Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Əziz Nesin

"Heç olmasın məzar daşımız, bir məktəb bağçasına gömsünlər bizi, uşaqlar qaçışsın üstümüzdə", - deyərdi Türkiyənin dünyaşöhrətli yazıçısı, publisisti və dramaturqu Əziz Nesin... O, bu dünyadan məzarsız getdi. Bəlkə də yaratdığı ölməz satirik əsərlərin hər zaman onun mənəvi məzarı sayılacağını əvvəlcədən bilirdi...

İstanbulda kasıb bir ailədə dünyaya göz açan yazıçının atası bağban idi. Kasıbçılıq ucbatından 3 yaşlı bacısının ölümü balaca Əzizi o qədər sarsıtmışdı ki,  o gündən hər şeyə inamını itirmişdi. İllər sonra "Mən göz yaşlarının içindən keçib gəldim, ağrı-acılarım məni satira yazarı elədi", - deyəcəkdi böyük ustad...

Çoxları onu Əziz Nesin kimi tanısa da, əsl adı Mehmet Nüsret olub. "Bəs niyə "Nesin" soyadı" - soruşanlara isə belə demişdi: "Bizim dövrümüzdə hər kəs soyadını özü seçməliydi. İnsanların natamamlıq kompleksi üzə çıxdı: dünyanın ən xəsis adamı "Əliaçıq", ən qorxağı "Ürəkli", ən tənbəli "Çalışqan" soyadını götürdü. Bir müəllimimiz vardı, elə astagəl idi ki, bir saata adını güclə yazırdı. O da "Çevikəl" oldu. Beləcə,  gözəl soyadlar "yağmalandı". Öz-özümə dedim: "Aziz, sen kimsin, nesin? Elə bu soyadı da götürdüm. İstədim ki, hər dəfə soyadımı eşidəndə nə olduğumu, kim olduğumu düşünüb özümə gəlim".

Həyatda kimsədən qorxmazdı böyük ustad. Bir çoxlarının yuxusunu qaçıran satirik əsərlər yazan yazıçı, açıqsözlü biri olduğundan dilinin bəlasına düşüb 9 ay həbs cəzası da almışdı.

Əziz Nesin güldürürdü, çünki sarsılırdı, əzab çəkirdi. Ağlaya bilmədiyi vaxtlarda dəli bir qəhqəhə çəkirdi.  Əzab çəkərək güldürmək onun ən böyük qəhrəmanlığı idi bəlkə də. Sual vermişdilər: "Necə edirsiniz ki, bu qədər yaza bilirsiniz? Sizin də ilham pəriləriniz var?". Cavab vermişdi: "Mənim ilham pərilərim yox, ilham cadugərlərim var. Onlar durmadan qulağıma pıçıldayırlar: haydı, durma, yaz, durma, yaz". Ən gözəl şeir riyaziyyatdır deyərdi yazıçı... "Hesab edirəm ki, Yer üzündə "iki dəfə iki dörd edər"dən gözəl şeir yazılmamışdır".

Sevgilərdən yazırdı Əziz Nesin. Onun fikrincə, eşq müqəddəs idi, sevənlərə ilan qıymazdı, sevənləri ildırım vurmazdı. Ölümdən qorxanlar sevgiyə sığınmalıydı. "Ölüm sevənlərə qıymaz", - deyirdi yazıçı... Amma sevgidə heç bəxti gətirmədi onun. Birinci arvadını "çağrılmamış qonaqla" tutan yazıçı,  ədəbiyyatçı Meral Çelenlə həbsxanada nişanlanıb, ikinci dəfə ailə qursa belə 12 ildən sonra onunla da yollarını ayırmışdı.

Bütün həyatı və yaradıcılığı ilə Türkiyədə böyük olay yaradan ədib, ölümü ilə də hamını mat qoydu. Kitablarının imza günündə ürəktutması səbəbindən həyatla vidalaşan 79 yaşlı yazıçı vəsiyyət etmişdi ki, ona dəfn mərasimi təşkil edilməsin. Yazıçının fikrincə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi.

Ehtimal olunur ki, bütün ömrünü qalmaqallar içərisində keçirən satirik yazıçı məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. Ona görə də vəsiyyətinə uyğun olaraq, İstanbulda yerləşən vəqfin bağçasında 7 çuxur qazılır və onun nəşi bunlardan birinə qoyulur və bu da yalnız bircə adama bəlli idi...

