Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Sosial həyat

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və ibadətlərinizin qəbul, dualarınızın müstəcab olmasını diləyirik.

Allahın rəhmət, bərəkət və məğfirəti ilə seçilən Ramazan ayının əzəmət və fərəhi hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımıza bu mübarək ay boyunca ibadətlərini böyük iman sevinci ilə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə və xeyir-bərəkətlərinə qovuşmaq nəsib olacaqdır.

Təbrikdə daha sonra deyilir: "Builki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində rəşadəti sayəsində 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti bərpa etdi, şanlı Zəfərə qovuşdu. Vətənin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edərək uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən azan səslənir. Azərbaycan xalqı bu Ramazanı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, həqarət olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlət başçımızın rəhbərliyi ilə fövqəladə işlər həyata keçirilir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır, hava limanları, müasir yollar inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə Qarabağa, Şərqi Zəngəzura hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı, dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması, yeni məscid binalarının inşası ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, bütün Qarabağ bölgəsi tezliklə Azərbaycanın ən gözəl, inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir, inşallah!".

Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Allah-Təalanın lütfü və mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyada əmin-amanlıq üçün dualar edir. Məğfirət, savab ayı olan Ramazan bəşər övladına səbir, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i - Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən xalqımızı səmimi-qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşər! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalibqərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMİN!", - deyə təbrikdə vurğulanır.