DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil
Tarix

DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil

(əvvəli 10, 11 və 12 mart tarixli saylarımızda)

Zəngəzurun Ermənistana verilməsi

Qərbi Azərbaycan ərazisindəki tarixi torpaqların süni şəkildə mübahisəli edilməsi və bu minvalla ermənilərə verilməsinin həqiqi mahiyyəti Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.Salavyovun Leninə ünvanladığı məktubda açılır: "Moskvaya böyük ümidlər var idi. Lakin Gürcüstan və Ermənistanla bağlanan müqavilələr və bu respublikalara Azərbaycan ərazisinin bir hissəsinin verilməsi müsəlmanlarda əgər bu ümidlər ölməyibsə də ona münasibətdə tərəddüdlər yaradıbdır. Müsəlmanların nəzərində Moskva nəinki Azərbaycanı işğal etdi, hətta onun hesabına Gürcüstan və Ermənistana da pay ayırdı. Gürcüstanla aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinin tərkibində gürcünün, Ermənistanla danışıqlarda isə erməninin təmsil etməsi Azərbaycan üçün təhqirə çevrildi. Müsəlmanlar baş aça bilmirlər ki, onların iştirakı olmadan nə üçün Gürcüstan tərəfini yalnız gürcülər, Ermənistan tərəfini isə yalnız ermənilər təmsil etdikləri halda, onların nümayəndələri bu danışıqlarda belə olmayıb. Başdan-başa müsəlman əhalisindən ibarət olan Azərbaycan ərazisinin bir hissəsinin, böyük iqtisadi və strateji əhəmiyyətə malik olan dəmir yolunun Ermənistana verilməsini, Azərbaycanla Türkiyəni birləşdirən yeganə dəhlizin işğal edilməsini özündə ehtiva edən Ermənistanla müqavilə əhalidə xüsusilə ağır təəssürat yaradıb. Azərbaycan KP MK-nın bir sıra üzvləri bu müqavilənin, özünü kommunist adlandıran, əslində isə bilərəkdən və ya bilməyərəkdən millətçilik edən mərkəzdəki nüfuzlu ermənilərin göstərişi ilə tərtib edildiyini iddia edirlərsə, sadə müsəlmanlar onun barəsində nə düşünür".

Bu məqamda qeyd edilməlidir ki, üzərindən yüz il keçməsinə baxmayaraq, bir vaxt Kremldə bolşevik ...yan-ların provokasiyası ilə Azərbaycan xalqının ictimai-siyasi şüurunda ağır təəssürat yaratmış və yaddaşında ədalətsizlik olaraq iz qoymuş hadisə bu gün də aktualdır... Başqa sözlə, hazırda Azərbaycan dövləti bu məsələyə dair aydın, dürüst, konstruktiv siyasəti yürüdür. Zəngəzur dəhlizi fonunda pozulmuş tarixi ədalətin bərpa edilməsi istiqamətində dəqiq strateji hədəflər var və bunun realizasiyası suverenliyi pozulmuş bir xalqın suverenlik hüququdur.

Yuxarıda göstərilən məsələ ilə bağlı N.Nərimanov Leninə ünvanladığı bir məktubda Azərbaycanın ərazi bütövlüyünün hansı vəziyyətdə olduğunu açıq mətnlə vurğulamışdır. "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda da Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini ermənilərə verir. Əgər bu ərazilər Gürcüstana verilsəydi, ictimai fikirlə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verəcəkdir".

 Sovet hakimiyyəti Zəngəzurla Azərbaycan arasında birbaşa quru sərhəd əlaqəsinin kəsilməsini planlaşdırsa da, Türkiyə ilə neytral, müəyyən mənada müttəfiq əlaqələr qurmağa çalışdığı bir vaxtda Moskva həm də Cənubi Qafqazın mərkəzi hökumətin təsirindən çıxacağına dair qorxu içində idi. Məhz elə Stalinin 1920-ci ilin noyabrında Bakıya gəlişi, sərhədlərin müəyyənləşməsinin vacibliyi zəminində narahatlığını bildirməsi bu qorxunun bir hissəsi idi. Ona görə də mərkəzi bolşevik hökuməti Zəngəzuru Ermənistana vermək, daha doğrusu, rüşvət olaraq vermək ideyasını həlledici variant kimi nəzərdən keçirirdi. Belə ki, bolşeviklər Naxçıvan və Zəngəzur ərazilərinin Ermənistana transferi ilə Azərbaycan və Türkiyə arasında quru bağlantının kəsilməsini birbaşa təmasın qarşısının alınmasına hesablamışdılar.

