GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NEGİN ƏZƏLİ

1992-ci ildə Təbrizdə dünyaya göz açıb. İlk orta təhsilini doğma şəhərində alıb. Ali təhsilli memar-rəssamdır. 2012-ci ildən hekayə-povest roman yazmağa başlayıb. 2014- ildən poeziya dünyasındadır. Şeirləri ayrı-ayrı dərgi internet saytlarında yayımlanır.

 

Qadın ol

Qadın ol.

Bir mahnı içində

Doğulan şeir.

Unutmaq rahatsa...

Tərk eyləmək zor!

Xəzəli içinə çək.

Radionun səsini ucalt.

Ahmat Kaya bağırsın,

Fələyin qulağı batsın.

"Söylə, yağmur söyle...

Değmeden yüreğime söyle

Söyle gökyüzünə o nerede?"

Sən qadın ol da,

Qal!

Getmə!

"Yüreğime basa-basa yar gidiyor..."

Dayan bütün gücünlə

Qadın ol,

Qal.

Əlbət bahar gələcək.

Dodaqların qönçə olsun

O günə.

Qadın ol.

 

İŞIQ QARADAĞLI - BƏHNAM MUSTAFAİ

1993- ildə Ərdəbil şəhərində anadan olub. Araz sahilində yerləşən Xudafərin kəndində yaşayıb boya-başa çatıb. Həmin kənddə ilk orta təhsilini başa çatdırdıqdan sonra Marağa Universitetinin Psixologiya fakültəsində təhsilini davam etdirib. Elə tələbəlik illərindən, yəni 2015-ci ilin dekabrından ana dilində şeirlər yazmağa başlayıb. Bu yolda yeni addım atsa da, gələcəkdə onun adını daha çox eşidəcəyimizə inanırıq.

 

Xocalı

Bir gün cənnətimi talan etdilər,

Sanki cəhənnəmdən odlu yel əsdi.

Ürəyim odlandı, nəfəsim yandı,

Bir zalım erməni boynumu kəsdi.

 

Qanımla suvardım ana yurdumu,

Uçdum göylərinə, uçdum dağına.

Cəsədim yanırdı, vətən yanırdı,

Əlim yetməyirdi Qarabağına,

 

Gül güllələnirdi, qönçə ölürdü,

Yaralı durnalar köç eyləyirdi.

İblisin əlləri vətən bölürdü,

Millət radioda ah dinləyirdi.

 

Erməni yezidin üzün etdi,

Kərbəlaya döndü o gün Xocalı.

O gündən deyirəm Azərbaycanın,

Yaddaşından çıxmaz yadın, Xocalı!

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.