Bəşəriyyətin təkamülü  prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü  prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İnsanın Aya ilk qədəm qoyması"nı oxuculara təqdim edirik.

"Respublika".

 

İnsanın Aya ilk qədəm qoyması

Bəşər tarixinin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də insanın  Aya ilk dəfə  ayaq basmasıdır. Bəşəriyyətin təkamülü prosesində və dünya düzəninin dəyişməsində  böyük rol oynayan bu hadisə  soyuq müharibə ərəfəsində olan Amerikanın super güclü dövlətə çevrilməsinə və dünyada kosmos dövrünün  başlanmasına səbəb olmuşdur.

20 iyul 1969-cu ildə  Amerika Birləşmiş Ştatlarının Apollo 11 kosmik gəmisi vasitəsilə Neil Armstronq, Edvin Aldrin və Maykl Kollinsdən ibarət qrup ay səthinə eniş edib. Enişdən bir neçə saat sonra isə  astronavt Neil Armstronq Ay səthində qısa məsafə qət edərək yerin təbii peykinə ayaq basan ilk insan olub. Armstronq Aya ilk addımını atarkən bu məşhur sözləri demişdi: "Mən indi, bu an mənim üçün kiçik, insanlıq üçün böyük addım atıram".

Qeyd edək ki, 1961-ci il aprelin 12-də sovet vətəndaşı Yuri Qaqarin "Vostok" kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş həyata keçirərək kosmik dövrün əsasını qoymuşdu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı olmuşdu. Kosmosun tədqiq edilməsi ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu, bir əməkdaşlığa çevrilmişdi. Onu da vurğulayaq ki, Yuri Alekseyeviç Qaqarinin kosmik fəzaya yol açdığı gün hazırda bütün dünyada Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir.

Bəşər tarixini dəyişdirən, Aya ilk dəfə ayaq basmış kosmonavt Nil Armstronq 1930-cu il avqust ayının 5-də ABŞ-ın Oqayo ştatının Vapakoneta şəhərində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi həmin şəhərdə bitirib. Yuxarı siniflərdə oxuduğu zaman şəhər aviasiya məktəbində hazırlıqlar keçən Nil 1947-ci ildə aviasiya texnikası ilə bağlı tədqiqatlar aparılan Perdyu Universitetinə daxil olub. 1949-cu ildə Hərbi Dəniz Qüvvələrinə çağırılması ilə əlaqədar olaraq Nil təhsilini dayandırıb. 1950-ci ildə o, ABŞ Hərbi Dəniz Donanmasının tərkibində  təyyarə pilotu olub və Koreyaya göndərilib. 1950-1952-ci illərdə isə o, Koreya müharibəsində iştirak edib. Bu müddətdə Armstronq "Grumman F9F Panther" qırıcı təyyarəsi ilə 78 döyüş uçuşu həyata keçirib və bir dəfə düşmən tərəfindən vurulub. Bir  "Hava əməliyyatlarına görə" və iki "Qızıl Ulduz" medalları ilə təltif edilib.

1952-ci ildə Armstronq Perdyu Universitetinə qayıdıb və 1955-ci ildə aviasiya texnikası üzrə bakalavr dərəcəsini alaraq uğurla həmin Universiteti bitirib. 1955-ci ildə Nil Armstronq Lyuis adına Mühərrik Qurğuları Laboratoriyasında (Flight Propulsion Laboratory) fəaliyyətə başlayıb.  Bir ildən sonra isə Kaliforniyada yerləşən NASA-ya məxsus Hərbi Hava Qüvvələrinin Edvards adına hərbi bazasında yüksək sürətli uçuşlar stansiyasında (High-Speed Flight Station) fəaliyyətini davam etdirib. Armstronq həmçinin 5 eksperimental təcrübi təyyarələrin sınaqlarında iştirak edib. 1958-ci ilin iyun ayında Hərbi Hava Qüvvələrinin həyata keçirdikləri MİSS (Man İn Space Soonnest) proqramı çərçivəsində  astronavt kimi hazırlıqlar keçməyə başlayıb.

