Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdəndir
Siyasət

Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdəndir

Məlum olduğu kimi, xain düşmənlərimiz XX əsr boyunca Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını mərhələ-mərhələ deportasiya etmişdir. Əslində bu proses Qarabağın digər ərazilərimizin işğalına hazırlıq mərhələsi rolunu oynamışdır. Qərb "qonşumuzun" məkrli siyasəti nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından didərgin düşmüşdür.

Ermənistanda Sovet Respublikası qurulduqdan sonra buradakı azərbaycanlıların məskunlaşdığı 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan SSR Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunmuşdur. Təbii ki, düşmənin xain planları bununla da yekunlaşmamışdır. Addəyişmə prosesi deportasiya mərhələsi tam başa çatdıqdan sonra belə davam etdirilmişdir. Belə ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəzlənmişdir. Bununla ərazilərdən xalqımızın izlərini tamamilə silməyə çalışdılar. Əfsuslar olsun ki, bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə selektiv yanaşma sərgiləmişdir.

Hazırda Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdən hesab olunur. Bununla tarixi ədalətin növbəti dəfə bərpası baş tutacaq. Dövlətimizin başçısının yeritdiyi uğurlu siyasətin nəticəsində məhz Azərbaycan erməni faşizmi üzərində yenə qələbə çalacaqdır.

Danılmaz faktdır ki, Qərbi Azərbaycan bizim əzəli ərazilərimizin ayrılmaz bir hissəsidir. Bu gün yüz minlərlə həmvətənimiz öz dədə-baba yurdlarına qayıtmağın ümidi ilə yaşayırlar. Bu işlə Qərbi Azərbaycan İcması da məşğul olur. Prosesin həyata keçirilməsi məqsədilə Qayıdış Konsepsiyası təsis olunmuşdur. Qayıdış Konsepsiyası beynəlxalq hüquq çərçivəsinin formalaşdırılması üçün Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri digər aidiyyəti dövlət təşkilatlarla təmaslara başlayacaqdır. İcma həmçinin Azərbaycan Respublikasının Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcəkdir.

Xatırladaq ki, azərbaycanlıların öz tarixi vətənlərinə, evlərinə qayıdışı dünyadakı təməl insan hüquqlarından biridir. Yəni beynəlxalq hüquq bizim tərəfimizdədir. Didərgin salınmış hər bir azərbaycanlı ailəsinin öz doğma torpaqlarına, o cümlədən Qərbi Azərbaycana qayıtma hüququ var. O gün heç uzaqda deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".