GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

RƏHMAN GÜLMƏHƏMMƏDİ

1995-ci ildə Qaradağ mahalının Böyük Qayabaşı kəndində dünyaya göz açıb. 2002-ci ildə məktəbə gedib. Hazırda Həmədan şəhərində karxana sənətinin idarəetmənin sirlərini öyrənir.

Rəhman özünü dərk etməyə başladığı vaxtlardan etibarən yaşamında, ruhunda güclü bir təlatümün, dönüşün yarandığını hiss edib. Belə ki, atası şair Allahverdi Gülməhəmmədi sanki onun əllərindən tutaraq poeziya, ümumən ədəbiyyat aləminə gətirib o, ilk addımlarındanca bu ecazkar dünyanın sirli-sehrli ağuşuna düşüb. Bundan sonra təbi gəldikcə duyğularını misralara çevirməyə başlayıb.

2015-ci ildən şeirləri rəsmi şəkildə yayılmağa başlayıb atasının təklifi ilə "Sevinməz" təxəllüsünü götürüb.

 

Xəyalım

Bir müqəddəs yurda, müqəddəs elə,

Hər gündə min dəfə uçur xəyalım,

Mən özüm burdayam cismim vətəndə,

Cismimdən vətənə köçür xəyalım

 

İstəyir dolansın dağları, düzü,

Yetişsin kamına, örgəşsin sözü,

Od olub ürəkdə əritsin buzu,

Çaşdırır ağlımı uçur xəyalım

 

Dağları dolanıb gəzmədim, hayıf,

Qartal tək zirvədə süzmədim, hayıf,

Dağlardan, daşlardan sızmadım, hayıf,

Keçmişi əridib içir xəyalım

 

Sevinməz, xəyalım sevinsin necə

Gəlməyir səhərim, qurtarmır gecə,

Fələyin qəsdi var, gəlibdir gücə,

Kədərdən-kədərə keçir xəyalım

 

LÜTFƏLİ BƏRQİ

1993- ildə Ərdəbilin Yurtçu mahalının Sayın kəndində anadan olub. Altı yaşında ailəsi ilə birlikdə Tehrana köçüb hazırda da elə bu şəhərdə yaşayır. Lütfəli Bərqi fars dili ədəbiyyatı öyrəncisi olduğu halda, türk dili ədəbiyyatı üzrə tədqiqat aparmaqla məşğuldur. O, şeirlərini həm türkcə, həm farsca yazır. Şeirlərinin əsas mövzusu "Türklük" "Türk dili"dir.

 

Turanın oğlanları

Tərk eləməz öz kökün,

Qaynar ikən qanları.

Aləmi heyran qoyar,

Turanın oğlanları.

 

Kökləri qandan əziz,

Dilləri candan əziz,

İki cahandan əziz,

Azərbaycanları.

 

Möhkəm bağlar belin,

Yumruq eylər öz əlin,

Tərk eləməz öz dilin,

Çıxsa əgər canları.

 

Var onların ərdəmi,

Qeyrət ilən güc həmi,

Fəth eləmiş aləmi,

Alp Oğuz xaqanları.

 

Folklor xalq həyatının əks-sədasıdır

Güney mahalında uşaq şeirləri zaman-zaman yaranıb bu gün yaranmaqdadır. Şair-araşdırmaçı A.Ağkəmərlinin Xamnə mahalının ağsaqqalı Əbdülkərim Mənzurinin dilindən qələmə aldığı uşaq şeiri nümunələrinin oxucular üçün maraqlı olacağını düşündük:

 

Top

Bir topum var qırmızı,

Gəl oynuyaq əmi qızı,

Şəhərlərin içində

Çox sevərəm Təbrizi.

Sənin insafın olsa

Yalqız qoymazsan bizi...

Mənim topum yox idi,

Dərsə şöqüm çox idi.

Dərsimə yaxşı baxdım,

Məşqimi yaxşı yazdım.

 

"Ay qaraqaş"

Dostlarım gəldi çatdı,

Gəl oynayaq "ip atdı".

Sarı telli gözəl qız,

Sənə qurban olax, biz...

 

Ay qaraqaş göz oğlan,

Dolan bir az düz oğlan.

Elnaz, Səidə, Solmaz,

Oynamaxdan yorulmaz...

 

Sevərəm mən Lalanı,

Doldur ver piyalanı.

İstərəm gedim gəzim

Təbrizi, Marağanı...

