DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“G7” LİDERLƏRİ UKRAYNA VƏ TAYVANLA ƏLAQƏDAR SƏNƏD QƏBUL EDƏCƏKLƏR

Yaponiya “Böyük yeddilik” (G7) ölkələrilə birlikdə may ayında Xirosimada keçiriləcək sammitin yekunlarına əsasən qəbul edilməsi planlaşdırılan sənədlərin razılaşdırılması prosesinə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “NHK” telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, tərəflər birgə bəyanatın məzmunu üzərində iki istiqamətdə - iqtisadiyyat və regional vəziyyət üzrə işləyirlər. Qarşıdan gələn xarici işlər nazirlərinin görüşləri və “G7” sammiti zamanı əsas müzakirə mövzularından biri Ukrayna ətrafında vəziyyət olmalıdır. XİN rəhbərlərinin aprelin ortalarında keçiriləcək görüşündə buna xüsusi diqqət yetirməsi planlaşdırılır.

Bununla yanaşı, qiymət artımının qlobal iqtisadiyyata təsiri və gələcək addımlar “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin may ayında keçiriləcək sammitdən əvvəl baş tutacaq görüşünün əsas mövzusu olacaq.

Eyni zamanda gözlənilir ki, tərəflər Tayvan ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlar fonunda kritik mallar, ilk növbədə yarımkeçiricilər üçün təhlükəsiz təchizat zəncirlərinin yaradılmasının zəruriliyini təsdiq edəcəklər. Bu iki görüş və yekun sənədlər “G7” liderlərinin birgə bəyanatının əsasını təşkil edəcək.

 

POLŞA AVROPANIN ƏN BÖYÜK QURU ORDUSUNU YARATMAQ QƏRARINA GƏLİB

Polşa Avropanın ən böyük quru ordusunu yaradır. Bu barədə “Teleqraf.com” məlumat yayıb. Verilən xəbərə əsasən, Polşa hökuməti ÜDM-in 4 faizini müdafiəyə xərcləmək niyyətindədir, bu da NATO-nun orta göstəricisindən iki dəfə çoxdur.

Eyni zamanda, Polşanın modernizasiya proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 “HIMARS” raket sistemi, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 “FA-50” döyüş təyyarəsi, həmçinin 96 “AH-64E Apache” helikopterlərinin alınması daxildir.

Məlumata görə, ümumilikdə Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifariş verməyi planlaşdırır. 2023-cü il üçün müdafiə büdcəsi isə maksimum 26 milyard dollardır. Bundan əlavə, Polşa ordusunun sayını iki dəfə artıraraq 300 min nəfərə çatdırmaq niyyətindədir.

 

FRANSANIN KORSİKA DİLİNƏ QADAĞA QOYMASI ADADA ETİRAZLARA SƏBƏB OLUB

Fransanın Korsika adasında korsikan dilinin dövlət idarələrində istifadəsinə məhkəmə tərəfindən qadağa qoyulmasından sonra etirazlar baş qaldırıb. Bu barədə “Trend” agentliyi “The Guardian” qəzetində dərc olunan məqaləyə istinadən xəbər verib.

Məlumata əsasən, qəbul edilmiş qərar Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya böyük muxtariyyət verilməsi haqqında apardığı danışıqların “nəticəsi”dir. Məhkəmə iddiası mərkəzi hakimiyyətin adadakı ali məsul şəxsi olan Korsika prefekti tərəfindən qaldırılıb.

“Korsika naminə” millətçi koalisiyasının liderlərindən biri Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuisin birgə bəyanatında qeyd olunur ki, bu vəziyyəti qəbul etmək ağlasığmazdır. Onlar Korsika dilinin fransız dili ilə yanaşı rəsmi status almalı olduğunu diqqətə çatdırıblar.

“Korsika Fransanın mərkəzi hakimiyyəti ilə gərgin münasibətlərə malikdir, belə ki, milli hərəkatlar on illərdir ki, daha böyük muxtariyyət və hətta tam müstəqillik tələb ediblər”, - deyə məqalədə vurğulanır.

 

KXDR-dən CƏNUBİ KOREYA VƏ ABŞ-a XƏBƏRDARLIQ

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya və ABŞ-ın təlimləri öncəsi ölkənin müdafiəsi ilə bağlı bir sıra tədbirlər qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentlik təsdiq edilmiş tədbirlərin məzmununu açıqlamayıb, lakin ABŞ və Cənubi Koreyanın təxribatlarının qırmızı xəttə çatdığını bildirib.

