DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİNİN TARİXİ DƏYİŞMƏYƏCƏK

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bəyan edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

“Ümid edirəm ki, bu xalq mayın 14-də lazım olanı edəcək. Dediyimiz hər şeyi etməyə və etdiyimiz hər şeyin hesabını verməyə borcluyuq”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda “Areda” Sorğu Mərkəzinin Türkiyə vətəndaşları arasında keçirdiyi sorğunun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan hazırda ölkədəki seçkiqabağı yarışda liderdir. Belə ki, əhalinin 49,8 faizi ona səs verməyə hazır olduğunu təsdiqləyib. Müxalif Xalq Cümhuriyyət Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə 21,7 faizlə ikinci yerdədir.

Məlumata əsasən, müxalifət hələlik öz namizədini irəli sürməyib. Müxalifətin vahid namizədi martın 2-də 6 partiyanın iştirak etdiyi “Altılıq Masası” blokunun son toplantısında müəyyən ediləcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

 

YUNANISTANDA BAŞ VERƏN QATAR QƏZASINDA ÖLƏNLƏRİN SAYI ARTIB

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yaralananların sayı isə 85 nəfər təşkil edib. “Report” agentliyinin verdiyi xəbərə görə, Afina-Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının üç vaqonu relsdən çıxaraq aşıb və yanıb.

Məlumata əsasən, tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib. Bəzi şahidlər qatarların toqquşmasının çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər.

Qəzadan sonra hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 polis patrul maşını cəlb olunub.

Bununla yanaşı, Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri Kostas Karamanlis qatarın qəzaya uğramasından sonra istefa verdiyini açıqlayıb. Nazir məsuliyyəti üzərinə götürməyi özünə borc bildiyini qey d edib.

 

ABŞ-IN “QİYAMƏT GÜNÜ” TƏYYARƏSİ HAVAYA QALXDI

ABŞ Avropaya “Qiyamət günü” təyyarəsi göndərib. Təyyarə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının cavabdeh olduğu ərazidə əməliyyat keçirir. “Teleqraf.com”un verdiyi xəbərə görə, “E-6B Merkury” fevralın 28-də Avropaya enib.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “E-6B Merkury” təyyarəsi Avropa Komandanlığının məsuliyyət zonasında fəaliyyət göstərən İslandiyaya gəlib”, - deyə ABŞ Qüvvələrinin Avropa Komandanlığı açıqlamasında bildirilir.

Qeyd edək ki, “E-6B Merkury” Amerika hərbi strateji komandanlıq və nəzarət təyyarəsidir. Bu, qitələrarası ballistik raketlərin daşıyıcısı olan strateji nüvə raketləri ilə əlaqə üçün nəzərdə tutulub. Söhbət hər biri nüvə başlıqlı 24-ə qədər “Trident II D5” raketi daşıya bilən sualtı qayıqlardan gedir.

 

RUSİYA ÇİNİN TƏLƏBATınA BAXMAYARAQ HİNDİSTANA NEFT TƏDARÜKÜNÜ ARTIRIR

Rusiya, Çindən daxil olan tələbata baxmayaraq, Hindistana maksimum miqdarda neft tədarükünü davam etdirir. Fevral ayında Hindistan Rusiyadan gündə təxminən 1,85 milyon barrel neft idxal edib. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Kpler” analitik şirkətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqı və ABŞ-ın sanksiyalarının tətbiqinə qədər Hindistan praktiki olaraq Rusiya neftini almırdı. “Kpler”in aparıcı analitiki Viktor Katon vurğulayıb ki, fevral ayında Rusiyanın ölkəyə idxalı potensial maksimuma yaxın artaraq gündəlik 2 milyon barrel olub.

Ekspert əlavə edib ki, Çin koronavirusa qarşı “sıfır dözümlülük” siyasətindən imtina etdikdən sonra “Rusiya neftinin bütün ixracını sözün əsl mənasında ala bilər”. Agentlik bildirib ki, Rusiya Hindistan bazarını əlində saxlamaq istəyir, çünki bu, sərfəlidir və neft satıcılarına tədarükləri daha yaxşı idarə etməyə şərait yaradır.

