Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Nizami Gəncəvi

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi... Adı dünya ədəbiyyatının görkəmli klassikləri sırasında ən öndə çəkilən bu dahi şəxsiyyətin “Xəmsə” (beşlik) adlanan məşhur əsərləri sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır. Onun şəxsi həyatı ilə bağlı məlumatlar olduqca az olsa da, deyilənlərə görə, bu dahi şəxsiyyət qadın gözəlliyinin vurğunu, eşq şairi olub. Lakin sevgidə bəxti gətirməyən şairin demək olar ki, bütün həyatı aşiq olduğu qadınların itkisini yaşamaqla keçib...

Gəncədə doğulduğu üçün Gəncəvi təxəllüsü ilə tanınan şairin əsl adı İlyasdır. Nizami Gəncəvi hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb.  Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlə bəhs edib. Nizami Gəncəvi dayısının himayəsində tək deyil, qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. 

Həddindən ziyadə gözütox olan şair bir o qədər də təvazökar insan olub. Dövrünün şairlərindən fərqli olaraq o, hökmdarların sarayından uzaq duraraq sadə həyat tərzi yaşayıb. Dünya şöhrətli şair bunu belə şərh edib: "Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla oturub  durmaqdan çəkin, çünki bu, pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqca yanar".

Tarix, din, riyaziyyat, astronomiya, fəlsəfə, hətta musiqi sahəsində də geniş biliyə malik olan Nizami səbirsizlikdən uzaq  əxlaq sahibi olub. Uca Allaha inanan, peyğəmbərə bağlı,  sadiq bir müsəlman olan Nizami dünya nemətlərindən sui-istifadə, israf, bəd əməllər və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevən biri idi.

Evlənmə məsələsində isə təkarvadlılığın  tərəfdarı idi şair. Həyatı boyu üç dəfə ailə həyatı quran Nizami bu haqda belə deyib: “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

Şairin ilk evləndiyi  qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaq kəniz olub. Bu türk qızını Nizami Gəncəvi son dərəcə çox sevib və onunla 32 yaşı olarkən ailə həyatı qurub. Canı kimi sevdiyi yeganə oğlu Məhəmmədin anası da məhz həmin türk gözəli olub. Qıpçaq gözəli Afaq şair “Xosrov və Şirin” əsərini yazarkən  dünyasını dəyişib. Məhz Afaqa olan məhəbbəti Nizaminin yaradıcılığına yeni axar gətirib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən öz qadınını nəzərdə tutub.

Dahi şair qadınının vəfatından bir qədər sonra Gövhər adlı xanımla evlənir. Lakin bu qadın isə şairə qarşı edilən sui-qəsdin qurbanı olur. Belə ki, hadisənin əsas səbəbi Nizami Gəncəvinin Əlamut şeyxləri ilə aralarındakı pis münasibətdən qaynaqlanır. Bəzi mənbələrə görə, Atabəylər dövlətinin görkəmli hökmdarı Qızıl Arslan Gəncənin yaxınlığında yerləşən Həmduniyan kəndini böyük şairə bağışlayır. Kəndin əvvəlki sahibi isə Əlamut şeyxləri ilə əlaqədə olan birisi imiş. Nəticədə kəndin əlindən çıxması ilə barışmayan həmin şəxs kömək üçün Əlamut ismaililərinə (şiə məzhəbinin bir qolu) müraciət edir və kömək istəyir. Onlar da  torpağı sahibinə qaytarmaqla bağlı şairə xəbərdarlıq məktubu göndərirlər. Nizami isə fədailərdən məktub alsa da, atabəy Qızıl Arslanı özünə arxa bildiyi üçün buna məhəl qoymur. Bu səbəbdən də fədailər sonuncu xəbərdarlıq kimi, gecə şairin evinə girib balıncının yanına bıçaq saplayırlar. Bunun da nəticəsiz olduğunu görən qatillər növbəti gecə evə basqın edirlər. Lakin səhvən Nizami Gəncəvinin yerinə həyat yoldaşı Gövhəri öldürürlər...

Nizaminin üçüncü həyat yoldaşı isə Ağca adlı xanım olur. Şairə çox ehtiram edən Ağcanın qohumları hətta onunçün Qumda qala – qəsr tikdirirlər. Deyilənə görə, Nizami Gəncəvi arvadı Ağca xanım ilə yay aylarında ora gedib dincəlirmiş. Amma şairin xoşbəxtliyi uzun çəkmir. Ağcanın vaxtsız ölümündən sonra Nizaminin bu yerlərdən əli-ayağı kəsilir və həmin qala da sahibsiz qalır.

Dahi şairimiz ömrünün yarım əsrlik bir qismini sənət, hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 63 yaşında "müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub...”.

