MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3, 4, 5, 7, 8, 9, 10 və 11 fevral tarixli saylarımızda)

Alban elləri özünü xarici təcavüzlərdən, xüsusilə Rum təcavüzlərindən qorumaq üçün birləşdilər. Bu hadisələrin ən mühümü eradan əvvəl 65-ci ildə məşhur Rum sərkərdəsi Pompeyin albanlara qarşı hücumudur. Bu hücumda təcrübəli, intizamlı və böyük Rum ordusu albanlar üzərində qələbə çaldı. Lakin rumlular qadınları belə silahlanıb döyüşlərdə iştirak etmiş, albanların cəsarət və iradəsinə üstün gələ bilmədilər. Müharibədə əsir düşənlərin yarısı həmin qəhrəman alban qadınları idilər. Habelə qeyd etdiyimiz kimi, Əskani şahı I Vonun zamanında miladi 9-cu ildə Roma sərkərdəsi Lukol Albaniyaya hücum etdikdə xalqın ciddi müqaviməti ilə rastlaşmışdı. Təbiidir ki, bu müqavimətlər ayrı-ayrı alban elləri, tayfa və soylar deyil, yalnız vahid birləşmiş bir qüvvə - dövlət tərəfindən ola bilərdi.

Romalılar miladdan sonra yenə də Albaniyaya soxulmuşlar. Lakin heç bir vaxt istədikləri nəticəni ala bilməmişlər. Məsələn, Bakının yaxınlığında olan Qobustandakı sal daşda qazılmış bir anıt göstərir ki, miladi 80-90-cı illərdə rumluların 12-ci ildırım saçan ordusunun bir dəstəsi oradan ötmüş və alban xalqının müqaviməti ilə rastlaşmışdır. Çünki ordunun buradan keçməsi yalnız bu daşda qalmış və tarixdə bu və ya başqa bir hadisə qeyd olunmamışdır.

Albanlar təkcə rumlular deyil, bəzi Əskani şahları da torpaqlarına basqın etdikdə onlara qarşı döyüşmüş və vətənlərindən qovub çıxarmışlar. İstər albanlar, istərsə atropatenlilər təkcə rumluların deyil, eyni zamanda şimalda Dərbənd və Daryal (Daryol) keçidlərindən keçib gələn müxtəlif ellərin də təcavüz və talanlarına məruz qalmış və onlara qarşı müqavimət göstərmişdilər. Bunlardan biri də alanların basqını idi. Guya Azovun şimalında yaşayan alanlar miladi 72-74-cü illərdə Dərbənd yolu bağlı olduğu üçün Daryal keçidindən keçərək İberiya torpaqlarına, Ermənistan, Albaniya və Atropaten ərazisinə basqınlar etmiş, 3 il bu ölkələri talayıb dağıtmışlar. Alanların hər biri keçdikləri yerlərin ayrıclarında bir daş ataraq uca təpə düzəldirdilər ki, gələcəkdə onlardan yadigar qalsın, bilinsin ki, onların sayı nə qədər imiş. Alanların Atropaten ölkəsinə ən dağıdıcı və dəhşətli yürüşləri miladi 72 və 74-cü illərdə baş vermişdir. Alanların 2-ci yürüşü miladi 135 və ya 136-cı illərdə olmuşdur.

Tarixdən də məlum olduğu kimi alanlar miladdan sonra I-II əsrlərdə Şimali və hətta Cənubi Azərbaycana - Atropatenə basqın edib dərhal və ya 2-3 üç il sonra qayıdıb getmişlər. Bu isə o deməkdir ki, basqınlardan əvvəl bu yerlərdə el, oba, insan, dövlət, mədəni həyat, mal, sərvət, şəhər, mal-qara, mütərəqqi yaşayış və tanınmış bir cəmiyyət olmuş və alanlar onun şöhrətini eşitmiş, Azov dənizinin şimalından Qara dəniz sahilləri ilə dar yoldan keçərək buraya talançılıq məqsədilə gəlmişlər. Demək, alanların basqını əvvəla, albanların dilini dəyişə bilməz, ikincisi isə bu basqınlar göstərir ki, ondan qabaq albanların yüksək mədəniyyətləri olmuşdur.

E.ə. I və II YÜZİLLİKDƏ ALBANİYADA HÖKUMƏT

Keçmiş fəsillərdən bilirik ki, sakalar, maskutlar və ya isquslar Şimali Azərbaycana gəlib eradan əvvəl VII əsrdən bu ərazidə hökumət qurmuşlar. Bu tarixdən əvvəl Albaniyada hökumət barədə dəqiq fikir söyləmək mümkün olmasa da, tarixçilərin qəti fikrinə görə eradan əvvəl II yüzillikdə Albaniyada vahid hökumət olmuşdur.

