Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bitkilər də "ağlayanda" səs çıxarır...

Bitkilər üzərində aparılan son araşdırmaların nəticələri səs çıxarmaq üçün səs tellərinə ehtiyac olmadığını göstərib. Belə ki, elm adamları stres altında olan bitkilərin səs-küy saldığını kəşf ediblər. Məlum olub ki, suya ehtiyacı olan və ya gövdəsi zədələnmiş bitkilər saatda təxminən 35 dəfə səs çıxara bilir.

"Cell" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə,  stresli, kədərli bitkilər uzaq məsafədən belə,  eşidilə biləcək səslər çıxarır. Alimlər bitkilərin stresə məruz qaldıqda, onların damar sisteminin  içərisində əmələ gələn kiçik qabarcıqların partlayaraq şok dalğası yaratdığını söyləyirlər. Onların fikrincə bu, qabarcıqların partlaması zamanı meydana gələn səs kavitasiyanın (latınca boşluq)  nəticəsidir.

"Məni narahat edən əsas məsələ bitkilərin səs problemi idi. Kavitasiya isə səslərin bir çoxu üçün ən çox ehtimal edilən izahatdır",-deyə Təl-Əviv Universitetinin bioloqu Lilach Hadany qeyd edib.

Təcrübə zamanı yetişdirilməsi asan olan,  genetikası isə daha yaxşı öyrənilən pomidor və tütün bitkilərindən istifadə olunub. Bitkilərin gövdəsinə iki mikrofon yerləşdirən tədqiqatçılar, onları taxta bir qutunun içərisinə qoyublar. Onlar müşahidə ediblər ki, bitkilər susuz qaldıqda və ya gövdələri kəsildikdə çox gurultulu səslər çıxarır.

 

Ölümü virtual yaşamaq istərdinizmi?

İnsanlığın yaranışından bəri bəşəriyyəti maraqlandıran ən önəmli suallardan biri də ölüm anında və  sonra nəyin baş verməsidir. Bəziləri sualın cavabını elmi təcrübələrə əsaslanaraq tapmağa çalışarkən, bəziləri isə fərqli üsullara əl ataraq bu sirri çözmək istəyirlər. Avstraliyalı rəssam Shaun Gladwell isə ölüm anını canlandırmaq üçün virtual reallıq sistemindən istifadə edib. O, ölümdən dönən insanların hekayələrini bir araya gətirərək simulyasiya hazırlayıb. Sənətçinin hazırladığı simulyasiya sayəsində  insanlar öz ölümlərini virtual reallıq eynəkləri vasitəsilə yaşaya biləcəklər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, istifadəçilər virtual reallıq eynəkləri ilə yanaşı, müxtəlif cür kameralar vasitəsilə “ölü” bədənlərini kənardan izləyə də biləcəklər. Rəssamın "Elektrik fırtınalarından keçid" adlandırdığı simulyasiya  həvəskarlarına  Avstraliyada təqdim olunacaq.

Qeyd edək ki, ölümlərini yaşamaq istəyənlər xəstəxana çarpayısına uzanmalı və  saxta infarkt keçirmək üçün VR eynəkləri taxmalıdırlar. İstifadəçilərə təqdim edilən virtual reallıq mühitində infarkt keçirən xəstəyə həkimlər müdaxilə etsə də, uğursuzluqla nəticələnir və ölümdən sonra ruhun bədəni tərk etdiyi anlar səhnələşdirilir.

Təcrübə zamanı "TikTok" istifadəçilərindən biri ölüm simulyasiyasına daxil olaraq titrəyən çarpayıya uzanıb və virtual reallıq mühitindəki həkimlərin onu xilas edə bilmədiyi anları seyr edə bilib. Bu heyrətamiz təcrübənin həyəcanverici hisslər doğurduğunu söyləyən "TikTok" istifadəçisi, istənilən zaman simulyasiyanı dayandırmağın mümkün olduğunu vurğulayıb.

Rəssam  ölüm hissini təqlid etməklə insanlara qaçılmaz sonluqları ilə üzləşməyə kömək etmək istədiyini söyləyib...

 

Beynimizin “daxili kompas”ı  belə işləyirmiş...

Kanadalı alimlər mürəkkəb orqan olan beynimizlə bağlı   yeni bir kəşfə  imza atıblar. Belə ki,  elm adamları beynin ətraf mühitdəki dəyişiklikləri necə qəbul etdiyini və onun "daxili kompas"ının necə işlədiyini öyrəniblər.

