GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NADİR PAŞA

1959-cu ildə Qaradağ mahalının Mirzalı kəndində doğulub. Orta təhsilini Təbrizdə alıb. 1979-cu ildə Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra, 1986-cı ildə əsgəri xidmətə çağırılıb və 2 il İran-İraq savaşında iştirak edib.

Nadir Paşa 1988-ci ildə döyüşlərin birində əsir düşüb. 26 ay Bağdad və Tikrit zindanlarında əsir qalandan sonra, azad olunub və vətənə qayıdıb. Bu olaylar onun həm cismində, həm də ruhunda dərin izlər buraxıb. Atası Aşıq Məşi (1931-2016) Cənubi Azərbaycanın adlı-sanlı ustad aşıqlarından biri olub.

Nadir Paşa sazlı-sözlü bir ailədə boy atdığı üçün uşaqlıq çağlarından musiqi və şeirə böyük maraq göstərib. İlk qoşmasını 14 yaşında yazıb. Onun bir sıra şeirləri 1979-cu ildən bəri İranda və Azərbaycan Respublikasında fərqli toplu və dərgilərdə çap olunub.

 "Sevinirəm, yaşayıram" adlı ilk şeirlər kitabı 2016-cı ildə Təbrizdə işıq üzü görüb.

 

ZƏFƏR NƏĞMƏSİ

Deyirdim bəs yalnız xatirələrdə,

Bir də nəğmələrdə qaldı Qarabağ.

Otuz qarlı-qışlı dağları aşıb,

Qolun boynumuza saldı Qarabağ…

 

Füzulinin ruhu sevindi bir də,

Ucaldı Şuşada Xanın xoş səsi.

Çaqqallar qaçdılar aslan önündən,

Yayıldı hər yana zəfər nəğməsi.

 

Sülhün keşiyində durmuşuq daim,

Barış carçısıyıq döyüşdən bezar.

Ancaq azğınlığa qol qoysa kimsə

Bu çöllər onlara olacaq məzar...

 

Yalnızca sarsıdan xatirələrdən,

Qəmli nəğmələrdən çıxdı Qarabağ.

Ucaldı göylərə cəngi-Koroğlu,

Hicran çəpərlərin yıxdı Qarabağ.

 

Zəfər bayrağını göylərə qaldır,

Qoçaqlar diyarı Can Azərbaycan

Sənin sarsılmayan türk oğulların,

Yolunda hər zaman keçəcək candan.

 

ARAL QARADAĞLI (Məhəmməd Qaffari)

23 sentyabr 1986-cı ildə Qaradağ mahalının Vərziğan şəhərinin Doru kəndində doğulub. İlk və orta təhsilini Vərziğanda Şahid Cahannara məktəbində alan Məhəmməd Qaffari "Aral Qaradağlı" imzası ilə şeirlər yazır.

Aral Qaradağlı Şirin Asal şirkətində çalışır. Gənc qələm sahibi ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olur. Şeirlərində Quzey Azərbaycan, Bakı, Qarabağ mövzusu qabarıqdır...

 

Həsrət qaldığım

Otuz il bahara həsrət qaldığım,

Bugünkü günümə təzə yaz gəlir,

Habilin əlində nurlu bir Kaman,

Ədalət qoynunda qara saz gəlir.

 

Ağrı ürəyimdən üzülən kimi,

Sevincim yollara düzülən kimi,

Dağların qoynundan süzülən kimi,

Tük olub gözümdən bir Araz gəlir.

 

Gün kimi saralıb batdığım kimi,

Gizli arzulara çatdığım kimi,

Körpə beşiyində yatdığım kimi,

Acılı günlərim mana naz gəlir.

 

Büllur bulaqlarım coşub çağlayır,

Ay Aral, könlümü yaman dağlayır,

Zəlimxan ah çəkir, Vaqif ağlayır,

Durulub Kür çayı, nə dayaz gəlir.