 

Cəlil Məmmədquluzadə

"Poçt qutusu", "Qurbanəli bəy", "Ölülər", “Danabaş kəndinin əhvalatı" kimi məşhur əsərləri ilə oxucularının qəlbini fəth edən yazıçımız – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə... Şərqdə ilk satirik jurnal – “Molla Nəsrəddin”in banisi Cəlil Məmmədquluzadə  yaradıcılığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri, vərdişləri ilə də  yaddaşlarda qalıb. Öləndə molla istəməyən, pinti adamları sevməyən, ilin hər fəslində soyuq suda çimən, ömrünün sonuna qədər bədənində güllə gəzdirən bu  yazıçımız  çox çətin və keşməkeşli həyat yaşayıb...

Naxçıvan şəhərində kiçik tacir ailəsində dünyaya gələn yazıçının  doğum tarixi uzun müddət mübahisəli olub. Sonralar onun doğum şəhadətnaməsini professor, ailənin yaxın dostu Əziz Şərif tapıb və məlum olub ki, yazıçı 1866-cı ildə dünyaya göz açıb.

Yazıçı tək işləməyi sevərdi, ən xırda səs belə onun fikrini dağıdıb, işini yarımçıq qoya bilərdi.  Təmizliyinə qarşı isə son dərəcə həssas olan Mirzə Cəlil tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu. Ən maraqlısı isə odur ki, hətta bunu hər kəsə elan etməkdən çəkinmədən redaksiyanın girəcəyindəki divara da yazıb vurmuşdu: "Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur”.

Adətən gecə saat 4-ə kimi işləyən, səhərlər yuxudan gec qalxan yazıçı  pis yatanda  əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olardı. Onun qeyri-adi vərdişlərindən biri isə ilin bütün  fəsillərində  soyuq suda çimməsi idi. Hətta qışda da otağının pəncələrini açıq qoymaq kimi adəti vardı. Qənaətcil idi, hər qəpiyinin qədrini bilirdi. Eyni zamanda çox xeyirxah, axırıncı tikəsini başqasına verməyə hazır adamıydı. Həmişə fikirli olurdu. Çox kəskin eşitmə və iybilmə qabiliyyəti vardı. Hər kəsi spesifik  qoxusuna görə tanıya, qonşu otaqdakı pıçıltını belə eşidə bilirdi. Hər adama asanlıqla inanmaz, çox tez də inciyərdi. Bakının havasını, ümumilikdə şəhər həyatını heç sevməyən yazıçı hər zaman təbiətə, kənd mühitinə can atarmış. 

Həyatı boyu 3 dəfə ailə həyatı quran Mirzə Cəlilin ilk evliliyi Nehrəmdə kənd qızlarından Həlimə adlı xanımla olub. Onların Münəvvər adında bir qızları doğulub.  Həlimə xanım rəhmətə gedəndən bir neçə il sonra isə Mirzə Cəlil dostu Məmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanıma vurulur, bir çox maneələri aşaraq onunla evlənir. Deyilənlərə görə, Mirzə Cəlil Nazlını çox sevirmiş. (Hətta öləndə də onun yanında dəfn olunmağı vəsiyyət edib).  Nazlı xanım da ona dəlicəsinə aşiqmiş. Və Cəlilin vaxtının çoxunu işinə sərf etməsini qəbul etmirmiş. Onu qısqanır, aylarla danışdırmırmış. Lakin vaxtından əvvəl ölü uşaq dünyaya gətirən Nazlı xanım zaman keçdikcə psixoloji problemlər yaşayır və vəfat edir. Uzun müddət bundan çox böyük sarsıntı keçirən yazıçı sonralar Həmidə xanımla ailə qurur və bu evlilik ömrünün sonuna qədər davam edir.

Yazıçı gənc yaşından səhhətində problemlər yaşayıb. Belə ki, Mirzə Cəlilin səhhəti çox erkən, 35-40 yaşlarında pozulmağa başlayıb. O, ömrünün sonunacan revmatizm, hipertoniya, skleroz xəstəliklərindən, ürək və baş ağrılarından əziyyət çəkib. Eyni zamanda böyük ailəsini dolandırmaqda da hər zaman çətinliklərlə üzləşib, maddi problemlərdən xilas ola bilməyib. Bəlkə də çoxları bilmir ki, Mirzə Cəlil ömrünün sonunacan bədənindəki güllə ilə yaşayıb. Belə ki, yazıçı evdə tapançasını təmizləyib patronla doldurarkən silah əlində açılır və sol əlinin baş barmağı yaralanır. Qanı kəsmək mümkün olsa da, gülləni baş barmağın ətrafındakı toxumadan çıxarmaq mümkün olmur. O, 30 ildən artıq bədənindəki gülləylə yaşayır. Amma Mirzənin həyatındakı maraqlı detallar bununla bitmir. Bir dəfə kənddə atdan yıxılsa da xoşbəxtlikdən zədələnmir. Lakin sonradan məlum olur ki, onda skleroz xəstəliyi var. Günlərin birində tez-tez müayinədən keçən yazıçıya  həkimi  ağzı bağlı zərf verir ki, Bakıda onu müalicə edəcək digər həkimə çatdırsın. Mirzə səbir edə bilməyib məktubu oxuyur. Məktubda “Xəstənin kitabı bağlanmışdır. O, iki aydan artıq yaşamaz” yazılıbmış. Bu məktub Mirzə Cəlilə çox pis təsir edir. Dövrünün ən cəsarətli qələm sahibi ölümdən bərk qorxurmuş. Məlum məktubdan sonra bir il də yaşayır. Hadisədən on ay keçəndən sonra Mirzə Həmidə xanıma deyirmiş: “Həkim səhv edibmiş, mən onun müəyyən etdiyi vaxtdan 10 ay artıq yaşamışam”.

