MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Şizofreniya niyə korlardan yan keçir?

Şizofreniya - düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Bu xəstəlik anadangəlmə kor olan insanlar istisna olmaqla,  hər kəsə təsir edə bilər. Bəs görmə qüsuru olan insanları  şizofreniyadan qoruyan səbəb nədir?

Tibb tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir kor insanda bu xəstəlik aşkar edilməyib. Bu səbəbdən də elm adamları  mövzu ilə bağlı uzun müddət araşdırma aparıblar və  dəqiq bir nəticəyə gələ bilməsələr də bir neçə versiya irəli sürüblər. Gəlin, onlardan bir neçəsinə nəzər salaq...

İlkin olaraq qeyd edək ki, əsasən halüsinasiyalar, qeyri-mütəşəkkil nitq və özünü ifadə edə bilməmə kimi problemlərlə müşayiət olunan bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Xəstəliyin yaranmasında beynin kimyəvi strukturunun pozulması, genetik və ətraf mühit faktorları rol oynayır.  Əlamətləri müxtəlif müalicə yolu ilə müəyyən qədər azaldılsa da, tam olaraq aradan qaldırılması mümkün deyil.

Elm adamlarının fikrincə, görmə qüsuru ilə doğulan insanların beynində diqqət, yaddaş və duyğularla bağlı sahələr normal insanlara nisbətən daha yaxşı inkişaf etdiyi üçün bu vəziyyət onları şizofreniyadan qoruya bilər. Digər ehtimal olunan səbəblərdən  biri isə anadangəlmə kor olan insanların ətraf mühitlə bağlı məlumatlarının, yəni təsəvvürlərinin az olmasıdır. Alimlər düşünürlər ki, məhz bu səbəbdən onlarda halüsinasiyalar inkişaf edə bilmir. Onu da qeyd edək ki, həyatının müəyyən dövründən sonra kor olan insanların isə şizofreniya xəstəliyinə tutulma ehtimalı normal insanlara nisbətən daha yüksəkdir.

Lakin bütün bunlar hələ ki fərziyyə olaraq qalmaqdadır və mövzu ilə bağlı araşdırmalar davam edir. Əgər yaranma səbəbi tapılarsa, şizofreniya xəstəliyi tarixdə qala bilər...

 

Sən demə, ayağımızın ölçüsü...

Yer üzündə kimin nə qədər yaşayacağı heç kimə bəlli deyil. Lakin elm adamları iddia edirlər ki, bunu ayağımızın ölçüsü ilə təxmin etmək mümkündür. Belə ki,  britaniyalı tədqiqatçılar ömür uzunluğu ilə ayaq ölçüsü arasında əlaqə olduğunu ortaya çıxarıblar.

İki il ərzində təxminən 3400-ə yaxın vəfat edən insana aid olan bütün məlumatları toplayan tədqiqatçılar araşdırma apararaq uzunömürlülüyün ayağın ölçüsü ilə bağlı olduğu qənaətinə gəliblər.  Tədqiqata rəhbərlik edən, Kembric Universitetinin professoru Cim Hoc öz açıqlamasında əldə edilən nəticələri qeyd edib:

Belə ki, qadınların ömrü: 35 ölçü - 64 ilə 69 il, 36 ölçü - 70 ilə 76 il, 37 ölçü - 77 ildən 82 ilədək, 38 ölçü - 78 ilə 84 il, 39 ölçü - 73 ildən 75 ilədək, 40 ölçü - 70 ilə 72 il, 41 ölçü - 67 ildən 70 ilədək, 42 ölçü - 66 ilə 69 il, kişilərin ömrü isə: 38 ölçü - 66 ilə 69 il, 39 ölçü - 67 ilə 72 il, 40 ölçü - 72 ilə 75 il, 41 ölçü - 73 ilə 77 il, 42 ölçü - 75 ilə 82 il, 43 ölçü - 74 ilə 79 il, 44 ölçü - 67 ilə 72 il, 45 ölçü - 66 ilə 69 il arasında dəyişə bilər.

 

Latın dili nə üçün elmi dil kimi istifadə edilir?

