Azərbaycan dünya mediasında
Diaspor

Azərbaycan dünya mediasında

"Kafkazplus.ge": Azərbaycan Cənubi Qafqaz regionu üçün sabitliyi seçdi

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu, ölkədə doqquzuncu, lakin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra keçirilən ilk prezident seçkiləri oldu.

"Qarabağda ilk dəfə olaraq Azərbaycanın dövlət başçısının qanuni və legitim prezident seçkiləri keçirilib. Əvvəllər işğal altında olan Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərində seçki məntəqələri açılıb. Keçirilən seçkilər həm hazırkı prezidentə, həm də onun siyasətinə etimad səsverməsinə çevrildi. Bu da Cənubi Qafqaz üçün hökm sürən sabitlik prosesinin hələ ən azı 7 il də davam edəcəyini təmin etdi", - deyə "Kafkazplus.ge" nəşri qeyd edib.

"EURONEWS": Prezident İlham Əli

yev seçkilərdə qalib gəldi

Məşhur "Euronews" xəbər saytı İlham Əliyevin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gəldiyi barədə məlumat yayımlayıb.

Məlumatda bildirilib ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov İlham Əliyevin 92,1 faiz səs topladığını açıqlayıb. Seçkidə 4 milyon 971 min seçicinin səs verdiyini deyən Məzahir Pənahov seçici fəallığının 76,73 faiz olduğunu söyləyib.

"Hraparak":İlham Əliyev bizə diplomatiyanı aparmağı, xalq olmağın əsasını öyrətdi

Ermənistanın "Hraparak" nəşri dövlət başçımızdan bəhs edən məqalə paylaşıb.

Yazıda erməni rəhbərlərinə Müzəffər Ali Baş Komandandan dərs almaları üçün çağırış edilib: "İlham Əliyevin bizə verdiyi ən böyük dərs nə oldu? O, bizə öyrətdi ki, heç vaxt vətəndən əl çəkməmək lazımdır. Azərbaycan Prezidenti bizə diplomatiyanı aparmağı, xalq olmağın əsasını, eləcə də cəmiyyətimizlə işləməyi, cəmiyyətin dövlətin möhkəmləndirilməsində rolunu təmin etməyi öyrətdi. İlham Əliyev göstərdi ki, bu bölgədə, bu dünyada yalnız yaxşı silahlanmış, ləyaqətlə təşkil olunmuş ordu təhlükəsizliyi, sülhü və tarixi ədaləti bərpa edə bilər. Onun bizə öyrətdiyi bir çox dərslərdən ən önəmlisi budur: heç vaxt depressiyaya düşməmək, arzulara çatmaq üçün ağır iş aparmaq".

"MENAFN": Azərbaycan nefti bahalaşıb

"MENAFN" xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Belə ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 2,54 dollar və ya 3,01 faiz artaraq, 86,95 dollar olub. "Azeri LT FOB Ceyhan" markalı neftin bir barrelinin qiyməti 2,59 dollar bahalaşaraq 85,43 dollar təşkil edib. URALS neftinin qiyməti 65,34 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,91 dollar çoxdur.

Ümumilikdə, Şimal dənizində hasil edilən Dated Brent markalı neftin bir barrelinin dəyəri əvvəlki göstərici ilə müqayisədə 2,79 dollar artaraq 84,48 dollara çatıb.

"Pakistan Observer": Azərbaycan və Çin "Alibaba" platformasında məhsulların tanıtımını müzakirə edirlər

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdə olub.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çində nəqliyyat vasitələrinin istehsalı ilə məşğul olan müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşdə, Azərbaycanda birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə olunub. "Alibaba"nın qloballaşma ofisinin rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan məhsullarının onun elektron ticarət platformasında təşviqi məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Pekində "Made in Azerbaijan" brend məhsullarının təqdim olunduğu Azərbaycan Ticarət Evində də olub.

"Vestnik Kavkaza": Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub

UEFA Millətlər Liqasının yeni mövsümü üçün Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

"Vestnik Kavkaza" xəbər verir ki, püşkatmada Azərbaycan millisinin rəqibləri bəlli olub. Yığmamız C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

"Respublika".