 

NATO-NUN BAŞ KATIBI:RUSİYA MÜDAFİƏ XƏTTİNƏ ÇOXLU SAYDA QOŞUN YIĞIR

“Rusiya Ukraynada hərbi əməliyyatları gücləndirməyə hazırlaşır. Hazırda Baxmuta yeni hücum davam edir, Rusiya hərbçiləri bu istiqamətdə çoxlu güc və vəsait sərf edirlər”. “Teleqraf.com”un xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Litvanın “LRT” telekanalına müsahibəsində bəyan edib.

“Rusiya Ukraynanın müdafiə xəttinə Birinci Dünya müharibəsindən bəri görmədiyimiz sayda qoşun yığır”, - deyə baş katib əlavə edib.

Bununla yanaşı, Yens Stoltenberqin sözlərinə görə, rəsmi Moskva daim daha böyük müharibəyə və yeni hücum əməliyyatlarına hazırlaşır. Məhz bu məqsədlə ordu səfərbər olunur, silahlar alınır və istehsal olunur.

“Rusiya Federasiyası İran və Şimali Koreya ilə əlaqələri gücləndirir, Belarus isə artıq uzun müddətdir ki, Rusiyanın Ukraynaya qarşı hücumu üçün platformaya çevrilib”, - deyə baş katib vurğulayıb.

 

İSRAİL İKİ SAHƏDƏ AVROPA İTTIFAQINA YARDIM EDƏCƏK

İsrail Ukrayna ətrafındakı hadisələr fonunda Almaniya və digər Avropa İttifaqı ölkələri ilə energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq etməyə hazırdır. “Report” agentliyinin məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Eli Koen almaniyalı həmkarı Annalena Berbok ilə Berlindəki danışıqlardan sonra bildirib.

Məlumata əsasən, İsrail XİN başçısının sözlərinə görə, Ukraynadakı vəziyyət təhlükəsizlik və energetika ilə bağlı Avropa ölkələri üçün siqnal olub. Eli Koen əlavə edib ki, İsrail bu sahələrdə vacib oyunçudur və cari vəziyyətdə Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

“Biz bilik və bacarıqlarımızı, imkanlarımızı dostlarımızla bölüşmək istəyirik, Almaniya isə ən yaxşı dostlarımızdan biridir”, - deyə İsrailin XİN başçısı vurğulayıb.

Eyni zamanda, Eli Koen İsrailin raket hücumu ilə bağlı erkən xəbərdarlığın ağıllı sisteminin hazırlanmasında Ukraynaya kömək edəcəklərini diqqətə çatdırıb. Qeyd edək ki, diplomat bu bəyanatı Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdən sonra vermişdi.

 

İLON MASK YENİDƏN DÜNYANIN ƏN VARLI ADAMI OLUB

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi amerikalı sahibkar İlon Mask yenidən dünyanın ən zəngin adamı adını qazanıb. “Teleqraf.com”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, İlon Maskın sərvəti 187,1 milyard dollara çatıb.

Məlumata əsasən, “Tesla” şirkətinin səhmləri 5,5 faiz artaraq 207,63 dollara yüksəlib. Bununla da dünyanın ən böyük lüks brendlər qrupunun sahibi “Louis Vuitton”nun rəhbəri 73 yaşlı fransız iş adamı Bernard Arnonu dünyanın ən varlı adamı titulundan məhrum olub. Onun sərvəti hazırda 185,3 milyard dollar qiymətləndirilir.

“Tesla” səhmləri yanvarın 6-dan bəri təxminən 70 faiz artıb. Çünki investorlar iqtisadi güc əlamətləri və faiz artımının yavaşlaması fonunda riskli səhmlərə üstünlük veriblər. Bəzi “Tesla” modellərinə edilən endirimlərdən tələbatın artması da şirkətin səhmlərinin yüksəlməsinə təsir edib.

Qeyd edək ki, 2022-ci ildə İlon Mask dünyada 200 milyard avro itirən ilk insan olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.