18 Sentyabr Milli Musiqi Günüdür
Mədəniyyət

18 Sentyabr Milli Musiqi Günüdür

Milli musiqimizin Üzeyir zirvəsi

Əbədi anılmaq, xalqın sevimlisi olmaq. Böyük şərəf, xoşbəxtlikdir! Deyilmi?.. XX əsrin payına düşən belə sənətkarlar sırasında Hacıbəylilər xüsusi yer tuturlar. Ancaq dünya çapında musiqi aləminin ən uca zirvəsində fəxri yer alan Hacıbəylilərin sırasında Üzeyir bəyin yeri daha ucadır, çünki, onun adı dünya musiqi nəhənglərinin adları ilə yanaşı durur.

“Revolyusiya və kultura” jurnalının 1939-cu il 6-cı sayında Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova dərc etdirdiyi məqalədə yazır: “Həsən bəy kultura uğrunda çalışan gənclərin qoyduğu tamaşalara gedər və onların hər işinə yardım edərdi. Bizim birinci kompozitorumuz Üzeyir Hacıbəyli yəqin ki, Həsən bəyin “Kaspi” redaksiyasında ona dediyi sözləri unutmamışdır. Həsən bəy ona: “Sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar” -- demişdi. Həsən bəy azarlı olmasına baxmayaraq, birinci Azərbaycan operasına baxmağı çox arzulayırdı”. Opera Həsən bəy Zərdabi vəfat edəndən sonra tamaşaya qoyulmuşdu...

Üzeyir bəy Hacıbəyli heç bəstəkar olmasaydı, “Leyli və Məcnun”, “Koroğlu” kimi nəhəng səhnə əsərlərini, sonradan dünya şöhrəti qazanmış “Arşın mal alan” operettasını yazmasaydı belə yenə də xalqımızın “böyük oğlu” olmaq statusuna yiyələnəcəkdi. Çünki iti ağlı, tükənməz istedadı ilə qələmə aldığı publisistik qeydləri, felyetonları küll halında müəllifinin adını əbədiləşdirəcək klassik bədii nümunələrdir.

Və nə gözəl ki, o, böyük cəsarət, fədakarlıq nümunəsi göstərib çiynini daha ağır bir yükün altına qoydu, bir çox vəzifəni uğurla yerinə yetirdi. Bir publisist olaraq qalsaydı, bəlkə də yalnız ölkə daxilində qiymətləndiriləcəkdi. Lakin bir bəstəkar kimi yaradıcılığı dünyada qəbul olundu, dahi musiqiçi kimi bütün bəşəriyyətə məxsus olmaq şərəfini qazandı. Ən əsası isə özü ilə bərabər Azərbaycan adını bütün dünyaya tanıtdı.

Nə gözəl ki, Üzeyir bəy bəstəkar oldu!..

“Kaspi” qəzeti 1908-ci il 12 yanvar tarixli 10-cu sayında yazırdı: “Bu gün Tağıyev teatrında “Nicat” cəmiyyətinin opera artistləri tərəfindən müəllifin nəzarəti altında müsəlman səhnəsində ilk dəfə olaraq “Leyli və Məcnun” operası oynanacaqdır...”.

 “Leyli və Məcnun” operasının ilk tamaşası Azərbaycan musiqisində inqilab yaratdı və bütünlükdə Şərq aləmində musiqi sahəsində möhtəşəm inqilaba rəvac verdi. 1937-ci ildə səhnəyə qoyulan “Koroğlu”nun ilk tamaşasını izləyən görkəmli rus bəstəkarı Dmitri Şostakoviç heyranlığını gizlətmədən demişdi: “Üzeyir bəy möcüzəsi “Arşın mal alan”dan sonra bir daha özünü büruzə verdi. Bunda bir qanunauyğunluq görürəm...”.

Bəli, o, əsl istedad idi. “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi dəyərli operettaların həm librettolarını, həm də musiqisini yazmışdı. Bu isə hətta dünya çapında da çox nadir hadisədir: İki dahinin vəzifəsini yerinə yetirərək böyük bir işin öhdəsindən gəlmək yalnız qüdrət sahiblərinə məxsusdur.

