GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SARAY MƏHƏMMƏDRZAYİ

1987-ci ildə Savalanın ətəyində yerləşən Xiyav şəhərində dünyaya göz açıb. 2009-cu ildə Qəzvin şəhərindəki İmam Xomeyni Beynəlxalq Universitetini bitirib. 2011-ci ildə Təbriz Universitetində ali təhsilini davam etdirib. Azərbaycan türkcəsini ürəkdən sevən Saray Məhəmmədrzayi ana dilində yazıb yaratmağı heç vaxt unutmayıb. Hekayə və şeirləri türk dilində yayınlanan dərgilərdə çap olunur. Saray Məhəmmədrzayi aydın təfəkkürlü, milli kimlik məsələlərinə həssas yanaşan ziyalılarımızdandır. O, hər zaman bir qadın olduğunu unutmur, qadınsal duyğularını dərindən düşünür və əsərlərində bu məsələlərin poetik ifadəsinə xüsusi önəm verir.

 

Küçə başındakı qocanın

Gözlərindən xəbər al məni

İçimdə bir qatil yaşayır

Səhər çağı oyatmayın onu

Televiziyadakı carçı deyirdi

Dün gecə

Ulduzların sayı az gəlib!

 

Şeir dəftərimin kağızları

Barmaqlarımın qırmızı boyasına boyanır

Güzgüdəki şəkil

Hələ də, göz xətti çəkə bilmir

Yel əsir

Otururam balkondakı səndəldə

Dalğalanır köynəyim

Addımlarım xiyabanın damarlarında qalır

 

ELŞƏN BÖYÜKVƏND

 

1988-ci ildə Muğan şəhərində anadan olub. İlk və orta təhsilini yerli məktəblərdə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Elşən hazırda İstanbul Yeditepe Universitetində siyasət elmləri üzrə ali təhsil almaqdadır. Gənc yazarın bir neçə şeiri ingilis, rus və fars dillərinə çevrilib. Onun bəzi məqalə, esse və şeirləri Bakıda fərqli jurnallarda dərc olunub.

 

Qaçqın sözcüklər

Səhər

Aynalarda

Biz-biz duran sözcükləri sezmədən

Köndələn oturubdur

Əynində ormanları aparan

Sapsız iynə kimidir baxışım

Göyərmir ayaqlarım

Kitablardan qaçqın düşmüş

Yazıların ardınca

Bağcamdakı qısır torpağın

Dodaqsız ağzından

Ağılar söylənir

Və çapar yaslı qadınlar

Yaylıqlarını

Günəş üzünə sancaqlayırlar.

Folklor xalq həyatının

əks-sədasıdır

(əvvəli 7, 8 və 11 mart tarixli saylarımızda)

Bu bayatının Hüseyn Kürdoğlunun baxış bucağından dəyərləndirilməsi dörd misralıq unikal sənətkarlıq örnəyinin özü qədər təsirlidir: "Burada da həmin gözəlin - ("Təbriz üstü Marağa, Zülfün gəlməz darağa, Axtarıram yarımı Düşüb soraq-sorağa" bayatısındakı) "zülfü darağa gəlməyən" ellər qızının obrazı intəhasız xəyallar oyadan sadə sözlərlə ustadcasına həkk edilmişdir. Təbriz üstündəki Miyana, Təbriz kimi gözəl olan, Təbrizə yaraşan Miyana qızılgülə boyanmalıdır! Çünki onun qoynunda bülbül nəğmələri ilə oyanacaq bir gözəl uyumaqdadır. Aşiqin oyatmağa qıymadığı gözəlin gözəl yurdu Miyananın belə şəhərin, ata yurdunun, vətən ocağının gözəli də misilsiz, qənirsiz olmalıdır. Göründüyü kimi, burada aşiqanə məhəbbətlə vətən eşqi, yurd sevgisi eyni simlər üstə köklənmişdir. Təbriz, Marağa, Miyana haqqında işıqlı anımlar doğuran hər iki bayatı nə qədər ənənəvidirsə, o qədər də real, konkret, orijinal və yenidir. Buradakı qədimliklə yenilik bir-birindən ayrılmazdır. Gül-bülbül, aşiq-məşuq ənənəvi obrazları gülə boyanmış Təbrizin, Miyananın, Marağanın gözəlliyi ilə bir bədii vəhdətdə tərənnüm edilmiş, Vətənin ömrü bayatının ömrünə çevrilmişdir...".