O, vəsiyyətində yazırdı: "Mən insanın ruhunun varlığına inanmıram. Demək, məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə filan, çiçək də qoyulmasın. Ona görə ki, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürüməsinə acıyıram...".

 

 

Yuli Sezar

Qədim Roma dedikdə ilk olaraq  Yuli Sezar yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib.

Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz "yoldaşlarından"  biri də İsgəndərin kiçik mərmər büstü olub...

Deyilənə görə,  Sezar zadəgan ailəsində doğulub və troyalıların nəslindən imiş. Onun şəxsiyyət kimi inkişafına 15 yaşında ikən atasının erkən ölümü təsir  edib. Buna görə yeniyetmənin tərbiyəsi və təhsili tamamilə anasının çiyninə düşüb.

Sezarın siyasi fəaliyyətə Mariy və Sullanın mübarizəsi dövründə başlamışdı. Mariy ilə qohum olan Sezar bu qohumluqdan imtina etmək təklifini rədd etmişdi. Onu labüd ölümün pəncəsindən yalnız nüfuzlu dostları xilas etmiş və Sezar Romanı tərk etməyə məcbur olmuşdu. Yolda dəniz quldurlarına əsir düşsə də,  pul verib azadlığa çıxan Sezar  xaraba bir şəhərdən keçərkən belə demişdir: "Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim".

Məşhur Roma imperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: "Ah, Afrika, mən səni qucaqlayıram", - demişdir.

Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.

Sezar döyüşçülərinin onu Tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.

Onun 35 xəncər zərbəsi nəticəsində ölümü Roma tarixində görünməmiş bir hadisə kimi qəbul edilmişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan 55 yaşlı  Sezarın  taxtında qətlə yetirilməsi xalq üçün toy-bayram idi...

 

 

Tomas Yunq

İngilis fiziki, həkim və astronomu Tomas Yunq... Bəşəriyyət tarixində yetişmiş elm dahilərindən biri olan Yunq İngiltərənin kiçik Milverton şəhərində anadan olub. Onun yaradıcılığı da  kiçik yaşından elm aləmində irəliləməsi kimi təəccüblüdür...

İki yaşında cəld oxumağı bacaran Yunq, dörd yaşında ikən bir çox ingilis yazıçılarının əsərlərini və latın dilində olan  bəzi şeirləri  əzbərdən bilirmiş. 6 yaşında ədəbiyyat oxumuş, 8 yaşında isə yer ölçmə məsələləri ilə maraqlanmış, hündürlük və məsafələri təyin etməyi öyrənmişdir. 9 yaşından 12 yaşına qədər  Kompton pansionunda professor Tomsonun yanında yaşayan gələcəyin dahisi bu dövrdə Roma və Yunan klassiklərini, fransız, italyan və s. dillərini öyrənmişdir. 14 yaşlı Yunq  10-a qədər dil bilirmiş. Botanika və təbabətlə də  maraqlanan dahinin bu sahələrdə xidmətləri böyükdür.

Fizikaya "Enerji" terminini birinci dəfə Yunq daxil etmişdir. O, elmin bir çox sahələrinə: mexanika, optika, akustika, istilik, fizioloji optika, texnologiya, astronomiya, gəmiqayırma, geofizika, təbabət, botanika, zoologiya və s. aid əsərlər yazmışdır.

Yunq musiqi nəzəriyyəsini çox gözəl bilirmiş və demək olar ki, bütün musiqi alətlərində sərbəst ifa etməyi bacarırmış. Onun elmi xidmətlərindən biri işığın interferensiya prinsipini kəşf etməsidir. O, birinci olaraq ağ işıq spektrində qırmızı rəngin dalğa uzunluğunun 0,7 mkm, bənövşəyi rənginki isə 0,42 mkm olduğunu hesablamışdır. Bununla o, spektrometriyanın başlanğıcını qoymuşdur. Təbiətdə olan cisimlərin özünəməxsus rənglərdə görünməsinin səbəbini Yunq izah etmişdir.

Çox təvazökar və ağır təbiətli biri olan fizik insanlarla ünsiyyət qurmağı sevməyib. Daim özünə qapanan Yunq qadınlarla da münasibət qurmaqda çətinlik çəkib. Qonşuluğunda yaşayan Eliza Maksvel adlı xanımla evlənən 31 yaşlı  dahi fizikin heç vaxt övladı olmayıb. Ömrünün sonuna qədər xanımına  sadiq olan  Tomas Yunq 55 yaşında ürəktutması səbəbindən dünyasını dəyişib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".