Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

"Sputnik Gürcüstan" xəbər agentliyində Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifləri barədə məlumat yayılıb

"BMT Təhlükəsizlik Şurası indi səmərəsizdir və dəyişikliklərə ehtiyac duyur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Xəbər agentliyinin yaydığı məlumatda, həmçinin ölkə başçımıza istinadən vurğulanır ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası indi "dramatik dəyişikliklərə" məruz qalır. Uzun illərdir dünyada müzakirə olunan digər vacib məsələlərdən biri BMT sisteminin islahatı ilə bağlıdır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Ədalətliliyin təmin olunması üçün Təhlükəsizlik Şurasının tərkibi artırılmalı və coğrafi cəhətdən əhatəliliyi genişləndirilməlidir. Agentlik qeyd edir ki, dövlət başçısı Cənubi Qafqaz regionunu BMT mexanizmlərinin səmərəsizliyinə nümunə kimi göstərib: "Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edilsə də, Azərbaycan məsələsində Ermənistan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın dörd qətnaməsinə məhəl qoymadı. Baxmayaraq ki, bu sənədlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu, Birləşmiş Millətlər Təşkilatının yaranmasından bəri dünyada bu cür ilk hadisədir ki, rəsmi Bakı bu qətnamələrin icrasına 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməklə müstəqil şəkildə nail olub".

 

Ceyhan neft kəmərində işlər yenidən davam edir - "Daily Mail"

Britaniyanın "Daily Mail" nəşri Türkiyədəki dəhşətli zəlzələlərdən sonra Azərbaycan neftinin yenidən ixracı ilə bağlı xəbər yayımlayıb. Yazıda qeyd olunub ki, Türkiyənin Ceyhan neft ixrac mərkəzindən Azərbaycan nefti ilə yüklənən "Nordlotus" gəmisi fevralın 6-da regionda baş verən zəlzələlərdən sonra ilk belə yükdür. Türkiyənin dövlət enerji şirkəti BOTAŞ-ın verdiyi açıqlamaya görə, tanker 682,5 min barel neft daşıyıb. Məqalədə, həmçinin baş verən təbii fəlakətlər səbəbindən Şimali İraq və Azərbaycandan xam neft alan Ceyhanda əməliyyatların bir müddət dayandırıldığı da vurğulanıb. Əlavə olunub ki, şirkət fevralın 8-də Ceyhan neft kəmərindən Azərbaycan neftinin yüklənməsi ilə bağlı fors-major vəziyyəti elan etmişdi.

 

İtaliya və Azərbaycanın səmərəli əməkdaşlığı  - "Reuters"

Böyük Britaniyanın ən böyük informasiya agentliklərindən biri olan "Reuters" Azərbaycanın İtaliyaya qaz nəqlini artırması ilə bağlı məlumat yayıb. Xəbərdə İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Ursonun nitqinə yer verilib: "Coğrafi mövqeyinə görə Azərbaycan İtaliya, Avropa və Aralıq dənizi  arasında körpü rolunu oynayır. Bu baxımdan, İtaliya Avropanın enerji mərkəzi missiyasını həyata keçirə bilər". Nazir, həmçinin "Ümid edirəm ki, missiya ölkələrimiz arasında strateji münasibətlərin möhkəmlənməsinə xidmət edəcək", - deyə bildirib. İtaliyanın "Ansaldo Energia" şirkəti ilə Azərbaycanın "Azərenerji" şirkəti arasında Mingəçevir stansiyası üçün dörd kombinə edilmiş dövrəli qaz turbininin tədarükü haqqında müqavilənin imzalanmasını bildirən "Reuters" İtaliyanın Azərbaycan qazını ölkənin cənub-şərqindəki Pugliaya çatdıran Trans-Adriatik boru kəmərinin (TAP) tutumunu 20 milyard kubmetrə qədər artırmağı planlaşdırdığını qeyd edib. Sonda isə Roma Şimali Avropanın Rusiyadan qaz idxalı itkisini kompensasiya etmək üçün mərkəz rolunu oynamaq istədiyini bildirib.

 

Azərbaycan Ermənistanı məhkəməyə verdi -  "The Guardian" yazır...

İngiltərənin məşhur "The Guardian" nəşri Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı məqalə dərc edib. Sözügedən məqalədə Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə ətraf mühitə zərər verildiyinə görə ölkəmiz tərəfindən məhkəməyə verildiyi qeyd olunub. Yazıda, həmçinin beynəlxalq tribunalın işğal dövründə  ətraf mühitin geniş şəkildə məhv edilməsinə dair Azərbaycanın təqdim etdiyi sübutları nəzərdən keçirəcəyi və Ermənistandan təzminat tələbi məsələsi də yer alıb. Bundan başqa, məqalədə BMT-nin Ətraf Mühit Proqramının ötənilki hesabatında Azərbaycanın işğaldan azad edilən ərazilərinin kənd təsərrüfatına yararlı olan torpaqlarında və su idarəetmə sistemlərinə də ciddi ziyan dəydiyi vurğulanıb.

Ən mühüm məqamlardan biri isə dərc olunan yazıda  ermənilərin basdırdığı minalar və onların səbəb olduğu ekoloji problemlərin diqqətə çatdırılmasıdır. Azərbaycan təzminatla yanaşı, Ermənistandan ətraf mühitə ziyan vurmaq məqsədi daşıyan fəaliyyətlərini dayandırmağı da tələb edib.

 

X Qlobal Bakı Forumu: "Dünya bu gün: çağırışlar və ümidlər" - "UNAOC" yazır...

BMT-nin rəsmi UNAOC (United Nations Alliance of Civilizations) hesabı 9-12 mart 2023-cü il tarixlərində Bakıda "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin flaqman tədbirində iştirak etməsi ilə bağlı məqalə dərc edib.

Sözügedən məqalədə qeyd edilib ki, Forumda hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti də daxil olmaqla 400-dən çox iştirakçı bir araya gəlib.  Yazıda, həmçinin Bakı Forumunun tarixindən və Forumda indiyə kimi nə qədər insanın iştirak etdiyi qeyd olunub.

"Respublika".