Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Vidadi Cabbarov. Bu, ad indi Lerikdə dillərdən düşmür, hər yerdə, hər zaman qəhrəmanlıq simvolu kimi səslənir. 1997-ci il martın 28-də dağlar diyarının Piran kəndində dünyaya göz açan Vətən sevdalısı İkinci Qarabağ müharibəsində Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən ağır savaşda erməni dığalarına qan qusdurub, oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Vidadi Cəbrayıl oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. İgid döyüşçünün doğma kəndində xatirəsinə bulaq kompleksi inşa edilib.

Doğum günündə rayon rəhbərləri, kənd sakinləri qalib şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə tər güllər düzdülər, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin hünərindən, o cümlədən Lerikin qartal balası Vidadinin Vətən sevgisindən, haqq savaşımızda göstərdiyi misilsiz şücaətindən danışdılar. O da bildirildi ki, Vətən, xalq naminə canından keçənlər heç zaman unudulmur. Vidadi kimi qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayırlar. Qərinələr boyunca onların həyat yolu gələcək nəsillərə örnək olur.

Zəfər ORUCOĞLU.