DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ ZELENSKİ ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında fevralın 24-də telefon danışığı baş tutub. Bu barədə “Trend” agentliyi Türkiyə mətbuatına istinadən xəbər verib.

Məlumata əsasən, dövlət başçıları Türkiyədə baş verən zəlzələlər və bir ili tamam olan Rusiya-Ukrayna müharibəsi haqqında danışıqlar aparıblar.

Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə dəstək göstərən Ukrayna prezidentinə minnətdarlığını bildirib.

Türkiyə prezidenti, həmçinin, bir ili tamam olan Rusiya-Ukrayna müharibəsində atəşkəs və danışıqlar istiqamətində həll yolları və barışığa nail olmaq üçün əllərindən gələn hər cür köməkliyi göstərməyə hazır olduqlarını ifadə edib.

 

JOZEP BORREL İRANI SƏRT ŞƏKİLDƏ TƏNQİD EDİB

“İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Narahatçılığımızı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirsək də, nəticə əldə edə bilməmişik”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“İranın Rusiyanı silahla təmin etməsi ilə bağlı narahatlığımı hər fürsətdə dilə gətirirəm. İran hökuməti insan haqlarına hörmət etmir, ölkədə daxili repressiyalar və ölüm cəzasını tətbiq edir”, - deyə ali nümayəndə vurğulayıb.

Eyni zamanda, Jozep Borrelin sözlərinə görə, digər tərəfdən İranın Rusiyanı silahla təmin etməklə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə kifayət qədər əməkdaşlıq etməmək kimi ciddi nöqsanları mövcuddur.

“Mən həm İranın xarici işlər nazirinə və digər rəsmilərinə dəfələrlə bu barədə narazlığımı bildirmişəm. İran hökuməti beynəlxalq hüququn norma və prinsiplərini pozur və bu qəbulolunmazdır”, - deyə Jozep Borrel əlavə edib.

 

BÖYÜK BRİTANİYA KƏŞFİYYATI RUSİYANIN YENİ PLANLARINI AÇIQLAYIB

Rusiya Ukraynaya qarşı münaqişədə yeni mərhələyə başlayıb və bu ölkənin gücünü tükətməyə çalışır. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Böyük Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.

Eyni zamanda, kəşfiyyatın məlumatına görə, Rusiyanın Ukraynanı ələ keçirmək və hökuməti devirmək planları iflasa uğradığı üçün indi öz qüvvələrini Donbas və ölkənin cənubunun işğalında cəmləyib.

Bununla yanaşı, qeyd edilir ki, hazırda Rusiya müharibənin aparılmasına münasibətini yenidən dəyişib və yeni mühüm əraziləri ələ keçirməyə deyil, Ukrayna qoşunlarını tükətməyə yönəlib.

Kəşfiyyat məlumatlarına əsasən, Rusiya rəhbərliyi resurslar və əhali baxımından üstünlüyü hesabına qalib gələ biləcəyinə ümid edərək uzunmüddətli müharibə aparmağı planlaşdırır.

 

AMERİKALI MİLYARDER OFİSİNDƏ ÖLÜ TAPILIB

Amerikalı milyarder və maliyyəçi Tomas Li ölü tapılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, 78 yaşlı milyarderin intihar etdiyi iddia olunur.

Eyni zamanda, ABŞ mediası qeyd edir ki, maliyyəçinin meyiti Manhettendəki ofisində tapılıb.

Milyarderin ailə dostu Maykl Sitrik hadisəni belə şərh edib: “Dünya Tomas Lini özəl kapitalın qabaqcıllarından biri və uğurlu iş adamı kimi tanısa da, biz onu sadiq ər, ata, baba, qardaş, dost və xeyriyyəçi kimi tanıyırdıq. Başqalarının ehtiyaclarını öz ehtiyaclarından daha yüksək bilirdi”.

Bununla yanaşı, “Forbes” nəşrinin məlumatına görə, Linin sərvəti 2 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, rusiyalı milyarderlərin “intihar” hadisələri son bir ildə ənənəyə çevrilib. Amerikalı milyarderin intiharı isə təəccüblü sayıla bilər.

 

ÇİNİN  UKRAYNA BÖHRANININ HƏLLİ PLANI

Çin Ukrayna böhranının siyasi həlli üçün təkliflər dərc edib. “Report” xəbər verir ki, müvafiq sənəd Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Məlumata görə, Çin tərəfinin təklif etdiyi nizamlanma planında ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət çağırışı da daxil olmaqla 12 bənd var.

Həmçinin sənəddə vurğulanır ki, tanınmış beynəlxalq qanunlara, o cümlədən BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ciddi riayət etmək lazımdır, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü səmərəli şəkildə təmin edilməlidir.

Eyni zamanda, bütün tərəflər beynəlxalq münasibətləri tənzimləyən əsas qaydaları birgə dəstəkləməli və beynəlxalq ədaləti qorumalıdır. Beynəlxalq hüquq ikili standartlar olmadan bərabər və vahid şəkildə tətbiq edilməlidir.

Sənəddə qeyd olunub ki, bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına əldə edilə bilməz.

Çin həmçinin tərəfləri atəşi tezliklə dayandırmağa və birbaşa dialoqu bərpa etməyə çağırır. Çin Xarici İşlər Nazirliyi hesab edir ki, danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur.

 

İSVEÇ VƏ FİNLANDİYANIN NATO ÜZVLÜYÜNƏ MACAR DEPUTATLARDAN ETİRAZ

Türkiyənin PKK terror təşkilatına sığınacaq verdiyinə görə qarşı çıxdığı İsveç və Finlandiyanın NATO üzvlüyünə macar deputatlar da etiraz ediblər. “Teleqraf.com” xəbər verir ki, deputatlar bu ölkələrin siyasətçilərinin son illər Macarıstanı əsassız və kobud şəkildə təhqir etdiklərini diqqətə çatdırıblar.

Hakim Macarıstan Vətəndaşlar Birliyi Partiyasının (Fidesz) parlament fraksiyasının rəhbəri Mate Koçiş partiyasında İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı fikir ayrılıqlarının olduğunu bəyan edib.

Mate Koçiş bildirib ki, baş nazir Viktor Orban İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəkləsə də, “Fidesz” deputatları bu məsələdə fikir ayrılığına malikdirlər: “Ciddi müzakirələr gedir. Bir çox deputatlar etiraz edirlər ki, bu ölkələrin siyasətçiləri son illərdə Macarıstanı əsassız və kobud şəkildə təhqir ediblər və indi də özlərinə qarşı yaxşılıq istəyirlər”.

 

İRANDA ETİRAZÇILARA TİBBİ YARDIM EDƏN HƏKİM POLİS İDARƏSİNDƏ QƏTLƏ YETİRİLİB

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “RadioFarda” yayıb.

Bildirilir ki, həkim şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İbrahim Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılsa da, ikinci dəfə polis bölməsində döyülərək qətlə yetirilib.

Verilən xəbərə əsasən, məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü təsdiqləyib.

Bununla yanaşı, qeyd edilir ki, gənc həkimin Zahidanda keçirilən etiraz aksiyaları zamanı yaralananlara tibbi yardım etdiyi bildirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.