 

Aydındır ki, "Top" şeiri son çağların yaradıcılıq məhsuludur burada müəllimlərin şagirdlərinin gələcək həyatında, onların cəmiyyətə faydalı bir insan, şəxsiyyət kimi yetişmələrində qədər önəmli rol oynadığı qabardılır.

İnanc şeirlərinin Güney folklorunda özünəxas yeri var. Belə şeirləri körpə uşaqlar oxuyurlar. Çünki güneyli bacı-qardaşlarımız inanarlar ki, Tanrının yaratdığı ən saf, tərtəmiz dünyası olan uşaqların, uşağın dilədiyi arzu yerinə yetirilər. Xərmən yelini əsdirmək üçün xərməndə uşaqlar gəzə-gəzə oxuyarlar:

Heydər-Heydər, gəl atına           saman apar,

Qanadıva qurban olum,           

         gəl atıva saman apar,

Heydər-Heydər...

Kiçikyaşlı uşağın süddişləri düşəndə o dişi dama atar ondan böyükyaşlı uşaqlar xorla oxuyarlar:

Qarqa-qarqa,                                 

mənə diş gəti gəl

İçində kişmiş gəti gəl

Qarqa-qarqa,                                 

diş gəti gəl...

Yaxud uşaqlar bir şey itirəndə itən şeyi axtara-axtara oxuyarlar:

Tapıl-tapıl pulun verim,

Tapılmasan çulun verim.

Danlaq da Güney folkloru nümunələri sırasındadır. Töhmət, məzəmmət, tənə anlamında işlədilən danlaq ifadələri, əslində, insanlara "işini yaxşı gör, danlaq eşitmə" ismarıcıdır. Valideynlərin övladlarının gördüyü yanlış işlər, atdığı səhv addımlarla bağlı bir növ öyüd, nəsihət, giley-güzar, həm bir can yanğısı yüklü danlaqlarında həm gizli sevgi, məhəbbət duyulur. Xalq şairi Bəxtiyar Vahabzadə "Ana məzəmməti, ata danlağı, Ancaq məhəbbətdir, ancaq məhəbbət" misralarında da məhz bu məqamı vurğulayır.

Allah dağına görə qar verər. Allah səni tanımış.

Allahın da, bəndənin nəzərindən düşübsən. Gör hələ başına nələr gələcək!

Xanımın yanında yekə-yekə danışma!

Səndən alçağı kimdir?

Get tay-tuşun tap, bundan adam olmaz.

Sağ əlim sənin təpənə! Sən qırıbsan!

Səndə ki, utanmaq yox!

Üz deyil, ayaq daşıdır!

Get atılmağının dalınca!

Qaç get, gedə! Get sabah gəl! Qanımı qaraltma!

Oyun çıxarma, gedə! Eşşəyini sür görək!

A.Ağkəmərlinin Güney mahalının Şəbüstər, İskəmər, Əlişah b. bölgələrindən topladığı ağız ədəbiyyatı örnəklərinin yer aldığı "Güney Azərbaycan folkloru" kitabında "Ürək yandırmalar" adı ilə verdiyi söz birləşmələri anaların, nənələrin əzizlərinə can yanğısı ilə söylədikləri ifadələrdir: Nənən ölsün, bala! Dərdin alım! Ağrın alım; Yazıqcığaz! Benava! Biçara! korluq çəkdi balam! Haqqı necə itdi! Yazıq canıva qurban! Ax, heyvan bala! Balamın əməyi zal oldu! Yazıq heç bir dünyanın ləzzətini bilmədi! Aman fələk! Ay vəfasız dünya! Calalıva şükür! Evin yıxılsın, fələk!

Güney folklorunda qorxuducu, hədə-qorxu ifadə edən sözlər ayrıca olaraq təqdim edilir: Danışsan, dilini kəsərəm! Dəryaya susuz aparıb, susuz gətirrəm! Evinə od vurram! Dilini yandırram! Görərsən, tələsmə, çörəyini kəsərəm, döz! Gözünü çıxardaram! Vallah, enin, boyun bir elərəm! Qulaqların divara mıxlaram! Dilini kəsərəm! Diri-diri udaram! Get əlindən gələni əsirgəmə! Gedə, mənim çörəyim sənin əlindədir?! Məgər mənim çörəyim sənnən çıxır?! Get hansı böyükdür, çal başına!

Esmira FUAD,

filologiya elmləri doktoru.