksimum səviyyədə təcrübə toplayırlar.

Qədir ASLAN,
“Respublika”.