1913-cü ildə tamaşaya qoyulan “Arşın mal alan” operettası sözün əsl mənasında dünya səhnələrində zəfər yürüşünə başladı. Onu gözü götürməyən ermənilərin indiyədək bir qədər gizli gedən mübarizəsi də gücləndi. Üzeyir bəyi fiziki cəhətdən yox etmək planları pozulan ermənilər bəstəkarın bütün Şərq aləmində ilk operanı yaratması həqiqəti ilə barışmır, onun adını tarix səhifələrindən silməyə çalışırdılar.

Dünyanın musiqi korifeyləri sırasında şərəfli yer tutan Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili səhnə əsəri istər bir operetta, istərsə də ekran əsəri kimi ən çox təcavüzə məruz qalan, erməni vandallarının mənimsəmək naminə onu öz adlarına çıxardıqları mükəmməl yaradıcılıq nümunəsidir.

Onlarca xalq və bəstəkar mahnısı da bu qəbildən mənimsənilmişdi. İş o yerə çatmışdı ki, sovet dönəmində də Amerikada bir musiqi ensiklopediyası nəşr edənlər erməni fırıldaqçılarının fitvası ilə Qara Qarayev kimi dünya şöhrətli azərbaycanlı bəstəkarı da oxuculara erməni kimi təqdim etmişdilər.

Azərbaycan xalq musiqisinin toplanması və gözəl tərtibatla nəşri məsələsini diqqətə çatdıran, bəzi qeyri-türk sənətçilərin Azərbaycan musiqisinə yanaşmada yol verdikləri nöqsanlardan narahatlığını ifadə edən dahi bəstəkar ermənilərin bu xislətini pisləyərək yazırdı: “...Anton Mailyan digər bəstəkarların əsərlərini mənimsəyir, onları özününkü kimi camaata təqdim edir. Məsələn, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında “Haydı, qızlar” mahnısını A.Mailyan xorun afişa proqramlarında öz adına yazmışdı. Bununla yanaşı, Mailyan “Ay yoldaşlar” mahnısını da nota köçürmüş və müəllif kimi tamaşaçılara sırımışdır.

Biz xalq mahnılarımızı toplamalı və nəşr etməliyik. O zaman heç kəs cürət etməz ki, bunlara sahib çıxsın. Digər tərəfdən həmin nəğmələr it-bat olmaz”.

Bəli, böyük sənət ucalıqlarını fəth etməkdə olan Azərbaycan musiqisi, sənət xadimlərimiz qibtə doğurmaya bilməz. Məhz bu səbəbdən də ermənilər sənət nümunələrimizi, dahi ustadlarımızı əvvəlcə xəyallarında özününküləşdirir, sonra “arzularını gerçəkləşdirmək” həvəsinə düşəndə isə alınmır: qazdıqları tələyə özləri düşürlər. Elə 44 günlük Vətən müharibəsi də bunu sübut etdi. İşğal etdikləri Azərbaycan torpaqlarında adi daş parçasını belə özününküləşdirmək istəyən ermənilər min bir oyundan çıxdılar. Dini, mədəni abidələrimizi viran qoydular, saxta tarix yaratmağa çalışdılar, o yerlərin sahibi olduqlarını yalanlarla sübut etmək istədilər. Tarixin izlərini isə silib atmaq mümkün deyil, gec-tez həqiqət hər zaman üzə çıxır, haqq öz yerini tutur. Elə güllələnmiş heykəllərin öz yerlərinə qayıtdıqları kimi...

Şuşanın işğalı zamanı ermənilər dahi Üzeyirin, Bülbülün, Xurşidbanu Natəvanın büstlərini də güllə baran etmiş, sonra da onları özləri ilə aparmışdılar, lakin ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu sənət abidələri geri alınmışdı. Vətən müharibəsindəki tarixi qələbədən sonra həmin güllələnmiş büstlər Şuşada əvvəlki yerlərinə qaytarıldı.

Dahi bəstəkarın 1985-ci ildə Şuşada ucaldılan heykəli 1992-ci ildə erməni vandalları tərəfindən darmadağın edilmişdi. Bu günlərdə isə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada keçirilən “Vaqif poeziyası günləri” mədəniyyət tədbiri çərçivəsində həm də dahi Üzeyirin yeni heykəlinin açılışında iştirak etdilər. Bu isə öz növbəsində həm də Üzeyir sənətinin həmişə zirvədə durduğunu təsdiqləyən mühüm amildir. O zirvəyə gedən yol isə bax, belə çətin olmuşdu.