Deyilənlərə görə, Mirzə Cəlil ömrünün son günlərində Həmidə xanıma qəfil öləcəyini, heç kəsi narahat etməyəcəyini söyləyib, molla çağırmamağı tapşırıbmış. Ölümünün yaxınlaşdığını isə iki gün öncədən hiss edib. İki gün sonra beyninə qan sızan yazıçı 62 yaşında yaxınlarının əhatəsində həyata vida edib...

 

Alp Arslan

Səlcuqlu Türkləri Türk-İslam tarixinə dörd böyük imperator (Toğrul Bəy, Alp Arslan, Məlikşah və Sultan Səncər) bəxş etmişlər ki, bunlardan biri də dünya tarixində dönüş yaradan, sağlığında belə “Cahan Sultanı”, “Fatehlər Atası”, “Adil Sultan” adlandırılan, “Malazqırt qəhrəmanı” Alp Arslandır...

Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu Alp Arslan dövlətin yarandığı bir dövrdə, çətin şəraitdə böyümüş, kiçik yaşlarından hərbi işlərlə məşğul olmuşdur.  Əmisi Sultan Toğrul Bəy öldüyü zaman isə Alp Arslan 34 yaşında idi. Bir sıra meydan müharibələrində qələbə qazanan Alp Arslan çox şöhrətli bir komandan olaraq tanınırdı. Xorasan kimi Səlcuqlu Türk İmperatorluğunun ən mühüm əyalətinin başında duran Alp Arslanı atası Çağrı Bəy öldükdən sonra əmisi Sultan Toğrul Bəy onun yerinə “Əmir” təyin etmişdi.

 Şərqin və Qərbin hakimi Toğrul bəyin vəfatından sonra isə onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə onu məğlub edərək hakimiyyəti ələ aldı və 36 yaşında sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi.

 Bir dəfə Sultan Alp Arslan qoşunu ilə Bizans torpaqlarına sarı irəliləyərkən kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi: "300.000 düşmən ordusu bizə çox yaxınlaşmışdır". Alp Arslan da halını pozmadan demişdir: "Biz də onlara yaxınlaşmışıq".

Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə iki dəfə alınan xəracdan azad etmiş, hər il Ramazan ayında Bəlx, Morv, Hərat və Nişapurun ehtiyacı olan əhalisinə bəxşiş  paylamışdır.     Deyilənlərə görə, elə həmin dövrdə o, vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub vasitəsilə xəbər tutur və onu hüzuruna çağırıb belə deyir: "Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə, xasiyyətini dəyiş. Yox, əgər yalandırsa, cəsarətinə görə həmin şəxsi bağışla və ona divanda mühüm bir iş ver ki, belə adamlar yalan və böhtandan əl çəksinlər".

 Dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı, xəyanətkarlığa qarşı  isə çox amansız olan sultan həyatı boyu iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Aka, ikinci isə Səfərriyə Xatun olub. Onun iki izdivacdan Muizzəddin Məlikşah, Tacüddevlə Tutuş, İzzəddin Arslan Argun, Böri Bars, Tuğrul, Ayaz, Togan, Arslan, Tekiş, Ayşe ve Züleyxa adlı övladları dünyaya gəlib.

Böyük Türk Xaqanı gənc yaşda bir sui-qəsdə qurban gedib. Belə ki,  Alp Arslan 9 illik sultanlıqdan sonra 43 yaşında hiylə ilə onun yanına soxulan bir qaraxanlı qala mühafizi tərəfindən xəncərlə qətlə yetirilmiş, Mərvdə dəfn edilmişdir. O, xain qala komandanı tərəfindən qətlə yetirilərkən: “Türküstan səfərində bir təpə üzərinə çıxdığımız vaxt ordumun əzəmətindən və əsgərlərimin çoxluğundan altımda yerlərin titrədiyini hiss edir və öz-özümə: Mən dünyanın hökmdarıyam. Heç bir qüvvə mənə qarşı çıxa bilməz. Bu ordu ilə Çini belə fəth edərəm deyirdim. Bu qürur üzündən belə bir vəziyyətə düşdüm. Halbuki hər səfərə çıxışımda Allahdan yardım diləyirdim”,- deyərək təkəbbürün, lovğalığın kimsəyə xeyir gətirməyəcəyini bəyan etmişdi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".