Lakin 1958-ci ildə ilk pilotlaşdırılmış uçuşlara aid bütün işlər NASA-ya veriləndən sonra Nilin hazırlıqları dayandırılıb və o eksperimental raket təyyarə X-15-də uçuşlar üçün pilotlar qrupuna daxil edilib. 1960-cı il noyabr ayının 30-dan 1962-ci il iyul ayının 26-na qədər Armstronq X-15-də 7 uçuş həyata keçirib. O, ən çox 63 min 246 metr hündürlüyə qədər qalxa bilib. Bu 1962-ci ildə onun sayca altıncı uçuşu zamanı baş verib. 1960-cı ildə "X-20 Dyna-Soar" məxfi hərbi proqramı üçün 7 nəfərdən ibarət pilotlar qrupuna daxil edilən Nil X-20 təyyarəsinin eniş sınaqlarını həyata keçirmək üçün xüsusi cihazlarla təchiz edilən trenajor F-102 və F5D təyyarələrində tədqiqatları davam etdirib.

Artıq 1962-ci ilin yay aylarında Armstronq bu proqramın perspektivsizliyini anlayaraq X-20 pilotlar qrupundan gedib və NASA-da astronavt kimi karyerasını davam etdirməyə qərar verib. Elə həmin ilin sentyabr ayında 250 nəfər namizədin içindən seçilərək NASA-nın pilotlardan ibarət ikinci qrupuna daxil edilib. "Cemini" və "Apollo" proqramları üzrə uçuş hazırlıqları keçib. 1966-cı il mart ayının 17-də "Cemini 8" kosmik gəmisinin komandiri kimi özünün ilk kosmik uçuşunu həyata keçirib. Qəza üzündən uçuş dayandırılıb və planlaşdırılan bir çox vəzifələr həyata keçirilməyib. Lakin əsas olan pilotsuz raket "Agena" ilə birləşmə əməliyyatı uğurla həyata keçirilib. Astronavtların kosmik fəzada qalmaları 10 saat 41 dəqiqə 26 saniyə davam edib. Armstronq 1966-cı il iyun ayının 16-da "Apollo-11" kosmik gəmisinin komandiri kimi özünün ikinci, lakin tarixə düşmüş uçuşunu həyata keçirib. 1969-cu il iyul ayının 20-də Nil Armstronq milyonlarla televiziya tamaşaçısının gözləri qarşısında canlı yayımla Aya eniş edəndən sonra kosmik gəminin sonuncu pilləsindən Ayın səthinə sıçrayıb. Ay səthinə ayağını ilk dəfə basarkən: "İnsan üçün kiçik olan bu addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır" ("That's one small step for a man, one giant leap for mankind"), - deyə hayqırıb. Kosmonavt gəmidən kənarda 2 saat 21 dəqiqə keçirib. Armstronq 1969-cu il iyul ayının 24-də Yerə qayıdıb. Kosmosda uçuş 8 gün 3 saat 18 dəqiqə 35 saniyə davam edib.