Bu gün dünyada latın dilinə dərindən bələd olmadan, ən azı bu dildə sərrast oxuya bilmədən əczaçılıq, anatomiya, farmakologiya, biologiya, arxeologiya və s. kimi sahələrə yiyələnmək çox çətin, hətta mümkünsüzdür. Elm, texnologiya, siyasət, astronomiya, tibb, təhsil, kənd təsəsrrüfatı və s. sahələrlə bağlı əksər terminlər məhz bu dilə məxsus olan sözlərlə ifadə olunur. Latın dili beynəlxalq tibb dili hesab edilir. Bəzi tədqiqatçılara görə, latın dili olmadan tibbdən, tibb olmadan isə latın dilindən bəhs etmək olmaz. Bəs latın dilini elmdə bu qədər xüsusiləşdirən səbəb nədir?

Əlbəttə ki, əsl səbəb bu dilin gözəl səslənməsi deyil. Bəlkə də çoxlarınız haqlı olaraq düşünə bilərsiniz ki, niyə ingilis dili yox, məhz latın dili? Amma elmi istifadə səbəbini öyrəndikdə yəqin ki, buna haqq qazandıracaqsınız...

Onun mənşəyi canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim, naturalist və fizik Karl Linneyin əsərinə qədər gedib çıxır. Belə ki, XVIII  əsrdən əvvəl Yer kürəsində canlılar üçün xüsusi bir ad sistemi yox idi və bu da alimlər arasında mübahisələrə səbəb olurdu. Problemi həll etmək üçün Karl Linney elmi olaraq hamının  başa düşə biləcəyi ortaq bir dil yaratmaq qərarına gəldi. O, elmdə təsnifat baxımından növləri təsvir etmək üçün sadəcə iki latın sözündən ibarət ikili nomenklatura sistemini icad etdi və beləcə latın dili meydana çıxdı. Bu səbəbdən də  alimə  "taksonomiyanın atası" adı verildi. Ortaya belə bir sual çıxır: bəs alimin məhz bu dili seçməsinin səbəbi nə idi? Ən sadə dillə desək, bu dilin istifadə edilməsinin səbəbi onun ölü dil olması ilə bağlı idi. Heç bir xalq və ya dövlətin latın dilini ana dili kimi istifadə etməməsi  bu dilin dəyişməz olaraq qalmasını təmin edirdi. Beləliklə, elm adamları bu dili elm dili olaraq mənimsəməyə qərar verdilər, lakin XVIII əsrdən etibarən  başqa dillərdə də elmi nəşrlər çap edilməyə başladı. Əlbəttə ki, dillərin dəyişməsi latın dilini öldürmədi. Bu gün də bir çox sahələrdə bu dildən istifadə edilir.

 

Tutuquşular bunu da bacardı...

Təbiətin ən maraqlı canlılarından biri də parlaq və rəngli lələkləri ilə göz oxşayan tutuquşulardır. Çoxları tutuquşuları adətən civildəyən və ya ağılsızcasına sözləri təkrarlayan quş kimi tanısalar da, aparılan  araşdırmaların nəticələri göstərir ki, onlar nəinki sözləri təkrar etməyə, daha çox qabiliyyətə malikdirlər. Tutuquşular 4-6 yaşlı uşağın beyin səviyyəsinə bərabər olan linqvistik məsələləri həll edə, rəqəmləri tanıya bilirlər. Hətta söz və söz birləşmələrini də rahatlıqla təkrar etmə bacarığına sahibdirlər. Bu yaxınlarda aparılan araşdırma zamanı, həmçinin məlum olub ki,  sosial intellektləri kifayət qədər yüksək olan, lakin tək yaşamağa məhkum olan bu quşlar  videozənglər etməyi də bacarırlar.

3 aylıq təcrübə müddəti ərzində 18 ev  tutuquşusuna görüntülü zənglər etmək öyrədilib. Planşet və ya telefon vasitəsilə zəng etməyi öyrənən quşlar başqa tutuquşuları təsvirlərindən tanıya biliblər. Daha sonra seçdikləri dostları ilə videozənglər etməyə başlayıblar. Araşdırma tamamlandıqdan sonra belə, bəzi tutuquşular davamlı olaraq dostlarına zəng etmək istəyiblər. Mütəxəssislər qeyd ediblər ki, bu, evdə saxlanan tutuquşuların psixologiyasına müsbət təsir edir.  Bununla belə, tədqiqatçılar   tutuquşuların texnologiyadan istifadəsinin onların sağlamlığına mənfi təsir edib-etməyəcəyini araşdırmaq niyyətindədirlər.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".