Bundan əvvəl məlum olub ki, Cənubi Koreya və ABŞ martın 13-də  başlayan və martın 23-dək davam edəcək birgə təlimlər keçirməyi planlaşdırır.

Rəsmi Pxenyan xəbərdarlıq edib ki, Seul və Vaşinqton bu il birgə təlimlər keçirmək planlarını irəli sürsələr, “görünməmiş güclü müqavimətlə” üzləşəcəklər. KXDR onların bu addımını müharibəyə hazırlıq kimi qiymətləndirir.

 

ÇİN LİDERİ UKRAYNA İLƏ BAĞLI SÜKUTUNU POZDU

Çin lideri Si Cinpin müharibə başlayandan bəri ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşrinin məlumat yayıb.

“Çox güman ki, danışıqlar onlayn olacaq. Bu, Si Cinpinin Moskvaya gözlənilən səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verə bilər. Danışıqlar baş tutarsa, bu, Pekinin Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamaq səylərində mühüm addım olacaq. Pekinin bu istiqamətdə əvvəlki addımları Qərb tərəfindən şübhə ilə qarşılanıb”, - deyə məlumatda qeyd olunur.

Eyni zamanda, verilən xəbərə əsasən, Çin lideri Rusiya ilə yanaşı, digər Avropa ölkələrinə də səfər etməyi planlaşdırır. Hazırda səfərin tam marşrutu müəyyən edilməyib.

Bununla yanaşı, Ukrayna tərəfi hələlik iki liderin görüşünün mümkünlüyünü şərh etməyib.

 

ABŞ BANKLARI CİDDİ PROBLEMLƏRLƏ QARŞI-QARŞIYA

Amerika bankları “Silicon Valley Bank”ın (SVB) iflasından sonra ciddi problemlərlə üzləşə bilərlər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, aktivləri Federal Əmanətlərin Sığortalanması Korporasiyası tərəfindən nəzarətə alınan SVB-nin iflası digər bankların da oxşar problemlərlə üzləşə biləcəyi qorxusunu artırıb.

Nəşr vurğulayıb ki, bankın müflisləşməsi kredit təşkilatının vəsaitlərin çıxarılması ilə bağlı müraciətlərə baxılması üçün təcili tədbirlər görməsindən iki gün sonra baş verib.

Eyni zamanda, bankın investisiya aktivlərinin dəyərinin ciddi şəkildə azalması investorlarda şok effekti yaradaraq, səhmlərin kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin vurğulanır ki, irəlidə iflas edən bankın üzləşdiyi problemlər bu sektorun bəzi hissələrinə yayıla bilər. Bununla bağlı ABŞ-ın maliyyə naziri Canet Yellen investorları Amerika bank sisteminin sabitliyinə açıq şəkildə əmin olmağa çağırıb.

 

3D PRİNTERLƏ HAZIRLANMIŞ RAKET KOSMOSA UÇA BİLMƏDİ

“Relativity Space” şirkətinin dünyanın ilk 3D çap raketini kosmosa buraxmaq planı iflasa uğrayıb. Şənbə günü həyata keçirilən sınaq çərçivəsində “Terran 1” adlı raket iki uğursuz cəhd edib. “Trend” agentliyinin məlumatına görə, raketi fəzaya buraxmaq cəhdi havanın pisləşməsi səbəbindən gecikib.

Bu iki uğursuzluğa baxmayaraq, son bir cəhd daha edilib, lakin şirkət “Terran 1”in mühərriklərini alovlandıra bilmədiyini anladıqdan sonra buraxılış cəhdi ləğv olunub.

Məlumata görə, “Terran 1” materiallarının 85 faizi və 10 mühərriki daxil olmaqla 3D printerdə çap edilmiş raketdir. Şirkət “Terran 1” raketini cəmi 60 gün ərzində hazırladığını və xüsusi missiyaların tamamlanmasının təxminən 12 milyon dollara başa gəldiyini açıqlayıb.

Qeyd edilir ki, “Relativity Space” şirkətinin məqsədi kosmik gəminin təxminən 90 faizini 3D çap edilmiş hissələrdən hazırlamaqdır. Raketin yeni buraxılış sınağının nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüatlar hazırda qeyri-müəyyəndir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.