Aya uçuşundan sonra Armstronq 1969-1971-ci illərdə NASA-nın aeronavtika şöbə rəhbərinin müavini vəzifəsində çalışıb. 1970-ci ildə isə o, Cənubi Kaliforniya Universitetinin aerokosmik texnikası üzrə elmlər magistri dərəcəsini alıb. 1971-ci ilin avqust ayından 1979-cu ilə qədər Sinsinatti Universitetinin mexanika professoru vəzifəsində çalışıb. 1974-cü ildə NASA-dan istefa edib və şəxsi bizneslə məşğul olmağa başlayıb. 1980-1982-ci illərdə Oqayo ştatının Livan şəhərində "Cardwell International LTD" şirkətinin direktorlar şurasının sədri olub. 1982-ci ildən 1992-ci ilə qədər Virciniya ştatının Şarlotsvill şəhərində "Computing Technologies for Aviation" şirkətinə sədrlik edib. Bununla yanaşı, eyni zamanda 1981-ci ildən 1999-cu ilə qədər "Eaton Corp" şirkətinin direktorlar şurasında fəaliyyət göstərib. 1986-cı ildə isə "Challenger" şatlının qəzaya uğramasını araşdıran komissiyanın sədr müavini vəzifəsində fəaliyyətə başlayıb. 2000-ci ildə Armstronq müdafiə və aerokosmik sənaye üçün müxtəlif cihazlar istehsal edən "EDO Corp" şirkətinin direktorlar şurasının sədri seçilib.

2012-ci il avqust ayının 9-da Nil Armstronq ürəyindən əməliyyat keçirib. Avqust ayının 25-də isə Aya ilk dəfə ayaq basan insan dünyasını dəyişərək əbədiyyətə qovuşub. 

Armstronqun saysız mükafatlarının siyahısına Prezidentin Azadlıq (The Presidential medal of Freedom), ABŞ Konqresinin Kosmik Şərəf (Congressional Space Medal of Honor) medalları da daxildir. Onun adı ABŞ astronavtlarının şöhrət zalına (U.S. Astronaut Hall of Fame) daxil edilib. 2009-cu ildə Armstronq ABŞ Konqresinin Qızıl medalı ilə təltif edilib.

Bu gün artıq kosmonavtika tarixinin  ən gərgin dövrü arxada qalıb. İndi dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar iqtisadi inkişafda mühüm rol oynayan prioritet sahəyə çevrilmişdir. Artıq insan zəkasının yaratdığı xarüqələr milyonlarla kilometr məsafədə baş verən prosesləri izləməyə, planetlərin fiziki təbiətini öyrənməyə, qalaktikamız haqqında məlumatları dəqiqləşdirməyə, bir sözlə, bəşəriyyətin mövcudluğunu diktə edən kainatın sirlərini açmağa imkan verir.

Əbəs yerə XXI əsri kosmos əsri adlandırmırlar. İnsanın yerətrafı orbitə çıxması, açıq kosmosda müşahidələr aparması, kosmik gəmilərin birləşərək müştərək uçuşları yerinə yetirməsi, kosmik laboratoriyalarda uzunmüddətli tədqiqatların həyata keçirilməsi, heyətin bir-birini əvəz etməsi son  illərin tarixi nailiyyətləridir.

Müasir dövrümüzdə kosmik tədqiqatlar bəşəriyyətin kardinal problemlərinin həllinə yönəlməklə ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində böyük nailiyyətlər əldə etməyə imkan vermişdir. Elmi-kosmik komplekslər hazırda Yerətrafı kosmik fəzanın, Ayın, planetlərin, Günəşin, ulduzlararası mühitin və Kainatın digər obyektlərinin tədqiqində əsas vasitəyə çevrilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar ətraf mühitin tədqiqində unikal materialların əldə edilməsinə şərait yaratmış, nəticədə Yerətrafı və planetlərarası fəzanın fiziki modellərini qurmaq, Ay süxurlarını və Veneranın atmosferini öyrənmək, Marsın səth təsvirlərini əldə etmək, digər planetlər və Günəş haqqında bilikləri genişləndirmək mümkün olmuşdur. İnkişaf etmiş dünya ölkələrinin aparıcı təşkilatlarında kosmik  texnologiyaların yaradılması, istismara verilməsi və alınmış məlumatlardan istifadə sahəsində geniş təcrübə əldə edilmişdir. Alınmış məlumatlar yeni nəzəriyyə və hipotezalar doğurmuş, onlar isə öz növbəsində, yeni məsələlərin həllinə və texnoloji tələblərin işlənilməsinə meydan açmışdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".