McGill Universitetinin alimləri beyindəki neyron  kompası kimi tanınan və istiqamət duyğusunun əsasını təşkil edən mərkəzin işləmə prinsipini öyrənmək üçün siçanlar üzərində araşdırma aparıblar. Beyindəki sinir dəyişikliklərini ən son görüntüləmə üsulları ilə izləyən alimlər, orqanın istiqamət mərkəzi ilə əlaqəli yeni məlumatlar əldə ediblər.

Vizual məlumatların beynin daxili kompasına necə ötürüldüyünü öyrənməyə çalışan tədqiqatçılar çaşqın virtual mühitə buraxılan siçanların  sinir fəaliyyətini izləyiblər. Nəticədə məlum olub ki, oriyentasiyasını  itirən gəmiricilərin beyinlərinin daxili kompasında istiqaməti tapmağa imkan verən  ətraf mühitlə əlaqəli xüsusi bir şüur var.

“Sanki çaşqınlığa səbəb olan situasiyalarda  beynin daxili kompasının tez bir zamanda istiqaməti  tapmaq üçün bir  “sıfırlama düyməsi” var. Bu tapıntılar virtual reallıq sistemlərinin istiqamət hissimizi  asanlıqla necə idarə edəcəyini izah edə bilər",- deyə Harvard Universitetinin tədqiqatçısı Zəki Əcəbi qeyd edib.

 Araşdırmanın həmçinin, demans kimi degenerativ xəstəliklərdən əziyyət çəkən insanların oriyentasiyasının pozulmasına, yaxud itkin düşməsinə səbəb olan proseslərə və ətraf mühit dəyişikliklərində beynin istiqaməti necə idarə etməsilə bağlı qaranlıq məqamlara işıq saldığı bildirilib.

Tədqiqatla bağlı ətraflı məlumat "Nature" jurnalında dərc olunub

 

Üzərlik bədnəzərdən qoruya bilərmi?

Deyirlər, üzərlik yandırmaq, tüstüsünü evə vermək  insanı bədnəzərdən, şər  qüvvələrdən qoruyur. Mifologiya və inanclarda üzərliyə olan inam da məhz onun bədnəzərdən qoruması ilə bağlıdır. Bəs bu bitki  doğrudan da bizi bəd nəzərdən qoruya bilərmi?

Bəlkə də məhz elə bu səbəbdən az qala hər evdə üzərliyə  rast gəlmək mümkündür. İnsanlar qara qüvvələri qovmaq və bədnəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır.

El arasında yayılan inanca görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bədnəzərin qarşısını ala bilir. Əslində isə üzərlik yandıqca onun tərkibində olan maddələr insana xoş əhvali-ruhiyyə bəxş edir. Bundan əlavə, üzərliyin tüstüsü evdə virus və mikrobları öldürür. Bu səbəbdən soyuqdəymə və qrip xəstəlikləri zamanı evdə üzərliyi yandırmaq fayda verir.

Onu da qeyd edək ki, üzərlik arxeoloqlar üçün səhrada su kimi bir şeydir, yol xəritəsidir. Hər hansı bir açıq ərazidə üzərlik otu yetişibsə, orada yerin altında mütləq arxeoloji bir mənbə olduğu düşünülür. Bunun birinci səbəbi qədim yaşayış yerlərinin bol fosforik torpaq qatına sahib olmasıdır. Çünki üzərlik fosforlu torpaqları çox sevir. Qəbiristanlıqlarda ona çox rast gəlməyimizin səbəbi də elə budur. Ona görə ki, insan bədənində kalsiumdan sonra ən çox olan maddə fosfordur. Fosfor ən çox sümük və dişlərdə kalsiumla birlikdə, eyni zamanda əzələ sistemində və beyində olur. Fosforun azaldılması ilə beynin zehni yorğunluğu aradan qaldırılır və daha aydın düşünmək mümkün olur.

Fosforu bol üzərlik bitkisinin insan beynini təmizləməsi və onun ruhunu dincəltməsi qədim dövrlərdə də müşahidə edilib. Günümüzdə də xalq təbabətində üzərlik otunun qaynadılaraq içilməsi və ya buxarını qəbul etmək üsulundan insanların əsəb xəstəliklərinin müalicəsi məqsədilə istifadə olunur. Üzərlik otunun qurudularaq yandırılması isə məişətdə ən geniş yayılmış istifadə üsuludur. Onun tüstüsü insan beyninə daha çox təsir göstərir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".