DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN YENİ MALİYYƏ İLİ ÜÇÜN BÜDCƏ LAYİHƏSİNİ BU HƏFTƏ TƏQDİM EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden cümə axşamı növbəti maliyyə ili üçün büdcə layihəsini təqdim edəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur.

“Cümə axşamı, martın 9-da prezident 2024-cü maliyyə ili büdcəsini təqdim etmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərinə səfər edəcək”, - deyə açıqlamada bildirilir.

Məlumata əsasən, Cozef Bayden “Amerikaya sərmayə qoymaq, amerikalılar üçün qiymətləri aşağı salmağa davam etmək, rifah proqramlarını” gücləndirmək və dövlət büdcəsi kəsirini azaltmaq planları haqqında çıxış edəcək.

Xatırladaq ki, ABŞ prezidenti fevral ayında çıxışı zamanı vurğulamışdı ki, onun təklifləri ölkənin büdcə kəsirini 2 trilyon dollar azaldacaq.

 

İRANDA MƏKTƏBLİLƏRİN KÜTLƏVİ ZƏHƏRLƏNMƏSİNƏ QARŞI ETİRAZLAR BAŞLAYIB

İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qızların naməlum zəhərli maddə ilə kütləvi zəhərlənməsinə görə etiraz aksiyalarına başlayıblar. Bu barədə “Sputnik” informasiya agentliyi “Röyters”ə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib. Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.

Məlumta görə, valideynlər uşaqların ürək bulanması və baş ağrısından şikayətləndiyi bildirir. Naməlum maddədən İranın ayrı-ayrı şəhərlərində 1600-dən çox tələbə qız zəhərlənib. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı vurğulanır.

İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx qeyd edib ki, indiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib.

 

QLOBAL BAZARLARDA DOLLAR ÇATIŞMAZLIĞI MÜŞAHİDƏ OLUNUR

Amerika dollarının nağd pul dövriyyəsində  çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub. “Report”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, ən çox nağd ABŞ dolları çatışmazlığı Şri-Lanka, Nigeriya, Pakistanda müşahidə olunur.

“Şri-Lankada xəstəxanalar əməliyyatları təxirə salır. Nigeriyada beynəlxalq uçuşlar dayandırılıb. Pakistanda avtomobil zavodları bağlanıb. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrinin bəzilərində vəziyyət ağırdır. ABŞ dollarının qıtlığı xammaldan tutmuş dərmanlara qədər hər şeyə çıxışı məhdudlaşdırır”, - deyə agentlik bildirib.

Bununla əlaqədar, Dubaydakı “Tellimer” analitik mərkəzinin inkişaf etməkdə olan bazarlar üzrə strateqi Hasnayn Malik potensial investorların ən riskli ölkələrin iqtisadiyyatlarına investisiya qoyarkən daha diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, yaxın gələcəkdə bu dövlətlər dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.

 

ŞİMALİ KOREYA 123 İLİN ƏN CİDDİ KÜTLƏVİ QİDA QITLIĞI İLƏ ÜZLƏŞİB

Şimali Koreya artıq uzun müddətdir ki, qida qıtlığı ilə mübarizə aparır. “Sputnik” informasiya agentliyinin “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, mövcud vəziyyətlə bağlı bəzi ekspertlər də həyəcan təbili çalıb.

Mütəxəssislər belə hesab edir ki, on illiklərdir ki, ölkədə qida ilə bağlı problemlər yaşanır, hazırda isə Şimali Koreya 1990-cı ildən bəri ilk dəfədir ki belə kütləvi qida qıtlığı ilə üzləşib və təcili addımlar atılmazsa, vəziyyət daha da acınacaqlı olacaq.

BMT-nin məlumatına görə, hələ “COVID-19” pandemiyasından əvvəl Şimali Koreya əhalisinin təxminən yarısı kifayət qədər qida qəbul etməmiş hesab edilirdi. Sərhədlərin üç il bağlı qalması isə vəziyyəti daha da pisləşdirib.

