Ölməz qəhrəmanlar
Bölgələr

Ölməz qəhrəmanlar

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarənin və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları şəhid Xəyal Əlövsət oğlu Əhədzadənin doğum günündə məzarını ziyarət ediblər.

Qısa ömür yolunda adını tarixin şərəfli səhifəsinə yazan şəhidimiz 27 sentyabr 2020-ci ildə başlanan, 44 gün çəkən müharibədə Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsini göstərib. 30 illik xalqın torpaq həsrətinə son qoyan igid Vətən sevdalısı dövlət tərəfindən "Azərbaycan Bayrağı" ordeninə, 3-cü dərəcəli "Hərbi Xidmətdə Fərqlənməyə görə", Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Şuşanın azad olunmasına görə medallarına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Xəyal Əhədzadə 13 sentyabr 2022-ci il tarixdə düşmən təxribatının qarşısı alınması zamanı canından keçərək əbədiyyət dünyasına qovuşub.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Vətən müharibəsi iştirakçısı gizir Xəyal Əlövsət oğlunun doğma Azərbaycana bağlılığını, igidliyini, şücaətini dövlət başçısı yüksək qiymətləndirərək onu 3-cü dərəcəli "Rəşadət ordeni" və "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif etmişdir.

Xəyal Əhədzadə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olub. 2012-ci ildə Boks idman növü üzrə məktəblilərin Azərbaycan çempionatında 40 kiloqram çəki dərəcəsində birinci yeri qazanıb.

 Lənkəranın igid oğlu Xəyal Vətənin azadlığı, xalqının xoş gələcəyi naminə canından keçdi. Odur ki, cismən aramızdan getsə də, onun yeri əbədi milyonların ürəyi olacaq.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.