Albaniyanın bu hökumətinin, daha doğrusu xalqın və mütəşəkkil hərəkatın başında qədimdən türk ellərində hakim olmuş, ibtidai demokratiya, ağsaqqallıq, yəni el başçıları, əyanlar, ağsaqqallar durmuşdur. Bu başçıların bəzilərinin adları günümüzə qədər gəlib çatmışdır. O cümlədən, "ris (Urus), Kusis və Zuber adlarını göstərmək olar ki, biz onların haqqında izahat vermişik və onların hamısı xalis türk adları olmuşlar. Bu hökumət miladi I yüzillikdən Arşakilər sülaləsi şəklinə düşmüş və miladi V yüzilliyin ortalarına qədər davam etmişdi. Strabon da bu hökumətin varlığını təsdiq etmiş və yazmışdır: "Qabaqlar hər birinin ayrıca dili olan xalqın öz hökmdarı var idi. İndi isə hamının üzərində bir nəfər hökmrandır". Eradan əvvəl I yüzillik, ümumiyyətlə Azərbaycan xalqının istər Şimali, istərsə Cənubi azərbaycanlıların Roma təcavüzkarlarına qəhrəmancasına sinə gərib müqavimət göstərdiyi əsrdir. Çünki bu yüzillikdə xalqımız Roma sərkərdəsi Lukolos, Pompey və Antonyosa qarşı qəhrəmancasına müqavimət göstərmiş, bəzən onlara öldürücü zərbələr də vurmuşdur. Bu müqavimətlər istər şimal, istərsə cənubda xalqımızın təşəkkülü, dövlət və hökumətə malik olmasını göstərən amillərdir. Bu birlik xaricdən, hətta yuxarı və hakim təbəqələrdən qaynaqlanmır, geniş xalq kütlələrinin varlığından, xalqın milli və etnik birliyindən doğulmuşdur. O vaxta qədər Azərbaycanda kök və etnik cəhətdən əsasən vahid, lakin ləhcə cəhətdən müxtəlif və bir-biri ilə əlaqəsi zəif olan ellər, tayfalar və soylar yaşayırdı. Onların nə vahid hökuməti, nə də vahid siyasi sistemi var idi. Əcnəbilərə qarşı göstərdiyimiz bu birlik xalqımızı vahid bir millət kimi formalaşdırdı.

Bunlar açıq şəkildə göstərir ki, həm Cənubi, həm də Şimali Azərbaycanda ləhcələri bir-birindən fərqlənən müxtəlif soylar, ellər vahid ünsiyyət vasitəsi olmadan və bir-biri ilə qaynayıb-qarışmadan bu müqavimətə malik ola bilməzdilər. Yəni onlar öz dillərini saxlamaqla bərabər vahid ünsiyyət dilinə də malik olmuşlar.

Tarixdən məlumdur ki, Roma sərkərdəsi Lukolos Ermənistan şahı ilə döyüşmək üçün oraya hücum etmişdi. Qədim tarixçi Plotark yazır ki, ermənilərin müttəfiqi kimi alban şahı da onların köməyinə gəlmişdir. Plotarkın dediyinə görə, Araz sahili vadisinin köçəriləri də erməni şahının köməyinə gəlmişdilər. Şübhəsiz, Araz vadisindən gələnlər heyvandarlıqla məşğul olmuşlar, lakin köçəri deyildilər. Onlar yay və qış Araz vadisində yaşayır, yaylaq, qışlaq edər və yerli əhali hesab olunardılar. Əgər, köçəri olsaydılar ötəri olaraq bu yerlərdən keçməliydilər. Nə qonşuları olardı, nə də qonşu tanıyardılar. Harda qalsın ki, qonşunun köməyinə yetmələri. Həmçinin, köçəri olsaydılar vəziyyəti ağır gördükdə dərhal ordan uzaqlaşardılar. Bu ellərin rəsmi şahları olmamışdı. Plotark yazır: "Şahları olmayıb Araz sahilində öz sürülərini otaran bir çox soylar da gəldilər". Yəni onlarda qədim türklərdə olmuş el qanunları, el başçılığı və soy birliyi olmuşdur. El basçısı nə məsləhət görərdisə hamı ona tabe olardı.

Ermənistanı zəbt edən Roma ordusu böyük sərkərdə Pompeyin başçılığı altında qələbə çalır və qalib halda albanları tabe etmək üçün Albaniya torpaqlarına yürüş edir. Bir neçə döyüşdə albanlar romalılara ağır itki verir, özləri məğlub olsalar da, romalıları geri qayıtmağa, oranı da Ermənistan kimi zəbt və tabe etmək fikrindən vaz keçməyə vadar edirlər. Albaniyadan vaz keçib oranı tərk etməyə məcbur edən ən mühüm amillərdən biri romalıların o vaxta qədər bu məntəqədə nadir təsadüf etdikləri albanların cəsarəti, igidliyi, döyüşkənliyi və qəhrəmanlıqları olmuşdur. Təkcə albanların igid oğlanlarının deyil, hətta qızları və qadınlarının da onlarla çiyin-çiyinə romalılara qarşı döyüşməsi romalılar və Pompeyi dərin fikrə və heyrətə qərq etmişdi. Pompeyin hərbi səfərlərini hadisələri qələmə almış tarixçi bu barədə yazmışdır: "Əmanət və əsir götürülmüşlər sırasında kişilərin yarısından az olmayan qadınlar da var idi".

Həmin eradan əvvəl I əsrdə Roma imperatorluğu Antonyos zamanında da Cənubi Azərbaycan xalqının igidliyi ilə unudulmaz zərbəyə məruz qaldı. Miladi I əsrdə də romalılar Albaniya ərazisini tutmağa can atmışlar. Lakin yenə də heç bir nəticə əldə edə bilməmişlər. Bu təşəbbüslərin birinin yadigarı Qobustanda olan yazılı daşdır ki, bunu miladi 90-cı ildə Dumisiyanın göndərdiyi 12-ci ildırım saçan legionun sərkərdəsi qazdırmışdır. Roma tarixindən məlum olur ki, məşhur zalım Roma imperatoru Neron da Albaniyaya yürüş etmək fikrində olmuşdur. Lakin ölüm ona bu imkanı verməmişdir.

Bu yüzilliklərdə bəzən Aşkanilərin təzyiqi altında romalılarla ittifaq bağlamaq məcburiyyətində də olmuşlar. Ümumiyyətlə, bu yüzilliklərdə albanlar öz müstəqilliklərini qoruyub saxlamışlar.

Alban adı tarixdə aran kimi qeyd olunmuşdur. Miladi 2-ci yüzillikdə bu ada az-çox rast gəlirik. Sonrakı qaynaqlarda isə daha çox təsadüf olunur.