İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsi daha çox diqqət mərkəzində oldu. Dəhlizin açılmasının önəmini Prezident İlham Əliyev hələ 14 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilən Zirvə görüşündə açıqlamış, Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini türk dünyasının coğrafi parçalanması adlandırmışdı. Çünki tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı.
Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə çox böyük əhəmiyyəti var. Dəhlizin lokal əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi ölkələrdə inkişafı stimullaşdıran faktor kimi çıxış etməsidir. Yeni dəhliz Azərbaycan, Türkiyə və Ermənistanın ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin açılması ilə Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərinin biri-birinə bağlanması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Dəhlizin regional müstəvidə əhəmiyyətindən danışarkən qeyd etməliyik ki, bu layihənin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan "Naxçıvan tranziti" məsələsinin təsirini azaldacaq. İkinci Qarabağ müharibəsindən sonra İranın anti-Azərbaycan davranışları da məhz buna hesablanır. Bundan əlavə, dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqaməti onun regional müstəvidə digər əhəmiyyətini önə çıxarır. Nəhayət, Zəngəzur layihəsinin interkontinental əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn məhsulların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir.
Beləliklə, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialına malikdir.
Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə ilə yanaşı, Ermənistan, həmçinin Xəzər dənizinin strateji prestiji baxımından bütünlükdə bölgə üçün ciddi əhəmiyyətə malikdir. Belə ki, yükdaşımalar bölgəmizə Orta Asiya ölkələri və o cümlədən Rusiyadan Xəzər dənizi vasitəsilə həyata keçirilir. Dəhlizin açılması bu problemi həll edəcək və yeni ticarət marşrutu meydana çıxacaq ki, bu da regionda yeni iqtisadi və geosiyasi mühit formalaşdıracaq. Bu isə bölgədə sülhün bərqərar olmasını təmin edəcək.
Zəngəzur dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Ermənistan həmişə olduğu kimi, məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən də boyun qaçırır. Azərbaycan isə qalib ölkə olaraq Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə məcbur etməkdə israrlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir sıra çıxışlarında, o cümlədən xalqa yeni - 2023-cü il müraciətində məhz bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır". Həmçinin Prezident 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması bizim təbii hüququmuzdur: "Bu layihə 10 noyabr 2020-ci il tarixli üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) Bəyanatda da əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir... Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir".
Nuranə DAXİLQIZI,
"Respublika".