Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Digər xəbərlər

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Heydər Əliyev 1970-1980-ci illərdə - Azərbaycanın inkişaf etdiyi bir dövrdə yeni yaşayış əraziləri ilə böyüyən Bakı şəhərinin sərnişin-nəqliyyat sistemində problemlərin həll olunmasında ən doğru yolu metropolitenin inkişaf etdirilməsində görürdü.

"Metropoliten bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Nəyə görə? Birincisi, sərnişinləri mənzil başına çox yüksək sürətlə çatdırır. İkincisi, təhlükəsizlik tamamilə təmin olunur. Üçüncüsü və ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir, hər bir insanın istifadə etmək imkanı olan nəqliyyat vasitəsidir", - deyən ulu öndər Heydər Əliyevin sayəsində həmin illərdə Bakı Metropoliteninin tikintisində başlanan böyük canlanma da bunu təsdiq edir. 1970-ci ildə "Ulduz", 1972-ci ildə "Məşədi Əzizbəyov" ("Koroğlu"), "Avrora" (Qara Qarayev), "Neftçilər", 1976-cı ildə "Nizami" metro stansiyalarının tikintisi və açılışı Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən dünyanın sənət, memarlıq incilərindən sayılan "Nizami" metro stansiyası Ulu Öndərin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsi olmuşdur.