İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Stolüstü tennisçilərimiz Portuqaliyada

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edirlər. Fevralın 25-dən martın 3-dək Portuqaliyanın Vila Real şəhərində təşkil olunan "WTT Youth Contender Vila Real 2023" yarışına iki idmançımız qatılıb. Ölkəmizi Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edirlər. Fevralın 25-dən 27-dək qızlar şəxsi turnirdə, fevralın 28-də isə qarışıq-qoşa yarışlarda mübarizə aparacaqlar.

Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda iştirak edəcəklər.

 

Qılıncoynadanlarımız turnirdə uğurla çıxış ediblər

Yeniyetmə və gənc qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən açıq turnirdə iştirak ediblər. Gənclər arasında sablyada Təranə Məmmədli bürünc, şpaqada Dilək Məmmədova qızıl, Mirnuray Abbasova bürünc, şpaqada Fuad Qurbanov bürünc medala sahib olublar. Yeniyetmələrin yarışında sablyada Nurlan Zeynallı qızıl, Murad Muradov və Daniel Verstakovas bürünc, sablyada Təranə Məmmədli qızıl, Leyla Əhmədova gümüş, Fatimə Kərimova bürünc, şpaqada Orxan Həsənli qızıl, Emin Səfərbəyov gümüş, Aydın Qədirov bürünc, şpaqada Yasmin Şevçenko qızıl və Mirnuray Abbasova bürünc medal qazanıblar.

 

"Mahir nişançı" güllə atıcılığı üzrə yarış keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Xətai rayonunda yerləşən 265 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə "Mahir nişançı" güllə atıcılığı üzrə yarış keçirilib.

11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan, 2 qız) ibarət olub. Tədbir iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar. Tədbirin münsiflər heyətinin tərkibi hərbi hazırlıq müəllimlərindən ibarət olub.

Nəticələrə görə I yerə Xətai rayon komandası, II yerə Sabunçu rayon komandası, III yerə Qaradağ rayon komandası layiq görülüb.

 

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

İyirmi yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Yığmamız B divizionunun C qrupunda çıxış edəcək. Azərbaycanın U-20 komandası Kosovo, İsveç, Ukrayna və Gürcüstanla mübarizə aparacaq. Yarış iyulun 7-16-da Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".