Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb
Digər xəbərlər

Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb

Arbitraj prosesi mübahisələrin məhkəmədənkənar və ya alternativ həll üsullarından biridir. Bu üsul XXI əsrdə beynəlxalq səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Bəzən proses məhkəmə sisteminin bir hissəsi kimi başa düşülsə də, əslində bu,belə deyil. Çünki tərəflərin mübahisələrini bu yolla həll etməsi işə məhkəmə sistemindən kənarda baxılması anlamına gəlir. Bundan başqa, prosesdə iştirak edənlər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və tətbiq ediləcək qaydaları seçmək hüququna malikdirlər. Sözügedən üsul Azərbaycanda da tətbiq edilir. Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində, o cümlədən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində aparılan islahatlar da dövlətimizin dünya iqtisadi məkanına və beynəlxalq hüquqa inteqrasiyasına münbit zəmin yaratmışdır. Bu il fevalın 27-də Azərbaycanın Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başlatması da bütün bunların təzahürüdür. Ölkəmiz tərəfindən Ermənistana təqdim edilən Arbitraj Bildirişində namərd düşmənimizin qanunsuz işğalı dövründə dövlətimizin enerji resursları üzərində suveren hüquqlarının pozulması qeyd olunmuşdur. Buna görə Azərbaycan Ermənistandan təzminat və maliyyə kompensasiyası da tələb etmişdir. Əslində,  dövlətimiz tərəfindən bu üsula əl atılması heç də səbəbsiz deyil. Belə ki, xain düşmənimiz vahid qaydalar yaradılması yolu ilə energetika sahəsində hüquqi normaların gücləndirilməsinə, bütün iştirakçı hökumətlər tərəfindən bu qaydalara riayət edilməsi və energetika sahəsində investisiya, ticarət ilə bağlı risklərin minimuma endirilməsinə yönələn Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını pozmuşdur. Özgə malına göz dikən tülkülər dövlətimizin enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hərəkət etmişlər. Ölkəmizin su ehtiyatlarının 25 faizinin Qarabağda cəmlənməsi düşməni bura daha çox maraq göstərməyə vadar etmişdir. Danılmaz faktdır ki, ərazi su elektrik enerji istehsalı üçün optimal məkandır. Ermənilər 1994-cü ildə Sərsəng Su Anbarını və Tərtər SES-i ələ keçirmiş, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 icazəsiz su elektrik qurğuları tikmişdir. Xainlərin qanunsuz əməlləri bunlarla məhdudlaşmır. Torpaqlarımızı işğal etdiyi dövrdə Ermənistan İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədəninin qanunsuz istismarı ilə də məşğul olmuşdur. Bundan başqa, Ermənistanın Yevlaxı Naxçıvan ilə birləşdirən mövcud enerji tranzit qurğularını da sıradan çıxarması nəticəsində Naxçıvanın qaz təchizatı kəsilmişdir. Bütün bu qanunsuz əməllərə Azərbaycan göz yummadı.

Nəzrin ELDARQIZI,

“Respublika”.