VƏTƏNƏ, DÖVLƏTƏ, XALQA SƏDAQƏT NÜMUNƏSİ
Digər xəbərlər

VƏTƏNƏ, DÖVLƏTƏ, XALQA SƏDAQƏT NÜMUNƏSİ

12 MART Daxili Qoşunlar Yaranması Günüdür

Ulu öndər Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın təcavüzünə qarşı hərbi əməliyyatlara başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü kimi təsis edilib.

Daxili Qoşunların funksiyaları, vəzifələri və fəaliyyətinin əsas prinsipləri 1994-cü ildə qəbul edilmiş "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Daxili Qoşunlar digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində patrul xidməti vasitəsilə ictimai asayişin qorunmasında iştirak edir. Onlar, həmçinin kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyi, mühüm ictimai obyektləri qoruyurlar. Daxili Qoşunların əməkdaşları mühafizə zonasına daxil olan şəxslərin axtarışında və tutulmasında iştirak edir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təchizat Baş İdarəsinin anbarlarının və hərbi hissələrinin mühafizəsini həyata keçirirlər. Onlar qəza, yanğın, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə qanunvericilik əsasında elan edilmiş fövqəladə vəziyyət zamanı insanların xilas edilməsi, itirilmiş əmlakın mühafizəsi və ictimai asayişin qorunması üçün təcili tədbirlər yerinə yetirməklə yerli hakimiyyət orqanlarına köməklik göstərirlər. Daxili Qoşunların əməkdaşları həbs yerlərində kütləvi iğtişaşların qarşısının alınmasına kömək edir, zəruri hallarda Azərbaycan Respublikası ərazisinin mühafizəsini həyata keçirirlər.

Ötən müddət ərzində Daxili Qoşunlar ciddi sınaqlardan mətanətlə keçmişdir. Birinci Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyünü qorumaq üçün aparılan döyüşlərdə Daxili Qoşunların 680 hərbi qulluqçusu şəhid olub, 1178 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. 9 hərbçi "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Daxili Qoşunların hərbi qulluqçuları tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də iştirak edərək şücaət, qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərmişlər. Düşmənlə ağır döyüşlərdə Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olmuş, 346 nəfər yaralanmış, İkinci Qarabağ müharibəsi zamanı döyüş tapşırığını uğurla yerinə yetirmiş 1377 hərbi qulluqçu Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu ənənələri bu gün dövlətimizin yüksək diqqət və qayğısı sayəsində uğurla davam və inkişaf etdirilir. Daxili Qoşunlar yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik, qarşıya qoyulan bütün tapşırıqların, qanunla müəyyən edilmiş vəzifələrin öhdəsindən gəlməyə qadir olan mühüm quruma çevrilmişdir. Ulu öndər Heydər Əliyev ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin əsas struktur bölmələrindən biri kimi Daxili Qoşunların təkmilləşdirilməsinə böyük önəm verirdi.

Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı, tövsiyə və göstərişləri nəticəsində Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirmək iqtidarındadır. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmənin həmlələrinə qarşı həyata keçirilən "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı Daxili Qoşunların şəxsi heyəti bunu bir daha təsdiqlədi.

Dünyanın, o cümlədən Azərbaycanın son yüz ildə ən böyük qlobal problemlərdən biri ilə üzləşdiyi, bəşəriyyətin COVID-19 virusu ilə mübarizə apardığı bir vaxtda Azərbaycan cəmiyyəti xüsusi karantin rejimində yaşayırdı. Bu müddət ərzində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək insanların problemlərinin həllinə böyük köməklik göstərdi.

Ölkə başçısının Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, o cümlədən qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, dəyərli fikir və tövsiyələri həmişə fəaliyyət proqramı kimi qəbul edilmiş, şəxsi heyəti ruhlandırmış, gələcək uğurlar üçün zəmin yaratmışdır. Ali Baş Komandanın dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, hərbi hissələr ən yüksək beynəlxalq standartlara və tələblərə cavab verən texnika, xüsusi vasitə və rabitə sistemləri ilə təchiz olunmuşdur.

Uzun müddətdir ki, Azərbaycanın Daxi

li Qoşunları Türkiyə Jandarma Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Türkiyə Jandarma Qüvvələrinin köməkliyi ilə Daxili Qoşunlarda xidməti-döyüş fəaliyyəti və təlimlər müasir tələblərə uyğun təşkil edilib. Bu baxımdan əldə olunan uğurlarda roluna və təmənnasız köməyinə görə dost və qardaş dövlətin Jandarma Baş Komandanlığının rolunu xüsusilə qeyd etmək yerinə düşər.

Böyük, tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi günlərində şəxsi heyət ölkədə hərbi vəziyyət rejimini etibarlı şəkildə təmin etmiş, bu gün də işğaldan azad edilmiş ərazilərdə öz şərəfli xidmətlərini peşəkarlıqla davam etdirir. Şübhə yoxdur ki, Daxili Qoşunların hərbi qulluqçuları bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması istiqamətində səy və bacarıqlarını əsirgəməyəcək, asayişin, daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlar.

Ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin qorunmasında əvəzsiz rol oynayır və böyük məsuliyyət daşıyır.

Emin QASIMOV,

"Respublika".