GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

BƏHRAM ƏSƏDİ

1965-ci ildə Urmuda Qoşaçaylıda dünyaya göz açıb. İlk orta təhsilini Urmuda bitirdikdən sonra, pedaqogika üzrə ali təhsil alıb. 1986- ildən 2015-ci ilədək əvvəlcə Soyuqbulaqda, sonra isə Urmunun fərqli mədrəsələrində müəllimlik edib.

Bəhram Əsədi istedadlı uşaq yazarıdır. Urmuda fəaliyyət göstərən "Yaz" yayın evinin direktorudur. "Yaz" nəşriyyatında əsərlər yalnız Azərbaycan türkcəsində çap olunur. Urmu kitabxanasında nəşr etdiyi kitablardan ibarət guşə yaradıb.

Burada Azərbaycan şairlərindən Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsiminin əsərlərinə, "Dədə Qorqud", "Koroğlu" dastanlarına, Qarapapaq tayfalarının tarixinə dair kitablara rast gəlmək mümkündür. Bu kitablar isə Azərbaycan türkcəsində, ərəb latın qrafikası ilə çap edilib.

Bəhram Əsədi bu gün Urmuda yaşayır.

         

Xarıbülbül

İllər oldu ayrılığın,

İtirdinmi arı, bülbül?

Yoxsa köksünü deşdimi?

Ayrılığın xarı, bülbül?!

 

Nalələri ucalmışdı,

Özün qəfəsə salmışdı,

Boynu bükülü qalmışdı,

Çox etmişdi zarı bülbül...

 

Canın sıxdı qanlı qəfəs,

Azadlığa etdi həvəs,

Qulaqları ala bir səs,

Döşürürdü darı bülbül...

 

Otuz il hicranın sonu,

Çağırdı bir sevən onu,

Gördü vətən ordusunu,

Çiçəkləndi xarıbülbül...

 

Şükür olsun yaradana,

Balaya qovuşdu ana,

Yoxlar oldu "Sınmaz" fəna,

Aldı ələ varı bülbül...

 

RƏHMAN ARAZ

Rəhman Məşədi Məhəmməd oğlu Cəfəri 1961-ci ildə Qaradağın Diklə bölgəsinin Əhər-Kəleybər yolunun ortalığında yerləşən Yuxarı Ağcaqışlaq kəndində dünyaya göz açıb. Orta məktəbi  doğma kəndində bitirib. 1971-ci ildə ailəsi ilə Təbrizə köçüb. Rəhman Təbrizdə orta məktəbi insani-humanitar elmlər üzrə oxuyub. 1981-ci ildə Kərəcə köçən Rəhman burada corab toxuma atelyesi açıb. 25 il bu işdə çalışıb.

2011-ci ildən isə bədii yaradıcılıqla məşğuldur. Araz təxəllüsü ilə yazıb-yaradan şair 1991-ci ildən Azərbaycan ədəbiyyatı, dili, tarixi, mədəniyyəti ilə dərindən maraqlanıb şeir yazmağa başlayıb.

Şairin ilk şeir toplusu "Könül yolun sal Təbrizə" başlığı altında 2015-ci ildə  "Avay Münci" nəşriyyatında çap edilib oxucu kütləsinin rəğbətini qazanıb. Kitabın Tehran, Kərəc Urmuda təqdimat mərasimləri keçirilib.

Rəhman Araz  "Yaddan çıxmaz Ağca qışlaq, Sarıbulaq" (2016), "Araz haqda kim dedi?", "Dədə Qorqud boyları" (2017), "Ozan Dədəm" (2021) kitablarının müəllifidir.

 

Bir gözüm ağladı,

bir gözüm güldü

Şuşa alınanda sevgi, sevincdən,

Bir gözüm ağladı, bir gözüm güldü.

Dolanbac, qeyqacı yurd yollarında,

Bir izim ağladı, bir izim güldü.

 

Dəlidağ, Murova günəş saçanda,

Qıy vurub qartallar qoşa uçanda,

Dağlar gəl-gəl deyib qucaq açanda,

Bir düzüm ağladı, bir düzüm güldü.

 

Qarabağı qarış-qarış alanda,

El ordusu zəfər marşın çalanda.

Üzeyir Vaqifi yada salanda,

Bir sözüm ağladı, bir sözüm güldü.

 

Ağrıda, Qafqazda şimşək çaxanda,

Arazboyu buludları yaxanda,

İkiyüz il geri dönüb baxanda,

Bir üzüm ağladı, bir üzüm güldü.