1920-ci ilin noyabr ayında Ermənistanda sovet hakimiyyəti yaradılmışdır. 1920-ci ildə Zəngəzur da Ermənistan kimi tanınmışdır. Lakin bolşeviklər türk qoşunları tərəfindən idarə olunan Naxçıvana münasibətdə onun Azərbaycana mənsub olduğunu qəbul etmək məcburiyyətində qaldılar. Beləliklə də Azərbaycan ərazisinə dair göstəriciləri aşağıdakı rəqəmlər ifadə edirdi. Azərbaycan SSR Xalq Torpaq Komissarlığının 1922-ci il oktyabrın 25-də Xarici İşlər üzrə Katibliyinə Azərbaycan SSR-in ərazisi haqqında təqdim etdiyi arayışda göstərilən məlumata görə, 1922-ci ildə Azərbaycan SSR-in ərazisi 79577 kvadratkilometr olmuşdur: "Azərbaycan SSR-in Ermənistan ilə mübahisəsiz ərazisi Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədləri ilə keçir, sonra Qazax qəzasından Aleksandropol və Yeni Bəyazid qəzaları ilə Maralca dağlarına qədər gedirdi. Oradan Göyçə gölünə birbaşa enir, Çubuqlu kəndindən şərqə doğru təqribən 1, 1/2 verst keçir, sonra Göyçə gölünü tən yarıdan bölür, onun cənub sahili ilə qərb istiqamətində gedirdi. Göyçə gölünün cənub sahilində sərhəd Zağalı və Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarpızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yanından Göyçə gölünün cənub sahilinin dağ rayonu ilə Qızıl Xarabaya, 10859 yüksəkliyinə və Ağmahan (beş verstlik, vərəq E9), qərbdə Kiçik Ağdağ dağına doğru, İrəvan və Yeni Bəyazid qəzalarının sərhədinə qədər gedir, azərbaycanlıların yaşadıqları dağlıq rayonları erməni kəndlərinin tutduğu sahillərdən ayırırdı. Sonra sərhəd Kiçik Ağdağ dağından əvvəlcə şimal-qərb istiqamətinə doğru Toğmahan gölü istiqamətində, sonra isə qərb istiqamətində Təzəkənd kəndinə, daha sonra Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə doğru gedir, onun qarşısından şimala doğru 3620 yüksəkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya doğru, daha sonra Araz çayına qədər, oradan da Rəncbər kəndindən şimala gedirdi. Rəncbər kəndindən Araz çayına sərhəd birbaşa qərbə doğru gedir, Sürməli və Eçmiədzin qəzalarının və Kars vilayətinin keçmiş inzibati sərhədlərində Təndürək dağlarına qədər uzanırdı. Azərbaycan ərazilərinə dair arayışın hazırlanması sovet rəhbərliyinin gizli niyyətlərinin olduğundan xəbər verirdi.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi yüz minlərlə azərbaycanlının faciəsinə çevrilməklə yekunlaşmadı. Eyni zamanda, bir əsr boyunca Azərbaycanın türk dünyası ilə əlaqələri kəsildi... Erməni millətçilər və saxtakar tarixçilər isə həmin ərazilərin guya o zaman "mübahisəli" olduğunu iddia edirdilər.

1921-ci ilin iyulunda Zəngəzurun qərb hissəsinin işğalı və Ermənistan SSR-ə birləşdirilməsi, Qarabağın dağlıq hissəsində süni erməni muxtariyyətinin sərhədlərini müəyyən etmək məqsədilə aparılan inzibati dəyişikliklər vəziyyəti daha da gərginləşdirirdi.

Ermənistan SSR-in Dərələyəz və Yeni Bayazit qəzaları ilə Azərbaycan SSR-in sərhədində, təxminən 12 min desyatin (131,1 (79577 kvadratkilometr)) ərazisi olan Alagöl gölünün ətrafında yerləşən Alagöl və ya Alagöllər yay otlaqları da Ermənistanın ərazi iddialarına daxil idi. Ermənistan rəhbərliyi bu məsələni 1923-cü ildə qaldırmışdı. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) 1926-cı il iyunun 23-də Azərbaycan SSR MİK sədrinə göndərdiyi teleqramda bildirirdi ki, ərazisi 13170 desyatin (143,8 (79577 kvadratkilometr) olan Alagöllər otlaq sahəsi Cənubi Qafqaz MİK-in qərarı ilə hələ 1921-ci ildə Dərələyəz qəzasına verilib. Azərbaycan SSR MİK Rəyasət Heyətinin katibliyi 1926-cı il iyulun 5-də və dekabrın 25-də Ermənistan SSR MİK-in katibliyinə iki sorğu göndərərək Cənubi Qafqaz MİK-in həmin qərarını təqdim etməsini tələb etdi. Lakin bu sorğulara Ermənistan SSR MİK katibliyindən heç bir cavab verilmədi.

