1918-ci ildə Qərbi Azərbaycanda erməni terroru və onun acı nəticələri
Tarix

1918-ci ildə Qərbi Azərbaycanda erməni terroru və onun acı nəticələri

Erməni daşnakları öz havadarlarının təhriki ilə 1918-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı amansız vəhşiliklər törətmiş, qətllər qarətlər həyata keçirmiş, terror hadisələrinin miqyasını genişləndirmişlər. Onların başlıca məqsədi türk əhalisinin qırğınını mərhələ-mərhələ həyata keçirməkdən ibarət olmuşdur.

1918-ci ilin martına kimi İrəvan quberniyasının İrəvan qəzasında 3015 təsərrüfatı olan 32 azərbaycanlı kəndi erməni vandalları tərəfindən dağıdılmış soydaşlarımız yaşayış yerlərini tərk etməyə məcbur olmuşlar.

1918-ci ilin iyun-iyul aylarında bədnam Andranik öz quldur dəstəsi ilə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinə yürüş etmiş, ermənilər planlı şəkildə terror hadisələri həyata keçirmişlər.

S.Şaumyandan xeyir-dua alan Andranik öz cəllad hərəkətlərini genişləndirirdi. Onun ilk qurbanları Zəngəzurun, sonra isə Qarabağın dinc sakinləri oldu. Qeyd etmək lazımdır ki, o zaman Dərələyəz, Sürməli qəzalarını İrəvan qəzasının əhəmiyyətli hissəsini əsasən azərbaycanlılar təşkil edirdilər. Andranikin quldur dəstələri müsəlman uşaqlarını tonqallarda yandırır, hamilə qadınlara işgəncələr verir süngüdən keçirirdilər.

Zəngəzur qəzasında azərbaycanlı kəndlərinin bir-birindən aralı, adətən erməni kəndlərinin əhatəsində olması, digər tərəfdən, Andranikin başçılıq etdiyi çoxsaylı hərbi qüvvənin olması azərbaycanlıların vəziyyətini çox ağırlaşdırırdı. Erməni daşnakları azərbaycanlılara qarşı hədsiz amansızlıqlar göstərirdilər. Hətta azərbaycanlılar könüllü olaraq öz yaşayış yerlərini tərk etdikləri hallarda belə erməni quldurları kəndləri yandırır, sakinləri öldürür, müsəlmanların əmlakını qarət edirdilər.

1918-ci ildə erməni terrorçuları Nüvədi kəndində yüz yaşlı qocanı süngüdən keçirmiş, qaçmaq istəyən qadın uşaqların başlarını kəsirmişlər. Qərbi Azərbaycanı başdan-başa odlara qalamış, onların xaç qardaşları olan ruslar isə bu haqsızlıqlara göz yummuşlar.

İrəvan quberniyası Kəmərli kəndinin sakinləri yazırdılar ki, rus qoşunları getdikdən sonra Aram paşa, Dro, Deligiz general Araşevin başçılıq etdiyi qoşun bir neçə müsəlman kəndini yandırmış, azərbaycanlıları işgəncə ilə qətlə yetirmiş, diri-diri yanar təndirə atmış, körpə uşaqların dilini kəsmişlər...

1918-ci ilin dekabr ayında 25 minlik erməni qüvvəsi İrəvandan gələrək 8 müsəlman kəndini mühasirəyə almış, 200 nəfərdən çox azərbaycanlı Araz çayını keçərək faciəli surətdə həlak olmuşlar.

Göyçə mahalının Qaraiman kənd sakinləri Allahverdi Oruc oğlu Rüstəm Məşədi Hüseyn oğlu Gəncəyə gələrək qubernatora məlumat vermişlər ki, Filimov Nişanovun başçılıq etdiyi erməni dəstəsi gecə Qızılvəng, Subatan Zağalı kəndlərini mühasirəyə almış, kişiləri pristavın yanına çağırmaq bəhanəsi ilə tövləyə salmış, özləri kəndləri qarət etmişlər. Bundan 4 gün əvvəl ermənilər Çamırlı kəndində 4 kişi 6 qadını vəhşicəsinə öldürmüşlər.

A.Lalayanın yazdığına görə, daşnak başkəsənlərdən biri öz "şücaətlər"ini belə təsvir edirdi: "Mən heç bir şeyə fərq qoymadan Basarkeçərdə türk əhalisini məhv etdim. Hərdən gülləyə heyfim gəlir. Bu itləri öldürməyin ən doğru yolu - döyüşdən sonra bütün sağ qalanları toplayıb onları quyulara doldurmaq, bu dünyada qalmamaları üçün üstlərinə ağır daşlar tökmək lazımdır. Mən belə etdim: bütün kişi, qadın uşaqları quyuya doldurub üstünü daşla doldurdum".

Erməni quldur dəstələri 1918-ci ildə Şərur-Dərələyəz qəzasında xüsusilə tüğyan etmişlər. Onlar Vedibasar, Aralıq, Böyük Vedi, Dəmirçi kəndlərində kütləvi qırğınlar törətmişlər. Ancaq burada polkovnik Doluxonovun dəstəsi yerli sakinlərin müqavimətinə rast gəldi. Andranikin əlaltılarından olan general Dronun başçılığı ilə Doluxonova yardım göstərildi. Ancaq Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə Azərbaycan özünümüdafiə dəstələri qalib gəldi. Erməni daşnakları döyüş meydanında mindən artıq meyit qoyaraq qaçdılar. İngilislərin müdaxiləsi nəticəsində hərbi əməliyyatlara bir müddət ara verildi. Sonra ermənilər Qaralar, Kiçik Vedi, Şıxlar, Şidli, Xalisə digər kəndləri yer üzündən sildilər, azərbaycanlılar çoxlu itki verdi, qadınlar əsir götürüldü.

Erməni millətçiləri belə hesab edirdilər ki, indi onların "böyük Ermənistan" arzuları həyata keçir. Onlar London, Paris Vaşinqtona müraciət edərək dənizdən-dənizə uzanan Ermənistan yaradılmasına nail olmaq istəklərini bildirirdilər. Ermənilər Anadolunun 6 vilayətindən başqa, hətta İran Azərbaycanının bir hissəsini tələb edirdilər.

1918-ci ildə erməni quldur dəstələri Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmiş, İrəvandan, Göyçədən, Amasiyadan, Dərələyəzdən, Zəngəzurdan çox sayda soydaşımız doğma yurdlarından didərgin düşərək Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarına, Türkiyəyə, İrana Gürcüstana üz tutmuş, bir sözlə, bu insanların xoş növrağı pozulmuşdur...

Qədir ASLAN,

"Respublika".