İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

26- dünya çempionatına yekun vurulub

Bakıda keçirilən taekvondo üzrə 26- dünya çempionatına yekun vurulub. "Baku Crystal Hall"da təşkil olunan çempionatda ümumilikdə 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Çempionatın sonuncu günündə iki idmançımız dayaq üzərinə çıxıb. Çempionatda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həmidrza Bədriəliabadi dörddəbir finalda türkiyəli Emre Ateşliyə məğlub olub. Yığmamızın digər üzvü Səmərrux Osmanova (53 kq) 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşıb. Ümumilikdə, 24 ölkə çempionatdan medallarla ayrılıb. Kişilərin medal sıralamasında Koreya, qadınların mübarizəsində isə Türkiyə birinci olub. Medal qazanan 64 idmançıdan 10-u ilk dəfə dünya çempionları sırasında yer alıb. Daha 31 idmançı dünya çempionatında ilk medallarına sahib olub.

 

Cüdoçumuz bürünc medal qazanıb

Tacikistanda keçirilən Qran-Pri turnirində cüdoçumuz bürünc medal qazanıb.

Düşənbə şəhərində keçirilən turnirdə 90 kiloqram çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gəlib.

 

Atletika üzrə ölkə çempionatında rekord maraqlı nəticə qeydə alınıb

Atletika üzrə 94- Azərbaycan çempionatının 2-ci günü rekordlarla yadda qalıb. Belə ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb. Bununla da o, Azərbaycan atletika tarixində 8 metr həddinə çatan ikinci idmançı olub. Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 metr göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur. Kəsgin Abbaszadə 7.83 metr nəticə ilə ölkə çempionatında ikinci yeri tutub. Bu göstərici ilə K.Abbaszadə U-20 U-23 Azərbaycan rekorduna sahib çıxıb. O, bu yaş kateqoriyasında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.

Nərgiz İSMAYILOVA,

"Respublika".