Bayatılarda insanın xoş niyyətləri, bir-birinə yaxşılıq etmək missiyasının yamanlıqdan daha gözəl olduğunu ifadə edən misralar da diqqət çəkir.

 

Su axar samanlıqdan

Yol keçər qaranlıqdan

Çalış yaxşılıq eylə

Nə çıxar yamanlıqdan?

 

Qeyd etməyi gərəkli sayırıq ki, Quzey Azərbaycanda yaranmış bayatılar adətən, "Mən aşiq", yaxud "Mən aşıq", "Aşiqəm", "Əzizim", "Əziziyəm", "Eləmi" kəlmələri ilə başlanır. Güney bayatılarında isə nümunələrdən də göründüyü kimi, daha çox sayda bayatılar bu kəlmələrlə başlanmır, ilk misrasındanca birbaşa mətləbə keçilir. Amma Azərbaycanın hər iki tayında yaranmış bayatılarda əsas fikir üçüncü, dördüncü misralarda ifadəsini tapır. Birinci və ikinci misralar son misralar üçün bir növ zəmin hazırlayır. Layla, oxşama, holavar, sayaçı sözləri və mahnılar da çox vaxt xalq yaradıcılığının ən çox yayılan unikal şeir növü - bayatı qəlibində yaranıb. Ancaq bunlar məzmunu, qapsadığı məna baxımından bayatılardan fərqlənir.

Azərbaycan folklor nümunələrinin böyük bir hissəsi özəl olaraq uşaqlar üçün yaradılıb. Uşaq folklor nümunələri həm lirik, həm epik, həm də dramatik növləri əhatə edir. Lirik növə layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyun və tamaşaları daxildir. Janr bölgüsündən də göründüyü kimi, uşaq folklorunun Güney Azərbaycanda formalaşmış şifahi xalq yaradıcılığında özəl yeri var. Ana və nənələrin saf arzularından, səmimi istəklərindən doğan uşaq folklor örnəkləri körpə fidanlar üçün ilk məktəb, belə demək mümkünsə, müəllim olur. Uşaqların sağlam ruhda böyüməsində, onların doğru-düzgün tərbiyə olunmasında, estetik zövqünün, bədii təfəkkürünün formalaşmasında son dərəcə əhəmiyyətli faktor olan laylalar, nazlama, düzgü və yanıltmaclar, həmçinin nağıl və oyunlar Güney və Quzey Azərbaycanda diqqət mərkəzində olmuş, qayğı ilə toplanaraq yayımlanmışdır.

Məişət nəğmələri olan layla və oxşamalar folklorun geniş yayılmış, ən çox işlənən janrlarındandır.

Laylalar anaların, nənələrin körpələri, kiçikyaşlı uşaqları yatırarkən oxuduğu nəğmələrdir. Güney Azərbaycanda yaranmış laylalar, adətən dörd misralı olsalar da, bayatılarda olduğu kimi, bəzən beş, hətta altı misradan ibarət laylalara da rast gəlinir. Məsələn:

Anan tel düzər sənə,

Bacın gül bəzər sənə,

Tanrıdan arzum budur,

Dəyməsin nəzər sənə…

 

Bir bu qədər ağlama,

Ürəyimi dağlama,

Yuxuma daş bağlama.

Lay-lay, oğulum, lay-lay,

Qəndim, noğulum, lay-lay.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.