SƏRİŞTƏLİ KADRLARA TƏLƏBAT  PEŞƏ TƏHSİLİNİN VACİBLİYİNİ ÖNƏ ÇIXARIR
Digər xəbərlər

SƏRİŞTƏLİ KADRLARA TƏLƏBAT  PEŞƏ TƏHSİLİNİN VACİBLİYİNİ ÖNƏ ÇIXARIR

Peşə təhsilinə yüksək qayğı keyfiyyətli istehsalatın inkişafını stimullaşdırır. Texnologiyanın sürətli inkişafı ilə yeni reallıqlar yaranıb ki, onlardan biri də düzgün ixtisas seçimini həyata keçirib əmək bazarında özünə yer tapa bilməkdir.

Heç kəsə sirr deyil ki, süni intellektin idarə etdiyi istehsalat sahələrində artıq əl əməyindən istifadəyə əsasən ehtiyac qalmır, işçi sayı məhdud olur. Ona görə də deyə bilərik ki, günümüzdə əmək bazarı daha çox aqressivdir. İndi sahibkarlar, işəgötürənlər rəqabətə davam gətirə bilmək, keyfiyyətli məhsullarla bazarı əldə saxlamaq üçün işə qəbul zamanı daha çox yüksək hazırlıqlı kadr axtarışındadırlar desək, yanılmarıq. Yüksək hazırlıqlı, bacarıqlı kadrların hazırlanması üçün ən uyğun təhsil pilləsi məhz, peşə təhsilidir. Azərbaycan Respublikasında da peşə təhsili təhsil siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu sözləri Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov bizimlə həmsöhbət olarkən bildirdi. Direktor peşə təhsilinin inkişafına bir neçə il öncə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə yeni nəfəs gəldiyini bildirdi, idarəçilikdə səmərəliliyin artırılması üçün nazirliyə tabe olan ayrıca Agentliyin yaradılmasını olduqca mühüm strateji addım adlandırdı. Qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmana əsasən yaradılmış və əsasnaməsi təsdiq edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinin qısa zamanda əldə etdiyi uğurları inqilabi nəticələr hesab etmək olar.

Tovuz Peşə Liseyində kadr hazırlığı prosesinə toxunan Nicat Göyüşov istehsalat təlimi və təcrübəsi işinə rayonun idarə-müəssisələrinin, habelə özəl sahibkarlıq obyektlərinin yaxından dəstək verdiklərini dedi. Qeyd etdi ki, peşə təhsili təhsilin o pilləsidir ki, burada əsasən təcrübi biliklər mühüm rol oynayır. Yaxın gələcəkdə nəzərdə tutulmuş yenidənqurma, tikinti işlərinin aparılması bölgənin peşə təhsili imicini kökündən dəyişəcək, çünki maddi-texniki baza sarıdan güclü emalatxanaları, müasir avadanlıqları olan peşə təhsili müəssisələrində təcrübi biliklərin verilməsi daha asan olur. Hazırda biz bu işi həm əvvəlki illərin texniki avadanlıqları ilə təchiz edilmiş emalatxanalarda, həm də müqavilə bağladığımız işəgötürənlərin maddi-texniki bazalarından istifadə etməklə həyata keçiririk. Liseyimizdə kənd təsərrüfatı, nəqliyyat, sənaye, turizm və xidmət sektorunun 20 ixtisasını əhatə edən 26 qrupda kadr hazırlığı aparırıq. Təhsil alanlarımızın peşəkar hazırlığı ilə 54 nəfər müəllim, 25 nəfər istehsalat təlimi ustası olmaqla, 79 nəfərlik mühəndis-pedaqoji heyət məşğuldur.

Tovuz Rayon İcra Hakimiyyəti başda olmaqla, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi, "Azərişıq" ASC-nin Tovuz rayon bölməsi, rayonun Telekommunikasiya İdarəsi, müxtəlif xidmət və sənaye sahələrini əhatə edən sahibkarlıq obyektləri də rəqabətqabiliyyətli kadr hazırlığı prosesinə dəstək vermək və gələcəkdə öz müvafiq vakansiyalarını peşəkarlara həvalə etmək məqsədilə praktiki işdə bizə köməkləri dəyir. Biz bu işin daha da genişlənməsində, daha çox müəssisənin prosesə cəlb olunmasında maraqlıyıq. Əlbəttə ki, işəgötürənlərlə yaxın təmas gələcəkdə məzunlarımızın işlə təminatına böyük təkan verir. Təlim və təcrübə zamanı özünü doğruldan kadrlarımızın, məzunlarımızın sonradan təcrübə keçdiyi müəssisələrə işə qəbulu zamanı da bunun şahidi oluruq. Çalışırıq ki, dövlətin yaratdığı bu imkanlardan daha yaxşı yararlanaq.

Vəli VƏLİYEV,

"Respublika".