İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib

Martın 9-dan 12-dək Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında ölkəmizi dörd idmançı təmsil edəcək - Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov.

Qeydiyyat siyahısına əsasən yarışlarda 49 ölkədən 170 idmançının iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.

 

Güləşçilərimiz iki medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri çərçivəsində ilk medalçılar müəyyənləşib. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq) həlledici görüşdə türkiyəli rəqibinə (1:4) məğlub olaraq gümüş medala yiyələnib. İbrahim Yusubov (92 kq) bürünc medal uğrunda görüşdə moldovalı rəqibindən üstün olub (6:1). Elis Manolova (62 kq) A qrupunda ABŞ-ın iki güləşçisinə rəqib olub. Turnirə martın 5-də yekun vurulacaq.

 

Gimnastımız Qətərdə üçüncü olub

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb. İyirmi yeddi yaşlı idmançımız halqalarla hərəkətlərin icrasında üçüncü olub.

 

Cüdoçumuz turniri üçüncü pillədə başa vurub

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz dörddəbir final mərhələsində yerli idmançı Dostan Ruziyevə məğlub olub. İdmançımız təsəlliverici görüşdə Özbəkistanın digər idmançısına qalib gəlib. Bürünc medal uğrunda görüşə vəsiqə qazanan təmsilçimiz gürcüstanlı rəqibinə qalib gələrək "Böyük dəbilqə" turnirini üçüncü pillədə başa vurub.

Nərgiz İSMAYILOVA,

"Respublika".