DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DÖVLƏT DEPARTAMENTİ: ABŞ RUSİYA İLƏ YENİ TƏMASLAR PLANLAŞDIRMIR

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş Hindistanda keçirilən “G20” nazirlərinin toplantısı çərçivəsində 8 dəqiqə davam edib və rəsmi Moskva ilə bundan sonra belə təmaslar gözlənilmir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

“Bu, səkkiz dəqiqəlik, kifayət qədər qısa bir təmas idi. ABŞ belə qısa ünsiyyətin Rusiyanın yaxın gələcəkdə və ya indiki mövqeyini dəyişdirə biləcəyi ilə bağlı heç bir illüziyaya sahib deyil”, - deyə mətbuat katibi vurğulayıb.

Eyni zamanda, jurnalistlərin Rusiya ilə gələcək təmasların mümkün olub-olmaması ilə bağlı sualına cavabında Ned Prays bildirib ki, “ABŞ yaxın gələcəkdə hər hansı yüksək səviyyəli təmas gözləmir”. O, həmçinin əlavə edib ki, Vaşinqton “həmişə dialoqa açıqdır”.

Məlumat üçün qeyd edək ki, iki ölkənin xarici siyasət rəhbərləri Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ilk dəfə üz-üzə gəliblər.

 

MERAL AKŞENERİN PARTİYASI “ALTILI MASA” BLOKUNU TƏRK EDIB

Türkiyənin əsas müxalifət partiyalarından biri olan İYİ Partiya 6 partiyanın yaratdığı bloku tərk edib. “Report” agentliyinin “TRT”yə istinadən verdiyi xəbərə görə, bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin deputatı Meral Akşener jurnalistlərə açıqlamasında qeyd edib.

Meral Akşenerin sözlərinə görə, “Altılı masa” adlanan blok prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib. O deyib: “Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

Eyni zamanda, M.Akşener əlavə edib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.

CHP sədri Kamal Kılıçdaroğlu isə məsələyə münasibət bildirərək deyib: “Heç narahat olmayın. Bütün daşlar yerinə oturdulacaq. Yolumuza davam edəcəyik”.

Xatırladaq ki, “Altılı masa”nı müxalif Cümhuriyyət Xalq, Səadət, Demokrat, DEVA, Gələcək və İYİ partiyaları birlikdə yaratmışdı.

 

BU ÖLKƏ RUSİYA-UKRAYNA MÜHARİBƏSİNƏ GÖRƏ TƏZMİNAT İSTƏYİR

Banqladeş Rusiya-Ukrayna müharibəsinə görə özü üçün təzminat tələb edir. “Report”un “CNBC” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Hindistanda keçirilən “G20” sammiti zamanı Banqladeşin xarici işlər naziri Əbdül Momen bəyan edib.

XİN başçısının sözlərinə görə, müharibə xüsusilə enerji mənbələrinin çoxunu idxal edən Banqladeş kimi ölkələr üçün böyük qlobal iqtisadi təsirlərə səbəb olub. Nazir həmçinin bildirib ki, Ukraynadakı müharibədən gəlir əldə edən şirkətlər hərbi əməliyyatlardan zərər çəkmiş zəif inkişaf etmiş ölkələrə kompensasiya ödəməlidir.

“Bu müharibədə bəzi şirkətlər, o cümlədən enerji və müdafiə şirkətləri böyük gəlirlər əldə edirlər. Ona görə də biz iddia edirik ki, artıq mənfəət əldə edən şirkətlər qazanclarının azı 20 faizini bizim kimi daha çox zərər çəkən ölkələrə göndərməlidir”, - deyə Əbdül Momen əlavə edib.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə xüsusilə enerjisinin böyük hissəsini idxal edən Banqladeş kimi ölkələr üçün əhəmiyyətli qlobal iqtisadi nəticələrə malikdir. Xarici işlər nazirinin sözlərinə görə, Banqladeşin enerjisinin təxminən 95 faizi idxal olunur.

 

DÜNYADA KARBON QAZI TULLANTILARI REKORD SƏVIYYƏYƏ ÇATIB

Dünyada enerji istehsalı hesabına karbon qazı tullantılarının həcmi 0,9 faiz artaraq 36,5 giqaton təşkil edib ki, bu da rekord göstəricidir. “Trend”in verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında qeyd olunur.

Məlumata əsasən, ekspertlər əsas səbəblər arasında ekstremal hava şəraitini, o cümlədən dünyanın bəzi regionlarında quraqlıq və anomal istiləri, eləcə də atom elektrik stansiyalarının dayandırılmasını misal çəkirlər.