Qarabağ muğam məktəbinin nümayəndəsi olan Üzeyir Hacıbəyli qəlbən, ruhən muğama yaxın olmuş, bu da onun fitri istedadının daha düzgün istiqamətlənməsinə, muğamın qüdrəti ilə möhtəşəm musiqi nümunələri yaratmasına kömək etdi. Əsrin əvvəllərində Azərbaycanda Şərqin ilk operası yarandı, Üzeyir Hacıbəylini müdriklik, dahilik zirvəsinə ucaltdı. Musiqidə Üzeyir məktəbi yaranmaqla, Azərbaycan musiqisi bütün dünyada seçilən bir musiqi oldu.

Muğam üzərində köklənən Üzeyir məktəbi dünya simfonik musiqisində Q.Qarayev, F.Əmirov, A.Məlikov kimi nəhənglərin formalaşmasına kömək etdi. Mahnı janrında T.Quliyevin əvəzsiz əsərləri yarandı. R.Behbudov, M.Maqomayev kimi sənətkarlar bütün dünyaya səs saldılar. Vaqif Mustafazadə dünya musiqi bilicilərinin diqqət mərkəzinə gəldi. Musiqidə muğam üstündə köklənmiş Üzeyir məktəbi, eyni zamanda, muğama yeni bir gözlə baxmağa, muğamı daha dərindən dərk etməyə imkan yaradır. Belə bir imkandan bəhrələnən Alim Qasımov artıq bütün dünyada Şərq mədəniyyətinin təmsilçisi kimi tanınır. “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir”- deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində muğamlarımızın  da, Azərbaycan incəsənətinin ən qədim növlərindən biri olan aşıq sənətinin YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi də mədəniyyətimizin böyük uğurudur. 

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti yüksək dəyərləndirilməlidir. Fondun YUNESKO ilə əməkdaşlığı çərçivəsində Üzeyir Hacıbəylinin Bakıda və Parisdə 120 illik yubileyi keçirilmişdir. Vyana Kamera Teatrı ilə birgə bəstəkarın “Arşın mal alan” əsərinin səhnələşdirilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

Son illər hər il sentyabrın 18-i dahi Üzeyir bəyin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Qulam Məmmədlinin “Üzeyir Hacıbəyli. Həyat və yaradıcılıq salnaməsi” kitabından bir qeyd: “Şuşalı Əbdülhüseyn bəy Hacıbəylinin arvadı Şirin xanım Ağcabədidə, öz qohumlarının evində qonaq olduğu zaman bir oğlan doğmuş, adını Üzeyir qoymuşlar...”. Həmin gün dünyaya göz açan bu cocuq dünyaya günəş kimi doğdu, bir ailənin, bir millətin deyil, dünyanın övladı oldu.

Üzeyir bəyin səhnə yaradıcılığı, sənət və əbədi irsi müasir musiqi mədəniyyətinin təbliğində çox önəmlidir. Onun Şərq ölkələrinin musiqi mədəniyyətinin inkişafındakı tarixi xidmətləri isə əvəzsizdir. İllər, qərinələr, əsrlər bir-birini əvəz edəcək, “Koroğlu” operasının möhtəşəm uvertürası öz əzəməti ilə ruhumuza, qanımıza qəhrəmanlıq simvolu kimi əbədi həkk olunacaq. Bu musiqi parçasını həyəcansız dinləmək mümkün deyil, çünki, qoç Koroğlunun, Babəkin, Cavanşirin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin şəhadəti, Azərbaycanın musiqi beşiyi olan, mədəniyyət paytaxtı-Şuşamızı azadlığa qovuşduran qəhrəmanlarımızın nərəsidir o ...Onun müəllifini əbədi anılmaq, xalqının sevimlisi olmaq səadətinə qovuşduran da elə Üzeyir musiqisinin gücü, qüdrətidir...

Zümrüd QURBANQIZI,

“Respublika”.