DÜNYA XƏBƏRLƏRİ

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA VƏ MOLDOVANIN AVROPA İTTIFAQINA ÜZVLÜYÜ MÜZAKİRƏ EDILƏCƏK

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə birliyə qoşulmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edəcəklər. “TASS” agentliyinin verdiyi xəbərə görə,  bu barədə “Röyters” məlumat yayıb.

Məlumata əsasən, sammitin yekun bəyannaməsi layihəsində qeyd edilir ki, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamağı nəzərdən keçirir.

Eyni zamanda, Aİ liderləri Bosniya və Herseqovinanın lazımi şərtləri yerinə yetirdiyi zaman bu ölkə ilə də üzvlüklə bağlı danışıqlara başlamağa hazır olduqlarını bəyan edəcəklər.

Bəyannamə layihəsində həmçinin bildirilir ki, lazımi şərtləri yerinə yetirərsə, Aİ Gürcüstana birliyə üzv olmaq üçün namizəd statusu verməyə hazırdır.

Avropalı diplomatlar qeyd edirlər ki, bu, sammitdən əvvəl üzv ölkələrin nümayəndələri arasında aparılan danışıqlar zamanı dəyişdiriləcəyi gözlənilən yekun bəyannamənin ilk variantıdır.

TÜRKİYƏ DİN ANTİTERROR ƏMƏLİYYATLARI HAQDA HESABAT YAYIB

Türkiyənin daxilinə sızan FETÖ üzvlərinə qarşı son altı ayda  2839 əməliyyat keçirilib. Nəticədə 4482 nəfər saxlanılıb. Onlardan 994-ü həbs edilib, 933-ü barəsində isə məhkəmə nəzarəti qərarı verilib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son altı aylıq fəaliyyət hesabatını təqdim edərkən bəyan edib.

Bununla yanaşı, terror təşkilatları ilə mübarizə haqqında danışan nazir bildirib ki, bu müddət ərzində İŞİD-ə qarşı 728 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 98 terrorçu zərərsizləşdirilib, 1254 şübhəli saxlanılıb, 317 nəfər həbs edilib. Onlardan 37-si müxtəlif kateqoriyalarda axtarışda olan terrorçulardır.

Türkiyədə həyata keçirilən “NARVAS” xəbərvermə və analiz tətbiqi layihəsi haqqında söz açan Ali Yerlikaya vurğulayıb ki, təkcə noyabr ayı ərzində 30 böyük şəhərdə narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı 9675 məlumat daxil olub. Bunların 3945 İstanbuldadır. Narkotik cinayətlərə görə 124 nəfər məsuliyyətə cəlb edilib, onlardan 503-ü müxtəlif cinayətlərə görə axtarışda olub.

QIRĞIZISTAN VƏ TACİKİSTAN ARASINDA SƏRHƏD MÜBAHİSƏSİ SONA ÇATIR

Qırğızıstan və Tacikistan dövlət sərhədinin daha 24 kilometr hissəsi barədə razılığa gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Buston şəhərində baş tutub. Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə işlərini davam etdirəcəklər. İclasın yekunlarına əsasən, müvafiq protokol imzalanıb.

Qırğızıstan və Tacikistan sərhədi tez-tez yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında ciddi mübahisə zonasına çevrilir. Səbəb sərhədin hansı ərazilərdən keçdiyinin müəyyən olunmamasıdır.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası üzrə danışıqlar ötən ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu hər iki dövlət tərəfindən müəyyən edilib və qarşılıqlı surətdə tanınıb.

NASA AYA ENİŞ EDİLƏCƏYİ TARİXİ AÇIQLAYIB

NASA yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir. “Trend” agentliyinin məlumatına görə, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.

ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn il yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

Qeyd edilir ki, “Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.

BMT RUSİYANIN KOSMOSLA BAĞLI QƏTNAMƏ LAYİHƏSİNİ QƏBUL EDİB

BMT Baş Assambleyası plenar iclas keçirərək, Rusiyanın təklif etdiyi kosmosda silahların yerləşdirilməməsinə dair qətnamə layihəsini qəbul edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, sənədin həmmüəllifləri arasında Belarus, Çin, Şimali Koreya, Kuba və Misir də var.

Məlumata əsasən, təşəbbüsün lehinə 127, əleyhinə 51 ölkə səs verib. 6 ölkənin nümayəndəsi isə səsvermədə bitərəf qalıb.

Bununla yanaşı, bildirilir ki, qətnamə bütün ölkələri, xüsusən də kosmik imkanlara malik olan dövlətləri kosmosda silah yerləşdirən ilk ölkə olmamaq barədə öhdəlik götürməyə çağırır.

Eyni zamanda, dövlətlər 2008-ci ildə Rusiya Federasiyası və Çin tərəfindən hazırlanmış layihə əsasında kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair müqavilə layihəsi üzərində mümkün qədər tez işə başlamağa dəvət olunurlar.

KÖRFƏZ ÖLKƏLƏRİ QƏZZANIN BƏRPASINA 1,6 MİLYARD DOLLAR VƏD EDİR

Qətərin paytaxtı Doha şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının sammitində liderlər Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın katibliyinin saytında dərc olunan məlumatda qeyd olunur.

“Sammit iştirakçıları 2009-cu ildə yaradılan - Qəzza zolağının Yenidənqurulması üzrə Əməkdaşlıq Şurasının Proqramı çərçivəsində birbaşa ikitərəfli yardıma əlavə olaraq 1,646 milyard dollar ayırmağa vəd ediblər", - deyə sammitin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd olunub.

Xəbər verilir ki, sammit iştirakçıları həmçinin Qətər, Misir və ABŞ-ın İsrail və HƏMAS arasında humanitar fasilə ilə bağlı razılaşmalara səbəb olan vasitəçilik səylərini də yüksək qiymətləndiriblər.

Eyni zamanda, körfəz ölkələrinin liderləri “tam və davamlı atəşkəsə” nail olmaq üçün anklavda atəşkəsi dərhal bərpa etməyə çağırıblar.

NİGERİYADA HƏRBÇİLƏR SƏHVƏN PUA İLƏ DİNC SAKİNLƏRİ BOMBALADI

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında terrorçularla mübarizə üçün nəzərdə tutulmuş orduya məxsus dronun endirdiyi zərbə nəticəsində 85 kənd sakini həlak olub. “Röyters” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Agentliyin açıqlamasına görə, ölənlər arasında çoxlu sayda qadınlar və uşaqlar var.

“Mövlud bayramını qeyd edən müsəlman möminlər səhvən öldürülüb, çoxlu sayda insan isə dronun hücumu nəticəsində yaralanıb”, - deyə Kaduna ştatının qubernatoru Uba Sani vurğulayıb.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Komissarı Samuel Aruvanın sözlərinə görə, onlarca yaralı yerli xəstəxanalara çatdırılıb. Onun sözlərinə görə, hərbçilər üsyançılara qarşı adi reyd zamanı mülki əhaliyə “ehtiyatsızlıqdan zərbələr endiriblər”.

Qeyd edildiyi kimi, hərbçilər adətən ölkənin şimalında fəaliyyət göstərən quldur qrupları və üsyançıları izləmək və onlara qarşı mübarizə aparmaq üçün pilotsuz vasitələrdən istifadə edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.