(keçmişdən indiyə)
İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Türkün böyük zəfəri: Çanaqqala savaşı"nı oxuculara təqdim edirik.
"Respublika".
Türkün böyük zəfəri: Çanaqqala savaşı
Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də Türk dünyasının tarixində böyük əhəmiyyət kəsb edən, zəfər dastanına çevrilən Çanaqqala savaşıdır. 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi ərəfəsində Gelibolu yarımadasında Osmanlı imperatorluğu ilə Antanta dövlətləri arasında baş vermiş bu savaş türk xalqının şərəf və qəhrəmanlıq salnaməsidir.
Osmanlı imperiyasının süqutu, yeni dövlətin - Türkiyə Respublikasının yaranması ilə nəticələnən bu hadisə Birinci Dünya müharibəsinə qatılan bütün müttəfiq dövlətlərin tarixinə "hərbi uğursuzluq" faktı kimi yazılıb. Atatürk kimi bir dahini yetişdirən Çanaqqala döyüşü gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaradıb. Bu hadisə daha sonralar Türkiyənin ilk Prezidenti olacaq Mustafa Kamal Atatürkün hərbçi kimi ən parlaq zəfəri hesab edilir.
Çanaqqala döyüşü Rusiyanın nəzarətində olan ərazilərdə müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin də yaranmasına yol açıb. Bu savaş bütün dünyaya sübut etdi ki, döyüşdə qələbə qazanmaq üçün əsas olan üstün say nisbəti və ya yeni texnologiya deyil. Əhəmiyyətli olan igid, vətənpərvər oğulların torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşmasıdır.
Çanaqqala döyüşü bilavasitə Avstraliya və Yeni Zelandiya tarixində də mühüm hadisələrdən biri hesab edilir. Belə ki, döyüş bu iki ölkəni bir-birinə daha da yaxınlaşdırmış, Avstraliya və Yeni Zelandiyanın müstəqil dövlət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Çanaqqala savaşı, həmçinin 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında bağlanan "Lozanna" müqaviləsinin imzalanmasına da səbəb olub. Məhz bu müqavilə sayəsində Türkiyə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisələr üçün də platforma rolunu oynayıb.
Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq üçün boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları uğursuz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var.
Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi.
İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-cü ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən "Mesudiye" zirehli gəmisinə mərmi ataraq onu batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmənin döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.
Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türklərdən təmizləmək idi. Lakin çətin də olsa, türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğrusu, xeyli əraziləri əldən getmiş Osmanlının bu sonuncu ümid torpaqları uğrunda türk xalqı əzmkar mübarizəyə qalxdı və düşmənləri geri oturtmağı bacardı.
Bu dövrdə Mustafa Kamal Paşaya Anafartalar cəbhəsində ordu qruplarından birinə rəhbərlik etmək tapşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək Mustafa Kamal Paşanın dediyi kimi, Seddülbahirdən quruya qoşun çıxarmağa başlayır.
1915-ci il aprelin 25-də adıçəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başlayır. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və "Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək", - deyə bildirdi. Bu, bəlkə də tarix boyu görünmüş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdi.
Ümumiyyətlə, 1914-cü ildə başlanan bu ağır savaşın ilk saatları olduqca dəhşətli keçmişdi. Topçuların açdıqları atəş düşmənin "Agamenon" gəmisinin gövdəsini parçalamış, "İnfexible" gəmisinin komanda məntəqəsini dağıtmışdı. Düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdi. Lakin türk əsgərlərinin mətinliyini və əzmkarlığını, eləcə də döyüşün arzuedilən səviyyədə getmədiyini görən britaniyalı admiral Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq, ingilislərin daha bir neçə gəmisini boğaza yeritmişdi. Buna baxmayaraq, düşmən istəyinə nail ola bilmədi. Türk topçularının açdıqları sərrast atəş nəticəsində Fransanın zədələnən "Gaulois" zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən "Bouvet" gəmisi də döyüş meydanından uzaqlaşmaq istəyərkən mina ilə toqquşaraq partlamış, nəticədə gəmidə olan 639 hərbçi suya qərq olmuşdu. "Bouvet"in yardımına gələn və onu xilas etmək istəyən "Suffren" və "Gaulois" gəmiləri də minaya düşərək batmışdı. Beləliklə, 6 saat ərzində müttəfiqlər 3 böyük zirehli gəmisini itirmiş, bir o qədər də gəmi zədələnmişdi. Bunu görən Robeck donanmaya geri çəkilmək əmri vermiş, bu döyüşlərdə düşmən tamamilə sarsılmış və bir daha dənizdən İstanbulu ələ keçirmək mümkün olmamışdır. Bu, Osmanlı əsgərlərinin Çanaqqala döyüşündə düşmən üzərində qazandıqları ən böyük tarixi zəfər idi.
Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər saldıqda mübarizənin bir ümumxalq mübarizəsi olduğu açıq-aydın özünü göstərir. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak etmişdir. Çoxlu sayda ziyalı həm vuruşmuş, həm də əsl vətənpərvərlik təbliğatı aparmışdır. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırmışdır. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması dünya tarixində mərdlik və cəsurluğun parlaq nümunəsi kimi qiymətləndirilir.
Bundan əlavə, illər ötəndən sonra Çanaqqala döyüşü bir dastana çevrilmişdir. Bu dastandakı qəhrəmanlardan biri də yanındakı topçuların hamısı şəhid olaraq tək qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırdı. Gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq və düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş (qoca seyid) isə tək idi. Atmağa 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Adi vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünmürdü. Amma Seyid çavuş özü də inanmır ki, ona güc haradan gəlir ki, o, 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözlə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyində çox mühüm və əhəmiyyətli rol oynayır.
Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin Baş naziri Uinston Çörçill yazırdı: "Bu an məğlubiyyəti bütün damarlarımda hiss etməkdəyəm. Çox üzgünəm. Daha dünənə qədər ümidim var idi ki, Çanaqqala bizimdir! Çünki bu savaşı qazanmaq üçün əsgəri, pulu, sursatı - hər şeyi hesablamışdım. Hər sahədə çox üstündük. Mütləq qazanacaqdıq. Yalnız bir tək şeyi hesaba almamışdıq: Mustafa Kamalı! İngilis qürurum olmasaydı, türkləri alınlarından öpmək, onları ayaqüstə alqışlamaq istərdim". İngilislərin məşhur birinci donanma rəisi Lord Fişer isə dəhşətə gələrək belə demişdi: "Qəhr olsun. Çanaqqala hamımızın məzarı oldu. Əsgərlik həyatım boyunca belə bir vəziyyətlə qarşılaşmadım. Niyə məğlub olduğumuzu soruşursunuz. Bütün açıqlığıyla gerçəyi bildirmək istəyirəm. Çox cəsur savaşan, bu ordunun və Mustafa Kamal kimi bir komandirin qarşısında aciz qaldıq. Bunu heç zaman unutmayacam".
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, 18 mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Çanaqqalada-Gelibolu yarımadasında min hektar ərazidə salınmış Milli Parkda qəhrəmancasına şəhidlik zirvəsinə çatan türk əsgərlərinin məzarı ilə yanaşı, şəhid olmuş 1200 Azərbaycan döyüşçüsünün məzarı da var ki, bu da milli iftixar doğurur. 1914-1917-ci illər Qafqaz və Şərqi Anadolunun böyük bir hissəsi Rusiya üsuli-idarəsinin hakimiyyəti altında olduğu dövrdə Azərbaycan xalqı təzyiq və təqiblərdən çəkinmədən Türkiyənin ağır günlərində türk xalqının yanında olmuşdur. Osmanlının çətin vəziyyətində azərbaycanlılar da qardaş ölkənin müdafiəsində iştirak etmək üçün öz köməklərini əsirgəməyiblər. Bu isə bir daha onu sübut edir ki, keçmişdə də ata-babalarımız düşmənə qarşı eyni səngərdə birgə mübarizə aparıblar, bu gün də...
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".