 Ümumiyyətlə, xarici havadarlarının himayəsi ilə Azərbaycanın İrəvan xanlığında dövlət quran ermənilər 1919-1920-ci illərdə Ermənistan, Tiflis də daxil olmaqla bütün Gürcüstanın cənubuna, Türkiyənin şərqinə, Ərzurum, Van, Trabzon və bir çox başqa türk, gürcü və Azərbaycan torpaqlarına iddialı idilər... Bəli, ovaxtkı sovet Azərbaycanı ilə daşnak Ermənistan arasında həqiqətən də dəqiq sərhəd hələ müəyyən edilməmişdi. Necə ki, Gürcüstan və Türkiyə sərhədləri müəyyən edilməmişdir.

Bakını, Qarabağı, Zəngəzuru, Naxçıvanı bütövlükdə Azərbaycanı işğal edən Qırmızı terror korpusları daşnak Ermənistanın qoşunları ilə hərbi təmasa girməklə "sərhədin müəyyənləşdirilməsi" Azərbaycan xalqının və dövlətinin suverenlik hüququnun kəskin və kobud şəkildə pozulması idi. Bir halda ki, 1920-ci il avqustun 10-da Tiflisdə sovet Rusiyası ilə Ermənistan Respublikasının nümayəndə heyətləri arasında imzalanan müqavilədə Qarabağ, Zəngəzur, Naxçıvan Ermənistan tərəfindən Azərbaycanın ərazisi və tərkibi olaraq tanındıqdan sonra bolşeviklərin nəzarətinə keçdi. Bundan əvvəl isə qırmızı ordu ilə erməni daşnakları arasında pərakəndə halda "lokal müharibə" gedirdi. Həmin vaxt, 1920-ci il iyulun 14-də Fransanın "LOEUvre" qəzetində bolşeviklər tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi haqqında məqalə dərc olunmuşdur. Yeri gəlmişkən qeyd edilməlidir ki, Fransa nəşri riyakar və qərəzli surətdə hadisələri təhrif edib azərbaycanlı əhalini ermənilərə hücumda ittiham edərək dezinformasiya yayımlayırdı. Qəzetdə yazılırdı: "Sovet Rusiyası iyulun 1-də Ermənistan Respublikası ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycanda yerləşən Zəngəzur rayonunu Ermənistana verdi. Ona görə də bu ölkənin tatarları ermənilərin üzərinə hücuma keçdilər".

Əslində, Fransa mediasında yayılan dezinformasiyanı maliyyələşdirən qüvvələr və qurumlar yaxşı bilirdilər ki, Zəngəzurun məhz 1920-ci ilin iyulunda Ermənistana transferi sovet Rusiyasının Azərbaycana qarşı apardığı siyasətin davamıdır.

Gürcü tarixçisi Aleksandr Zaxariadze qeyd edir ki, "həmin il avqustun 10-da Tiflisdə imzalanmış rəsmi müqavilə var ki, Naxçıvan və Qarabağ kimi, Zəngəzur da Azərbaycanın tərkibində qalır. 1920-ci ilin avqust ayında elə bir hadisə baş vermişdi ki, bu gün nə qərb, nə sovet, nə də erməni tarixçiləri onu xatırlamaq istəmirlər".

A.Zaxaridze başqa bir versiya da irəli sürür: "Şübhəsiz ki, daşnak quldur dəstələri bütövlükdə 1920-ci il ərzində Zəngəzura nüfuz etməyə çalışırdılar. Görünür, Zəngəzurun Ermənistana verilməsinə, dövlətlərarası münasibətlərdən daha çox daşnaklarla qızıl ordunun səhra komandirləri arasındakı razılaşma təsir edib".

Qazax bölgəsindən verilən torpaqlara dair

Arxiv sənədləri, sübut edirdi ki, Kremlə yol tapan ermənilər torpaq qoparmaq üçün süni şəkildə vaxtaşırı sərhəd mübahisələri yaradırdılar, hər dəfə də onların istədiyi təmin edilirdi. Bu, aşağıdakı kimi tərtib edilir:

- Ermənistan SSR-in Dilican qəzasının Qulp kəndi ilə Azərbaycan SSR-in Qazax qəzasının II Şıxlı kəndi arasında mübahisəli ərazisi 940 hektar olan Çömçə sahəsi Qulp kəndinə verildi.

- Dilican qəzasının Kökənd kəndi ilə Qazax qəzasının Daşsalahlı kəndi arasında mübahisəli ərazi olan 700 hektar Qaraçöl ərazisi Ermənistan SSR-in Kökənd kəndinə verildi.

- Cənubi Qafqaz MİK-in xüsusi yerli komissiyasının 1924-cü il 8 noyabr tarixli qərarı ilə Ermənistan SSR-in Dilican qəzasının Noraşen, Moseskənd və Aşağı Qızılbulaq kəndləri ilə Azərbaycan SSR-in Qazax qəzasının Qacalı və Əlibəyli kəndləri arasında mübahisəli 753 desyatin (8,2 kvadratkilometr) "Günəş" ərazisi iki hissəyə bölündü.

- Azərbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrım ərazisindəki 4000 desyatinlik (43,7 kvadratkilometr) torpaq sahəsi Ermənistan SSR-in Dilican qəzasının tərkibinə qatıldı.

- Cənubi Qafqaz MİK-in yerli komissiyasının 1929-cu il iyulun 19-20-də keçirilən iclasının qərarı ilə Dilican qəzasının Güney-Xeyrimli kəndi Qazax qəzasının Xeyrimli kəndi ilə birləşdirildi və Ermənistan SSR-in Dilican qəzasının tərkibinə verildi. Bununla da, Qazax qəzasının əhalisi 50 faiz yaylaq torpaqlarından məhrum edildi.

- Azərbaycan SSR-in Cənubi Qafqaz Federasiyasının qonşu respublikaları ilə sərhəd mübahisələri üzrə MİK Torpaq Komissiyasının 1928-ci il hesabatına əsasən, Ermənistan SSR-ə 75904 desyatin (829,2 kvadratkilometr) münbit torpaq və 79208 desyatin (865,3 kvadratkilometr) "yararsız" torpaq verilmişdi.

Cənubi Qafqaz MİK-in 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Qurdqulaq, Horadiz, Xaçık, Ağbın, Ağaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy kəndləri, ona bitişik Suayrıcı silsiləsi və Qərçivan kəndinə qədər olan otlaqlar, habelə Ordubad sahəsinin Qərçivan və Kilid kəndinin torpaqlarının bir hissəsi, Cənubi Qafqaz MİK-in 1938-ci il 5 mart tarixli qərarı ilə isə Sədərək və Kərki kəndlərinin, o cümlədən Şərur qəzasının kəndləri ətrafındakı torpaqların bir hissəsi sovet Ermənistanına verildi.

 Cənubi Qafqaz, xüsusən, Azərbaycan öz resursları etibarilə çar Rusiyası qədər, bəlkə də daha çox Avropanı və ABŞ-ı maraqlandırırdı. Buna görə də qeyd edilən coğrafiyada baş verən bütün proseslərdə birmənalı şəkildə böyük güc mərkəzlərinin geopolitik dəst-xətti var idi.

 Baş verən bütün dözülməz halların, qanunsuz hərəkətlərin və faciəvi proseslərin fonunda bir fakt dayanır: tarixən bütün resurslarını "Şərq siyasəti" strategiyasına səfərbər edən türk-müsəlman torpaqları hesabına özünə ərazi düzəldən çar Rusiyası, eləcə də onun varisi sovet Rusiyası, İslam coğrafiyasında ilk dəfə qurulan və Yaxın Şərq xalqlarına milli dövlət quruculuğunda nümunə olan, ideya verən, Azərbaycan Cümhuriyyətindən qisas alırdı...

 Zəngəzurun iddialı ermənilərə vəd edilməsi, ermənilər üzərində bolşevik hökumətinin qurulmasını asanlaşdırmaq, Azərbaycandan qoparılıb ermənilərə verilməsi isə Azərbaycanı zəiflətmək siyasəti idi. Başqa sözlə, Zəngəzur və digər torpaqlar birmənalı olaraq Ermənistanın sovetləşdirilməsinə qurban verilmişdir. Azərbaycan torpaqlarının Ermənistana verilməsində aborigen müsəlman əhalinin rəyinin ümumiyyətlə nəzərə alınmaması, onların öz ata-baba torpaqlarında təbii insan haqları və ictimai-siyasi hüquqları etibarilə İrəvanın erməni kütləsinə güzəştə gedilməsi, eləcə də Zəngəzurun verilməsi prosesində həm şəxsiyyət suverenliyi, həm xalq suverenliyi, həm də dövlət suverenliyi kobud şəkildə pozulmuşdur. "Sosializm" adı altında Azərbaycan xalqına qarşı aparılan soyqırımı və deportasiya torpaqların Ermənistana verilməsi siyasəti bolşevik-kommunistlərin siyasi terroru, RSFSR-in Azərbaycana qarşı törətdiyi ən kobud və bağışlanmaz dövlət cinayətləridir.

Xalqına, dövlət suverenliyinə qarşı törədilən cinayətlər fonunda pozulan bütün hüquqlarının bərpası, tarixi ədaləti bərqərar etmək Azərbaycan dövlətinin tam hüququdur.

 

Xanlar VƏLİYEV,

Hüquq elmləri namizədi, Əməkdar hüquqşünas.

 

Ruşan RUŞANZADƏ,

Siyasi elmlər namizədi.