Eyni zamanda, tullantıların artımı pandemiyadan sonrakı dövrdə fəal aviadaşımaların bərpası ilə əlaqələndirilir. Həmçinin şəhərlərin çoxu ucuz enerji mənbəyi kimi kömürdən istifadəyə keçib.

Yeni rekorda baxmayaraq, artım gözlənildiyindən daha az olub. Ekspertlər bunu bərpaolunan enerji mənbələrinə və elektriklə  hərəkət edən nəqliyyata kütləvi keçidlə əlaqələndirirlər.

 

ÇİN AMERİKANI NÜVƏ TƏHLÜKƏSİNİN ƏSAS MƏNBƏYİ ADLANDIRIB

Rəsmi Vaşinqton Pekini nüvə təhlükəsi mənbəyi kimi təqdim etməyə çalışır, lakin ən böyük təhlükə ilk növbədə ABŞ-dır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

XİN rəsmisi bildirib ki, Pekinin nüvə gücünün artırılması haqqında ifadələr Vaşinqtona arsenallarının genişləndirilməsi, həmçinin hərbi hegemonluğun qorunması üçün bəhanə olaraq lazımdır. O, son illərdə ABŞ-ın nüvə üçlüyünü aqressiv şəkildə modernləşdirdiyini, Çinin isə balanslı mövqe tutduğunu qeyd edib.

“ABŞ dünyanın ən böyük nüvə təhlükəsi mənbəyidir”, - deyən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu riskləri azaltmaq, eləcə də qlobal və regional sülhü qorumaq üçün tədbirlər görərək təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.

Xatırladaq ki, martın 2-də Mao Nin Vaşinqtona müraciət edərək, xarici şirkətlərə təzyiqləri dayandıraraq bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmətlə yanaşmağa səsləyib.

 

“FRANSIZ AFRİKASI” SİYASƏTİ YERİNİ BALANSLAŞDIRILMIŞ TƏRƏFDAŞLIĞA VERİR

Keçmiş Afrika koloniyaları üzərində Parisin qeyri-rəsmi qəyyumluğunu nəzərdə tutan “Fransız Afrikası” siyasəti yerini yeni balanslaşdırılmış tərəfdaşlığa verir. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Qabona səfəri zamanı bəyan edib.

“Bizim Qabonda ortaq tariximiz var və bunu gizlətməyək. “Fransız Afrikası” dövrü başa çatdı”, - deyə dövlət başçısı vurğulayıb.

Makron Parisin Qabonun daxili siyasətinə təsir göstərməyə çalışmadığına və bu səfərinin yalnız ölkəyə və onun xalqına dostluğunu, eləcə də hörmətini göstərmək məqsədi daşıdığını iddia edib.

Məlumat üçün qeyd edək ki, “Fransız Afrikası” - Fransanın keçmiş müstəmləkələri və ya bəzi Afrika dövlətləri üzərində qeyri-rəsmi qəyyumluq sistemidir. 1960-cı illərdə müstəmləkə sisteminin dağıdılmasından sonra formalaşıb. İkitərəfli razılaşmalar nəticəsində Fransa həm Afrikanın mineral ehtiyatlarını, həm də yerli bazarları mənimsəmək üçün “müstəsna hüquq” əldə edib.

 

DÜNYANIN İLK SÜNİ İNTELLEKT HÖKUMƏT MÜŞAVİRİ TƏQDİM EDİLİB

Rumıniya dünyanın ilk süni intellekt hökumət müşavirini təqdim edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Ölkənin baş naziri Nikolae Çuke Nazirlər Kabinetinin iclasında İON adlı yeni məsləhətçisini təqdim edərək deyib: “Robot dünyada süni intellektlə işləyən ilk hökumət müşaviridir. Hesab edirəm ki, süni intellektdən istifadə seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək üçün zərurətə çevrilməlidir”.

Böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik olan robot Rumıniya alimləri tərəfindən hazırlanıb. O, sosial şəbəkələri nəzərdən keçirəcək və cəmiyyətin ehtiyac və problemləri ilə bağlı məlumat toplayacaq. Daha sonra toplanan məlumatları dövlət siyasətinin həyata keçirilməsi üçün səlahiyyətli orqanlara ötürəcək.

Eyni zamanda, Rumıniyanın tədqiqat və innovasiyalar naziri Sebastyan Burduya süni zəkanın məlumatları təhlil edəcəyini və baş nazir üçün rumınların istək və təkliflərindən ibarət hesabat hazırlayacağını bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.