İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz müəyyənləşib

Martın 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək. 2023-cü ilin ilk qitə birinciliyində ölkəmiz hər 3 güləş növündə təmsil olunacaq.

Yunan-Roma güləşçilərimiz Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yarışın ilk günlərində mübarizə aparacaqlar.

Qadınların yarışında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) ölkəmizi təmsil edəcəklər. Çempionatın son günlərində sərbəst güləşçilərimiz Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) yarışacaqlar.

 

Gimnastımız yarışlarda birinci olub

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib. Azərbaycan gimnastı Nikita Simonov idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb. Kişi gimnastlar arasında halqalar üzrə final mərhələsində çıxış edən təmsilçimiz hakimlərdən 14,633 xal alıb. İran təmsilçisi Mehdi Ahmad Kohani 14,500 xalla ikinci, avstriyalı Vinzenz Hoeck 14,433 xalla üçüncü olub. Kişilər arasında paralel qollar üzrə yarışların finalında filippinli Edriel Karlos Yulo qızıl medal qazanıb. Qadınlar arasında Kolin Devillar dayaqlı tullanma yarışlarının qalibi olub.  Özbəkistanlı Olimpiya çempionu, üçqat dünya çempionu Oksana Çusovitina (13,433 xal) və çinli Linmin Yu (13,383 xal) ilk üçlükdə yer alıblar. Kişilər arasında sərbəst hərəkətlər üzrə final yarışlarında Milad Kərimi birinci olub. Ən yüksək icra xalını toplamış İtaliya və İndoneziya təmsilçilərinə "AGH Trophy" kuboku təqdim edilib.

 

Karateçilərimiz Seriya A turnirində

Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turniri keçiriləcək. Turnirdə 76 ölkədən mindən çox karateçinin iştirakı gözlənilir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır. Yarışda ölkəmizi 10 idmançı - Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimov, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) təmsil edir.

 

Atıcımız Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan atıcısı Ruslan Lunev "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan idmançımız Olimpiadaya lisenziyanı təmin edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".