Cənubi Koreyanın Kənd Təsərrüfatı üzrə İnkişaf Agentliyi yaydığı hesabatda bildirir ki, Şimali Koreyanın ötən il məhsul istehsalı əvvəlki illə müqayisədə 4 faiz az olub, daşqın və əlverişsiz hava şəraiti də vəziyyəti pisləşdirib.

Eyni zamanda, bildirilir ki, mütəxəssislər vəziyyətdən çıxış yolunu Şimali Koreya sərhədlərinin açılmasının vacibliyində, ticarət əlaqələrinin yenidən bərpasında görür.

 

TÜRKİYƏ RƏSMİSİ: QƏRB ÖLKƏLƏRİ “TAXIL SAZİŞİ”NƏ MANE OLMAĞA ÇALIŞIR

Qərb ölkələri Rusiyaya “taxıl sazişi”nin həyata keçirilməsinə mane olmaqda davam edəcək. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan bildirib.

“ABŞ və onun Qərb tərəfdaşları Rusiyanın “taxıl sazişi” də daxil olmaqla hər hansı gəlir əldə etməsini çətinləşdirməyə davam edəcəklər. Lakin bu, humanitar məsələdir, ona görə də BMT bu sazişin bütün sanksiyalardan qorunması üçün səyləri davam etdirməlidir. Bu, neft və ya silah ixrac etmək kimi deyil. İnsanların həyatı bundan asılıdır”, - deyə Çağrı Erhan vurğulayıb.

Türkiyə rəsmisinin sözlərinə görə, Ankara taxıl və gübrələrdən tamamilə asılı olan Afrika ölkələri üçün sövdələşmənin müddətinin uzadılması üçün hər cür səy göstərir.

 

PENTAQON ÇİN ISTEHSALI YÜK KRANLARINI “TROYA ATI” ILƏ MÜQAYISƏ EDIB

ABŞ rəsmiləri Çin istehsalı yük kranlarının Pekin tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyindən getdikcə daha çox narahat olmağa başlayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, Çin istehsalı olan kranlar Amerika kəşfiyyat xidmətlərinin və hərbçilərin nümayəndələrini ciddi şəkildə narahat edir. Xüsusilə, Pentaqon Amerikanın bəzi limanlarında quraşdırılmış yük kranlarını “Troya atı” ilə müqayisə edib.

Nəşr qeyd edir ki, bu texnika yük konteynerlərinin mənşəyi və təyinat yerini izləməyə imkan verən qabaqcıl sensorlarla təchiz edilib. Pentaqonun istifadə etdiyi limanlarda bir neçə kran quraşdırılıb. Hərbçilər Pekinin ABŞ hərbi təchizatlarının hərəkətini izləmək üçün kranlardan istifadə edə biləcəyindən ehtiyat edirlər.

Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin keçmiş direktoru Bill İvanin bildirib ki, Çin kranlarını uzaq məsafədən də idarə etmək mümkündür: “Bu, kəşfiyyat məlumatlarının toplanmasının arxasında gizlənə bilən qanuni biznesin mükəmməl birləşməsidir”.

Bununla yanaşı, Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi isə “paranoyanın yaratdığı” bu cür qorxuları ticarət-iqtisadi əməkdaşlığa təsir etmək cəhdi adlandırıb.

 

CƏNUBİ KOREYA SİLAH SATIŞINDAN 17 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDİB

Cənubi Koreyanın silah ixracı ötən il 140 faiz artaraq 17,33 milyard dollar təşkil edib. “Report” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatı başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib.

Məqalədə vurğulanıb ki, 12,4 milyard dollarlıq müqavilə ilə Polşa ötən il Cənubi Koreya silahlarının ən böyük müştərisi olub. Cənubi Koreya istehsalçıları Varşava üçün tanklar, haubitsalar, döyüş təyyarələri və reaktiv yaylım atəşi sistemləri ixrac edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2,8 faiz payla səkkizinci yerdə qərarlaşıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.