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19, 20, 21 və 26 aprel tarixli saylarımızda)

QARA ÇUXA

Günlərin bir günündə yoxsulluqdan, qara gündən cana gəlmiş bir kişi qərara gəldi ki, gedib qara çuxasını tapsın. Bir az sudan, çörəkdən götürüb yola düşdü. Getdi, getdi yolun üstündə bir qurda rast gəldi. Qorxdu, dolanıb ayrı tərəfdən getmək istədi. Lakin qurd gücü-billah ilə başını qaldırıb "qorxma" - dedi, - səninlə işim yoxdu. Kişi qurdun yanına getdi. Qurd dedi:

- Hara gedirsən? - Qara çuxamın dalınca. - Onu tapsan, mənim də müşkülümü ona yetir, başım çox ağrıyır. Soruş, gör, bunun dərmanı nədi? Kişi qəbul edib, ondan ayrıldı. Getdi, getdi bir əkinçiyə yetişdi. Əkinçi yer şumlayırdı. Ona salam verib "Yorulmayasan" - dedi. Əkinçi onun hara getdiyini soruşdu. O dedi: - Qara çuxamı tapmağa. - Onu tapsan, mənim də müşkülümü de, bu yerə nə qədər qulluq edirəm, heç nə yetirmir. Gör, bunun səbəbi nədi? Kişi qəbul edib ondan ayrıldı. Getdi, getdi, gördü bir şah harasa ordu çəkir. Şaha salam verdi. Şah ondan hara getdiyini soruşdu. Kişi dedi: - Qara çuxamı tapmağa. - Onu tapsan, mənim də müşkülümü yetir. Mən hansı padşahla döyüşürəm, axırda məğlub oluram. Soruş, gör, bunun səbəbi nədir? Kişi qəbul edib ayrıldı. Getdi, nəhayət qara çuxasını tapdı, öz vəziyyətini, yolda başına gələn macəranı ona danışdı. Qara çuxa dedi: - Şaha deyərsən "Sənin döyüşlərdə məğlub olmağın ona görədir ki, qadınsan!". Əkinçiyə gəldikdə isə ona deyərsən ki, o yerin altında qızıl var, onu çıxarsa əkini yetirər. Qurda deyərsən ki, onun başağrısının dərmanı bir axmağın beynidi, onu yesə başının ağrısı keçər. Kişi dedi: - Bəs mən nə etməliyəm? - Sənin baxtını açmışam, get, işin düzələr. Kişi qara çuxadan ayrılıb qayıtdı. Gəlib şaha yetişdi. Döyüşlərdə məğlub olmasının səbəbini söylədi. Şah dedi: - Düzdür, mən qadınam, gəl məni al, sən şah ol, mən sənin arvadın olum. Kişi:

- Yox, mənim şah olmağa ehtiyacım yoxdu, artıq qara çuxamı tapmışam - deyib, ayrıldı. Gəlib əkinçiyə yerin altındakı xəzinədən xəbər verdi. İkisi köməkləşib yeri qazdılar, qızılı çıxartdılar. Əkinçi təklif etdi ki, "Gəl, bu qızılı bölək. Sən nə qədər istəyirsən götür". Kişi "Yox, mənim qızıla ehtiyacım yoxdur, artıq qara çuxamı tapmışam" - deyib, ondan ayrıldı. Gəlib qurda çatdı. Qurd dedi: - Hə. Nə oldu, başağrımın dərmanını öyrənə bildinmi? - Öyrəndim, onun dərmanı bir axmaq adamın beynidi. Qurd onun başına gələn macəranı soruşdu. Kişi bütün əhvalatı danışdı. Qurd bir az fikirləşdikdən sonra dedi: - Mən baxıram, dünyada səndən axmağı yoxdu. Baxtına çıxan nə şahlığı qəbul etmisən, nə də qızılı bölmüsən. Səndən axmağını tapmaq olmaz. Qurd bu sözü deyib, cumub kişinin beynini yedi.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.