Səninləyik, Türkiyə!..
Türk dünyası

Səninləyik, Türkiyə!..

Acın acımız, kədərin kədərimiz, sevincin sevincimizdir

O gün Bakının İdman Sarayının qarşısında böyük qələbəlik vardı. Havanın soyuq, küləkli olmasına baxmayaraq, sarayda izdiham yaşanırdı. Yox, heç bir idman tədbiri keçirilmirdi. Bakı sakinləri bağlamalarla binaya daxil olur, hər kəs imkanı daxilində yardımını edirdi: kimi yorğan-döşək, kimi isti geyim, kimi əlcək, papaq, şərf, kimi də uşaq bezi gətirmişdi... Üzlərdə kədər, gözlərdə yaş gilələri donub qalmışdı. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına start verilmişdi. Birliyin üzvləri Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən kampaniya çərçivəsində Türkiyənin zəlzələdən zərərçəkmiş vilayətlərində ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayır, qablaşdırır və qardaş ölkəyə çatdırırdılar...

Yardım gətirənlər üzüntülü görünürdülər, hər kəs qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verir, onların kədərini öz acıları kimi hiss etdiklərini bildirirdilər. Kədərli, hüznlü idilər, çünki bir ağacın iki qolundan biri zədələnmiş, bir ananın iki oğlundan birinin elinin-obasının başını qara buludlar almışdı. İndi danışmaq yox, kömək etmək zamanı idi. Saraya axışanların isə ardı-arası kəsilmir, yardımlarının ehtiyac duyan qardaş-bacılarına daha tez çatdırılması üçün tələsirdilər. Ata-babalarımızın bizə miras qoyub getdiyi birliyin, qardaşlığın gücünü bir daha dünyaya nümayiş etdirmək istəyirdilər. Ulu öndərlərimiz Heydər Əliyevin, Mustafa Kamal Paşanın narahat ruhları bir qədər rahatlıq tapması üçün Azərbaycan yenə də ayağa qalxmışdı: "Biz səninləyik, Türkiyə!", - deyə hayqırırdı...

Zəlzələ. Bu sözü eşitmək belə qorxuludur. Zəlzələ dağıntı, fəlakət, ölüm-itimdir. Müharibədən də betərdi zəlzələ. Yer kürəsində ən yüksək dağları, böyük gölləri yaratmaq gücündə olan bu təbiət hadisəsinin nə vaxt baş verəcəyini qabaqcadan müəyyənləşdirmək hələ ki, elm qarşısında çətin bir sual kimi durur. Odur ki, dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər dağıntılarla yanaşı, çox sayda insan tələfatına da səbəb olur. Adətən, zəlzələlər seysmoloji cəhətdən aktiv zonalarda baş verir. Fevralın 6-da Türkiyədə zəlzələnin baş verdiyi bölgə isə seysmoloji cəhətdən nisbətən sakit hesab edilir, lakin zəlzələnin episentrinin nisbi seysmik sakitliyinə baxmayaraq, Türkiyənin cənubunda və Suriyanın şimalında keçmişdə də dağıdıcı zəlzələlər baş verib. Məsələn, Suriyanın ikinci ən böyük şəhəri olan Hələb tarixən bir neçə dəfə böyük zəlzələlər nəticəsində dağılıb.

ABŞ-ın Geoloji Xidməti tərəfindən budəfəki zəlzələnin maqnitudası 7,8 (Mww) olaraq ölçülüb. Zəlzələnin mərkəzi Qaziantep vilayətinin qərbində, Suriya ilə sərhədə yaxın olub və Türkiyədə indiyə qədər qeydə alınmış ən güclü zəlzələ hesab edilir.

Beləliklə, 2023-cü il 6 fevral Türkiyə tarixinə faciə kimi yazıldı. Bu, həm də Azərbaycanın faciəsi idi. Faciə baş verən ilk saatlardan Azərbaycan Prezidenti müvafiq göstərişlərini verdi, ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti lazımi avadanlıqlar və axtarış itləri ilə bərabər Türkiyəyə yola salındı. Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə göndərildi. Bundan başqa, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyəyə yola salındı. 2-3 gün ərzində, daha dəqiq desək, 6-9 fevral tarixlərində 8 təyyarə və 24 yük avtomobili ilə humanitar yardım göndərildi.

Fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlət başçımızın tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Türkiyəyə genişmiqyaslı yardıma başladı. Bütün xalq ayağa qalxdı, varlı-kasıb demədən hər kəs qardaş və bacılarımıza yardım etməyə tələsdi. Ölkənin paytaxt Bakı daxil olmaqla, bütün bölgələrində yardım toplama məntəqələri yaradıldı və insanlar könüllü şəkildə bu məntəqələrdə yardımların toplanması, çeşidlənməsi, qablaşdırılması və göndərilməsi işində fəal iştirak etdilər. Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərir.

Eyni zamanda, birinci xanım Mehriban Əliyevanın göstərişilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar edir.

Fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan isə deyib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!". Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardım aksiyasına qoşulmasına, göndəriləcək yardımlara görə minnətdarlıq edən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: "Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!".

Zaman ötəcək, yaralarımız qaysaqlanacaq, Türkiyə dirçələcək və bundan sonra da ölkələrimiz işıqlı gələcəyə doğru qoşa addımlayacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".